• cümə, 29 Mart, 15:52
  • Baku Bakı 14°C

Fədakar folklorşünaslara həsr olunan əsər

03.12.18 12:00 1756
Fədakar folklorşünaslara həsr olunan əsər
Filologiya elmləri doktoru, professor Cəlal Qasımovun "Azərbaycan folklor­şünasları (1920-1950)” kitabı Firidun bəy Köçərli, Bəhlul Bəhcət, Salman Müm­taz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əmin Abidin həyatı və yaradıcılığına həsr olunub. Müəllif göstərir ki, bu kitabda 1920-1950-ci illərin elmi-ədəbi mühiti, xüsusilə də Azərbaycan folklorşünaslarının totalitar rejim şəraitində göstərdiyi fədakarlıq – folklor örnəklərini necə toplama­ları, hansı metodoloji əsaslarla tədqiq etmələri, hansı vasitələrdən istifadə edərək onları günümüzə qədər qoruyub gətirmələri, eyni zamanda totalitarizm mü­hitində milliliyin və ziyalılığın mühafizəsi kimi məsələlərdən söhbət açılır.
Kitabda Firidun bəy Köçərliyə həsr olunan hissə "Firidun bəy Köçərlinin müəm­malı ölümü, yaxud günahdan həqiqətə” adlanır. Məlum olduğu kimi, gör­kəmli pedaqoq, ədəbiyyat tarixçisi, şifahi xalq ədəbiyyatının toplayıcısı və təd­qi­qatçısı Firidun bəy Köçərli sovetləşmənin ilk aylarında qətlə yetirilib. Bu barədə mövcud ədəbiyyatı izləyən müəllif belə qənaətə gəlir ki, Firidun bəy Köçərlinin qətlə yetirilməsinin başlıca səbəbi onun şəxsiyyətində və yaradıcılığında özünü qabarıq şəkildə büruzə verən millilik amili olmuşdur. O, xalqın tərəqqisi və maarif­lənməsi yolunda fədakarlıq göstərmiş, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçü­rül­­mə­sinə nail olmuşdur.
Dövrünün tanınmış, nüfuzlu ziyalılarından olan Bəhlul Behcətə həsr olunmuş hissə "Bəhlul Behcət, yaxud təhrif edilmiş biblioqrafiya” adlanır. Müəllif diqqətə çəkir ki, yalnız ömür yolu deyil, əməl yolları da təhrif edilmiş insanlardan biri də Bəh­lul Behcət olmuşdur. Onun həyat və yaradıcılığı ilə bağlı materiallar məhv edildiyindən tərcümeyi-halını kənar müəlliflərdən öyrənirik. Bəhlul Behcət bir neçə dəfə həbs edilmiş, 1938-ci ildə isə ən ağır cəzaya məhkum olunmuşdur. Onun ədəbi irsinin böyük bir qismi əksinqilabi, millətçi, dini örnəklər kimi xalqa zidd hesab edilərək məhv edilmiş, bir çox əlyazmalarının üzərinə isə qadağa qoyulmuş, nəşrinə imkan verilməmişdir.
2006-cı ildə AMEA-nın Folklor İnstitutu "Azərbaycan folklorunun ilkin nəşr­ləri” seriyası adı altında "Sarı Aşığın bayatıları” kitabının nəşrinə nail olmuşdur. Bu işi yüksək qiymətləndirən müəllif göstərir ki, sənət adamının irsi məhv ediləndə onun tarixdəki izi də itir. "Bu mənada Folklor İnstitutunun "Azərbaycan folkloru­nun ilkin nəşrləri” seriyası ilə buraxdığı kitablar təqdirəlayiqdir və Azərbaycan mə­dəniyyətinin, irs-varis əlaqələrinin bərpası kimi müqəddəs amallara xidmət edən qədirşünaslıq işidir”.
Bəhlul Behcət "Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı, yaradıcılığı və digər silsilə məqalələri ilə diqqəti cəlb etmiş, onun ədəbiyyatşünaslığa və folk­lor­şü­nas­lığa dair fikirləri təqdir olunmaqla yanaşı, həm də mübahisə probleminə də çevrilmişdir. Bütün bu məsələlər üzərində dayanan müəllif göstərir ki, açılmış mübahisələr öz dövründə çox böyük elmi diskussiyalara, qızğın polemikalara sə­bəb olmuşdur. Həmin mübahisələrdə Sarı Aşıqla bağlı bir çox qaranlıq məsələlərə aydınlıq gətirilmişdir.
Müəllif Bəhlul Behcətin "Qaçaq Nəbinin tarixi” əsəri üzərində də ayrıca da­yanır. Məlum olduğu kimi, bəzi tədqiqatçılar həmin əsəri dastan, bəziləri toplama işi, bəziləri isə araşdırma kimi dəyərləndirmişlər. Bu əsəri ilk dəfə üzə çıxaran və oxuculara çatdıranın professor İ.Abbaslı olduğunu qeyd edən C.Qasımov yazır: "Tədqiqatlar göstərir ki, Bəhlul Bəhcətin "Qaçaq Nəbinin tarixi” adlı kitabı müəllifin folklora həsr olunmuş şah əsəridir. Onun bu əsərini Qaçaq Nəbinin kimliyi, mübarizəsi və fəaliyyəti ilə bağlı indiyədək aparılmış tədqiqatların ən bitkini və mükəmməli hesab etmək olar”.
