• cümə, 29 Mart, 15:19
  • Baku Bakı 14°C

Fəlsəfə - təəccüb, maraq və heyranlıqdır

04.07.16 11:40 2300
Fəlsəfə - təəccüb, maraq və heyranlıqdır
Hamımız bu və ya digər formada uşaqlarla ünsiyyətdəyik. Başqa sözlə, hər gün hələ ki inşa edilən bir dünya ilə ünsiyyətdə oluruq. Yəni, böyük ümidlərlə bağlandığımız bu balaca dünyalarla iç-içəyik, eyni zamanda nəhəng bir məsuliyyətin altına çiynimizi vermişik. Demokratiyanı canlı saxlamağın ən vacib yolu vətəndaşların ayıq-sayıq olmasıdır, dünya irəliləyərkən yatmamasıdır! Hər an diqqətli olmalıyıq, lazım olan anda oyanmasaq, demokratiya ya ümumiyyətlə, formalaşmaz, ya da batıb-gedər. Yatdığımız hər an əleyhimizədir, gələcək təhlükədədir. Məsələn, günümüzün Fransası yuxuda və təhlükədədir.
Hər zaman ayıq-sayıq olacaq vətəndaşlar kimi formalaşmalarını istəyiriksə, uşaqları lazımı ləvazimatlarla təmin etməliyik. Bu məqsədlə öz xırda tərəzimdə müəyyən tətbiq üsulları olan bəzi proseduralar yaratmışam. Amma mahiyyət etibarilə "xırda” anlayışına meydan oxuyacaq qədər dərin və güclü bir inancla tətbiq etdiyim bu şeylərin bir təqdimatı var – mikromanevr. Mikro böyüklükdə hərəkətlər. Dünyanın tarixinə, bəşəriyyətin keçmişinə nəzər salanda, böyük dəyişikliklərin göydəndüşmə olmadığını görürük. Siyasi, mədəni, sosial, iqtisadi bütün dəyişikliklər fərdlərin, qrupların əməyinin nəticəsidir. Bunları hansısa iri qurumlar etmir.
Kantı uşaqlara izah edə bilərikmi?
Mən bu kitabları yazmağa başlayanda 37 yaşım vardı. Bundan əvvəl isə ənənəvi – ofisdə keçən iş həyatının nümayəndəsi idim. İnternet satışı və onlayn ticarət sektorunda bir nəfərlə şərik işləyirdik. Bir gün – elə o sıradan günlərdən birində heç bir səbəb olmadan beynimdən vurulmuş kimi hiss etdim özümü. Əskik, yoxsul, mahiyyətsiz. Gördüm ki, məşğul olduğum iş mənim üçün heç bir məna kəsb etmir, mənim gözümdə bu işin heç bir dəyəri yoxdur. Sarbonna Universitetində fəlsəfə dərslərinə qatıldım, mənə elə gəlirdi ki, həyatımda ilk dəfə idi ki, düşünürdüm, ya da hələ təzə-təzə düşünməyə başlamışdım. Bütün mənəvi sütunlarımızı yıxsam da, anamdan, atamdan, yaxın çevrəmdəkilərdən üzr istəyərək, etiraf etməliyəm ki, mən fəlsəfə dərslərindən sonra onları əslində, heç düşünmədiyimi anladım. Çünki 35 il hər günü əvvəlcədən proqramlaşdırılmış həyat sürmüşəm. Fəlsəfə dərsləri ilə əmələ gələn dəyişiklik əslində düşüncənin, düşünmənin verdiyi heyranlıq hissi idi, insan özündə gizlənənlərə heyran qalır. Sonra bir dəfə universitetdə professorumdan soruşdum: "Uşaqlara Kantı izah edə bilərikmi?”. Bir az duruxdu, sonra düşünüb, dedi: "Olar, özümüzü sınayaq”.
Fəlsəfə bir tikə tort və bir stəkan portağal şirəsidir
Parisdə kafe işlədən bir dostum var idi, kitablarım onu məst etmişdi. Bir dəfə qəribə təklif etdi: "Hər çərşənbə günortadan sonra bura gəl, uşaqlarla elə bu kitablar üzərində fəlsəfi söhbətlər elə”. Elə mənim qəbul etməyimə bəndmiş kimi "Hə” deyən gün yaxın ətrafdakı hər yerə afişa vurdu. Kafenin asma çardağı var, oranı yastıqlarla döşədik, valideynlərdən xahiş etdik ki, uşaqlara yemək üçün nəsə qoysunlar. Çünki mənim silsiləmin adı "Dadlı fəlsəfə” idi. Burada yeməli, dadlı "müşayiətçilər” olmalı idi. Fəlsəfənin nüvəsində yeməklə bir yaxınlıq var. Qədim Yunanıstanda filosoflar içdikdən sonra fəlsəfə ilə məşğul olurmuşlar. Amma mən uşaqlarla fəlsəfi söhbətlər aparacağım üçün içkini yeməyə dəyişdim. Fəlsəfə böyük ideyaların qarışıq, izahıçətin cümlələrlə çatdırılması deyil, bəzən də sadəcə bir tikə tort və bir stəkan portağal şirəsi qədər sadədir.