Müəllif göstərir ki, 1920–50-ci illərdə sosializm qəlibinə sığmayanlar, xalqın, millətin tarixini, mədəniyyətini, adət-ənənəsini yaşadanlar və yaradıcılıqlarında irslə varis, dünənlə bu gün arasında körpü salanlar ən ağır ittihamlara məruz qalırdılar. Belə ittihamlara məruz qalanlardan biri də Salman Mümtaz olmuşdur. Müəllif bu görkəmli şəxsiyyətin yaradıcılığını hazırki dövrdə aktuallıq kəsb edən elmi tədqiqatlar üçün yeni mövzular, araşdırma istiqamətləri verən qiymətli irs kimi dəyərləndirir. O, Salman Mümtazın fəaliyyətinin F.Köçərli ilə müqayisə edilə biləcəyini güman edir. Çünki onların hər ikisi milli mədəniyyətimizlə bağlı olan çox qiymətli materialları toplamış, tərtib etmiş və bir qismini isə nəşr etməyə nail olmuşdur.
Məlum olduğu kimi, S.Mümtazın ümumfiloloji fəaliyyəti həm ədəbiyyat­şü-naslıq, həm də folklorşünaslıq yönlərində araşdırılmışdır. Bu barədə söhbət açan müəllif onu da qeyd edir ki, S.Mümtazın folklorşünaslıq irsinin öyrənilməsi Azər­baycan folklorşünaslıq tarixinin öz həllini çoxdan gözləyən problemlərindəndir.
Kitabda Yusif Vəzir Çəmənzəminliyə həsr olunmuş hissə "Yusif Vəzir Çəmənzəminli, yaxud 169 №-li istintaq işi” adlanır. Müəllif Sovet yazıçılarının I qurultayının açılışı münasibətilə 15 avqust 1934-cü ildə "Kommunist” qəzetinin baş məqaləsində bitərəf yazıçılar içərisində Şura ədəbiyyatında mühüm yer tutan, milyon­larla oxucular tərəfindən sevilə-sevilə oxunan yazıçılar sırasında Y.V.Çə­mən­­­zə­min­­linin də adının çəkildiyini, ancaq 1937-ci ildə "Bolşevik təhlükəsi” və "Stu­dent­lər” əsərinə görə toplantılarda və dövrü mətbuatda tənqid atəşinə tutulduğunu və Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarıldı­ğını yada salır. İstintaq işi ilə bağlı qovluqdakı sənədlərin görkəmli siyasi xadim, yazıçı Y.V.Çəmənzəmin­linin elmi tərcümeyi-halını yaratmaq baxımından maraqlı fakt­larla zəngin oldu­ğunu nəzərə alan müəllif həmin qovluqdakı sənədlərin bəzilərini oxuculara təqdim edir. Buradan da məlum olur ki, müstəntiq tərəfindən verilən ittihamnamənin altın­dan Y.V.Çəmənzəminli belə yazmışdır: "Mənə verilən 3 maddədən ibarət itti­ham­lar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”.
Y.V.Çəmənzəminli yaradıcılığı çoxşaxəli olmuşdur. O, görkəmli yazıçı, pub­lisist, folklorşünas, həm də ictimai xadim olmuşdur. Kitabda Y.V.Çəmən­zəminli folklorun toplanması, nəşri və tədqiqi ilə bağlı dərin məzmun və mündərəcəyə malik əsərlərin müəllifi kimi qiymətləndirilir. O da qeyd edilir ki, folklor Y.V.Çə­mənzəminlinin təkcə elmi araşdırmalarında deyil, həm də bədii yaradıcılığında xüsusi yer tutur.
Türk xalqlarının dilinin, ədəbiyyatının, bütövlükdə mədəniyyət tarixinin təd­qi­qində müstəsna xidmətləri olan, professor Bəkir Çobanzadəyə kitabda geniş yer ayrılıb. Müəllif göstərir ki, dərin nəzəri biliyə malik olan professor Bəkir Çoban­zadə dilçilik və ya ədəbiyyatşünaslıq görüşlərində kimsəni təqlid etməmiş, kiminsə təsiri altına düşərək hazır stereotipləri və ya qəlibləri götürüb türk dillərinə tətbiq et­məmişdir. "O, dilin verdiyi imkanlardan, faktik və praktik dil materiallarından çıxış edərək Azərbaycan, eyni zamanda ümumtürk dilçiliyinin elmi əsaslarını ya­ratmağa çalışmışdır. Bu baxımdan alimin "Türk-tatar lisaniyyətinə mədxəl” əsəri dilşünaslığımızın ilk sanballı, predmetli və konseptual elmi əsəri hesab edilə bilər”.
Kitabda görkəmli ziyalı Bəkir Çobanzadənin dilçilik görüşləri ilə yanaşı, ədə­biyyatşünaslıq görüşləri, şeir yaradıcılığı barədə də ayrıca bəhs edilir. 1920-1930-cu illərdə folklorşünaslığın yaranması və formalaşmasında da bu görkəmli alimin öz sözü olduğu qeyd olunur. Onun folklorşünaslıq fəaliyyəti üzərində də dayanılır.
Kitabda professor V.Xulufludan da bəhs olunur. Məlum olduğu kimi, V.Xuluflu Azərbaycanın orta əsrlər tarixinə dair bir çox əsərlərin müəllifi olmuş­dur. O, "Yeni türk əlifbası ilə yazı qaydaları”, "İmla lüğəti”, "Din və qadın”, "Din və mədəni inqilab” və s. kitablarını nəşr etdirmişdir. Onun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük əməyi olmuşdur. O, 1927-ci ildə "Koroğlu” dastanını Aşıq Hüseyn Bozalqanlıdan topladığı iki qolunu, 1929-cu ildə isə yeni qollar əlavə etməklə kitab halında nəşr etdirmişdir. "El aşıqları”, "Tapmacalar” kitabları da onun tərtibində işıq üzü görmüşdür. Onun tərtib etdiyi kitablar müəyyən elmi prinsiplər əsasında çap olunmuşdur. Vəli Xulufludan danışarkən müəllif onun folklorda variantlılığa, folklor mühitinə, folk­lorun pasportlaşdırılmasına, yerli dialekt və şivələrə xüsusi əhəmiyyət verdiyini diq­qətə çəkir.
Kitabda görkəmli ədəbiyyat tənqidçisi və folklorşünas H.Zeynallıya da ayrıca yer verilmişdir. Müəllif H.Zeynallının yaradıcılığı üzərində ətraflı dayanır. "Azər­baycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin sədri kimi onun şifahi xalq ədəbiyyatı­nın toplanması, nəşri, tədqiqi, eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrinə ekspedisiyaların təşkili sahəsində mühüm işlər gördüyü diqqətə çəkilir. H.Zeynallı daha çox öz nəzəri hazırlığını daim təkmilləşdirən, milli folkloru dərin elmi əsas­larla tədqiq etməkdən ötrü elmi-nəzəri yeniliklərə qarşı həssas olan bir alim kimi səciyyələndirilir.
XX əsrin 30-cu illərinin qanlı repressiyalarının qurbanlarından olan görkəmli alim, istiqlal şairi Əmin Abidə həsr olunmuş hissə "Əhmədov Əmin Abid, yaxud Tür­kiyədə təhsil almağın nəticələri” adlanır. Ə.Abidin millət, xalq, vətən sev­gi­si­nin onun əleyhinə ittihamlara çevrildiyini göstərən müəllif 1938-ci ildə həbsi ilə bağlı hazırlanmış arayışı və dindirmələri nəzərdən keçirir. Bunlar əsasında belə qənaətə gəlir ki, Əmin Abid Türkiyədə təhsil aldığına, türk qızı ilə ailə həyatı qur­du­ğuna, mühacirlərlə əlaqə saxladığına, daha doğrusu, türk oğlu türk olduğuna görə ittiham olunur. Müəllif həmçinin Ə.Abidin verdiyi ifadənin də üstündən sü­kutla keçmir. 1924-cü ildə yazdığı "Bolşevik”, "Annəmə” şeirlərini təhlil edir. Moskvanı xəyanət, zülm yuvası adlandırdığı şeiri xatırladaraq belə əsərlərin müəl­lifindən bu cür ifadənin fiziki işgəncə və psixoloji təzyiqlər altında alındığı nəti­cəsinə gəlir.
Müəllif göstərir ki, Ə.Abidin bir çox qiymətli əlyazmalarının məhv olmasına baxmayaraq, onun yaradıcılığından bir çox nəşr olunmuş əsərlər qalmışdır. Həmin əsərlər Ə.Abid haqqında ədəbiyyat tarixçisi, nəzəriyyəçi alim və s. statuslarda bəhs etməyə imkan verdiyi kimi, peşəkar folklorşünas alim kimi də bəhs etməyə əsas verir. Onun çox qiymətli folklorşünaslıq yaradıcılığından bir əsər – "Türk xalqları ədəbiyyatında "mani” növü və Azərbaycan "bayatı”larının xüsusiyyətləri” üzərində dayanır.
Kitabda 1920-1950-ci illərin elmi mühiti, həmin dövrdə Azərbaycan folklor­şü­naslarının fəaliyyəti faktlar və sənədlər əsasında tədqiq olunub. Müəllif aşkara çıxarılan arxiv materialları əsasında indiyə kimi diqqətdən kənarda qalmış bir çox məsələlərə aydınlıq gətirib.

Xəyalə AĞAYEVA


banner

Oxşar Xəbərlər