Uşaqlarla aramızdakı sinif fərqini yox etməyə çalışıram. Çünki uşaqlarla fəlsəfi müzakirələr aparacaq yetkin də "çoxbilən yetkin” statusundan xilas olmalıdır. Hamımız yerdə bardaş quraraq otururuq, bu onlarla aramda boy fərqini minimuma endirməyin yeganə yolu idi. Dairə şəklində otururuq, hamımız bir-birimizdən və çevrənin mərkəzindən eyni uzaqlıqda oluruq, bu isə hamımızı bərabərhüquqlu edir. Çevrənin orta nöqtəsi isə - sualdır. Onun haqqında birgə düşündüyümüz üçün ona eyni uzaqlıqdayıq. Yerdə oturmaq isə bədəni fiziki baxımdan daha sərbəst edir.
Bədən ilə ruhu ayrı düşünməyin, birinin azadlığı mütləq digərinə aparır. Uşaqlara da bu azadlığı vermək lazımdır. Böyük fikir adamları fiziki azadlığı hərəsi bir cür təmin edib – bəziləri yeriyərkən ayaq uclarına baxmaqla, bəziləri gözünü bir yerə zilləməklə, bəzisi ruhunu boşluğa buraxaraq. Uşaqları da stula əyləşdirərək, onunla fəlsəfədən danışa bilməzsiniz. Həm də ki burada dadlı fəlsəfədən söhbət gedir, əsas məsələ özümüzü sərbəst və həmrəy hiss etməyimizdir.Bu prosesdə valideynlərin olmaması çox vacibdir, amma yəqin ki, dünyanın ən çətin işi də onları otaqdan uzaqlaşdırmaqdır. Çünki yetkin insanlar üçün uşaqlara onların olmadığı bir sərbəstlik zonası vermək olduqca radikal fikirdir.
Özünü formalaşdıra biləcək fərdlər böyütmək
Nə zaman ki başımda konkret bir hədəflə girişirdim söhbətlərə hər dəfə uğursuz alınırdı. Məsələn, hazırlıqlı getmək müəllimlərin çox işinə yarayır, onlar üçün vacibdir. Əgər beynimizdə nə isə öyrətmək məqsədi varsa, deməli, bunun üçün eşitmək istədiyimiz müəyyən cavablar da var. Uşaqlar çox qəribədir, bir məqsədlə sual verdikdə bunu dərhal anlayır və sizə eşitmək istədiyiniz cavabı verir. Mənə lazım olan isə onun, əslində, nə demək istədiyidir. Çox sonra başa düşdüm ki, əslində məktəbdə təhsil sisteminin həll edə bilmədiyi problem budur. Çünki uşaqlar məktəbə böyüklərə onların onsuz da bildiyi cavabları vermək üçün gedirlər.
Amma bizim hədəfimiz fəlsəfə öyrətmək deyil, uşaqların fəlsəfə ilə məşğul olmasını təmin etməkdir, birgə düşünmək, birgə həll etmək, birgə müzakirə etməkdir. Fransada bu təlimlərə görə məni çox tənqid etdilər, fəlsəfəni onu yaradanlardan arındıraraq təqdim edirmişəm. Mən isə düşünürdüm ki, uşaqların Kant, Sartr, Uitgenşteyn kimi adları əzbərləməyə, kim olduqlarını bilməyə ehtiyacları yoxdur, bu onların heç vecinə deyil. Onların bu adları bilməsi sadəcə böyüklərin xoşuna gələ bilər: "Bizim balaca o gün Uitgenşteynin fəlsəfi fikirlərindən danışırdı”. Məqsəd Kantı tanıyan böyükləri məmnun etmək deyil, tənqidi fikri olan və özünü formalaşdıra biləcək fərdlər böyütməkdir.
Hitler kimdir?!
Uşaqların düşüncə və duyğularını ortaya çıxarıb, onları dilləndirmək, adi şeylərdən danışırmış kimi danışmaq lazımdır. Çünki birmənalı şəkildə təhsil prosesində yazıya verilən üstünlük və ritorikaya, sərbəst nitqə verilməyən o diqqət, yer məni hər zaman təəccübləndirib. Uşaqlardan soruşuram: "Hitler Almaniyada iqtidarı necə tutdu?”. Hərəsi bir yandan cavab verdi: "Tanklar, bombalar, ordu, silah”. Halbuki əsl cavab başqa idi – Hitler Almaniyanı sözlər və şüarlarla işğal etmişdi. Bir dildə danışmağı yerinə oturda bilməsək, sadəcə manipülyasiyaların qurbanı ola bilərik. Bir dili ondan ən güclü silah kimi istifadə edəcək qədər güclü mənimsəmək üçün uşaqlar ən kiçik yaşlardan öz cavablarını verməlidirlər. Bəşər övladı Hitler kimi adamın hakimiyyətə ,əslində, məhz sözlə gəldiyinin fərqinə çox gec vardı. Bu isə bizim üçün bir oyanış silkələnməsi oldu.
Qabları kim yuyacaq?!
Fransada bir qanun çıxıb – hamı üçün bərabərhüquqlu evlilik. Bu gün Fransada iki kişi, iki qadın da tam hüquqi şəkildə evlənə bilir. Fransanın bir qəsəbəsində 10 yaşlı bir uşaqla "Oğlanlar və qızlar” mövzusunda danışırdıq. Uşaq nə hüquqa, nə qanuna əhəmiyyət vermədən soruşdu: "Mən başa düşmədim, evdə iki ata varsa, onda qabları kim yuyacaq?”. 2014-cü il və Fransa. Uşaq üçün ictimai baxışların əhəmiyyəti yoxdur, onun beyni dərhal görmədiyi şey haqda düşünür.
Qanunlar nə deyir?!
İnsanın özündə formalaşdıra biləcəyi ən yaxşı cəhət – yaxşı və doğru haqqında düşünə bilməkdir. Əgər uşaqları yaxşı-pis, yanlış-doğru kimi məfhumların kənar şəxs tərəfindən diktə edilməsinə öyrəşdirsək, onları getdikcə qəlizləşən məfhumlar qarşısında və bizim yanlarında olmadığımız yerlərdə çətin vəziyyətlərə məruz qalmağa, yanlış yollara yuvarlanmağa sürükləyərik. Məsələn, ona "Get, qonşunu öldür. Çünki o qırmızı saçlıdır” desək, gedib öldürəcək. Çünki ona yaxşının və pisin nə olduğu diktə edilib. Əgər lap balaca yaşlardan onlarla birgə qarşılaşdığımız şeyləri izah etməsək, onlara düşünmə prosesində yoldaşlıq etməsək, bizim diktə etdiyimiz kimi yaxşı-pis məfhumlarının analoji versiyalarında başqalarının diktə etdiyini icra edən fərdləri öz əllərimizlə yaratmış olacağıq. "Bu pisdir, olmaz”, "Bu yaxşıdır, olar” demək onları insan olmaqdan çıxarıb, nəsnə, fiqur olmağa aparacaq. Qanunlar uşaqların zehnini qarışdıran ən böyük məfhumdur. Onlara qanunların yaxşı-pisi öyrətmədiyini, sadəcə nəyə icazə olub-olmadığını təyin etdiyini izah edin.
Kitab uşaqlara nəinki fəlsəfəni, bütün həyatı təqdim etmək üçün ən yaxşı üsuldur. Birgə istənilən mövzunu müzakirə edə bilmək üçün mükəmməl vasitədir. Çünki kitab oxucunun mövzu ilə özü arasına məsafə qoymasına, ona kənardan baxa bilməsinə şərait yaradır. Böyüklərdən fərqli olaraq, uşaqlar qarışıqlıqla, zehni dolambaclarla, beyinlərinə dolan milyonlarla sualla dincəlirlər. Səliqəli, planlı dünyadan qorxurlar, özlərini ora yad hiss edirlər. Ona bu planlaşdırmanın, sahmanın mahiyyətini izah edin.
Bəzi uşaqlar isə tam əksinə danışaraq, soruşaraq yox, susaraq, dinləyərək qoşulurlar müzakirəyə. Onları isə olduqları kimi qəbul etmək lazımdır. Hər yolla danışmağa məcbur etməyin mənası yoxdur. "Sən nə düşünürsən? Heç danışmırsan” demək birbaşa onun düşünmə prosesinə müdaxilədir. Bu zaman əmin olun ki, o sizə əsla düşündüyünü deməyəcək.
Fəlsəfə təəccüb, maraq, heyranlıqdır, yatmadığını hiss etməkdir. Onun içində hiss edənlər isə olduqca həssasdır. Əslində, bütün uşaqlar filosofdur. Amma çox azı filosof olaraq, qalır. Bizim üzərimizə düşən isə bu heyranlıq, təəccüb və marağın daimiliyini təmin etməkdir.
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər