Faydalı bildiyimiz faydasız dərmanlar

Bir
neçə gün bundan əvvəl postsovet ölkələrinin birindən müayinəyə gəlmiş bir ürək-damar
xəstəsinin qəbul etdiyi dərman
preparatlarının arasında biri diqqətimi çəkdi. Ona bu dərmanı nə üçün içdiyini
soruşduqda, yaşadığı ölkədəki kardioloqun tövsiyə etdiyini, ürəyin
qidalanmasına kömək elədiyini söylədi.
Onu da bildirim ki xəstənin içdiyi dərman "Valerian ekstrakt” idi. Bundan bir neçə il əvvəl də Azərbaycandan
gələn başqa bir xəstənin müayinəsi zamanı qəbul etdiyi dərman
preparatları arasında "Korvalol”’ adlı bir preparat diqqətimi cəlb eləmişdi. Bu
yazımda çoxlarının bildiklərinin əksinə, ürək-damar xəstəliklərinin müalicəsində
istifadə edilməyən və heç bir faydasının
da olmadığı, ancaq bu məqsədlə bəzi xəstələr tərəfindən çox geniş istifadə edilən
iki dərman preparatı – "Valerian’ ekstrakt” və "Korvalol”’ haqqında
məlumat verəcəyəm. Onu da qeyd edim ki, bu iki dərman
preparatının ürək-damar xəstəliklərində faydalı olduğunu göstərən heç bir elmi
araşdırma və ya tədqiqat yoxdur.
Pişikotu
olaraq da tanınan Valerian kökü (Valeriana
officinalis),
birinci dəfə Hippokrat tərəfindən sakitləşdirici dərman olaraq istifadə edilib.
Valerian bitkisinin tərkibində müxtəlif alkaloidlər,
flavonoidlər və GABA adlı bir maddə vardır.
Valerian bitkisinin insanı hansı yolla sakitləşdirdiyi dəqiq olaraq bilinməsə də,
bunu tərkibindəki GABA maddəsi vasitəsilə etdiyi düşünülür. Apteklərdə tablet şəklində (Valerian ekstrakt) satılan Valerian
ekstraktı insanların bildiyinin tərsinə, ürək-damar xəstəliklərinin müalicəsində
istifadə edilmir və heç bir faydası da yoxdur.
Sağlam insanlar və eləcə də ürək
damar xəstələri bu ekstraktdan adətən ürək ağrıları və ya ürəkdöyünmə zamanı
istifadə edirlər. Ancaq Valerianın ürək-damar xəstəliklərinə bağlı ürək
ağrılarına heç bir faydası yoxdur.
Sakitləşdirici bir maddə olduğu üçün nevrotik ağrılarda və ya nevrotik ürəkdöyünmədə
faydalı ola bilər. Ancaq digər bir tərəfdən
də, Valerian sakitləşdirici dərman olsa da, bəzən başgicəllənməsinə və yuxusuzluğa səbəb olur. Buna görə də sakitləşdirici
dərman olaraq, diqqətli istifadə edilməlidir.
Spirtli içkilərlə və ya digər sakitləşdirici dərmanlarla içilməməlidir. Hətta çox içildiyi zaman qarın ağrılarına da səbəb
ola bilir.
İlk dəfə 20-ci əsrin əvvəllərində Almaniyada istehsal edilən
və o zamanlardan bəri istifadə edilən "Korvalol” çoxları tərəfindən ürək dərmanı olaraq
bilinsə də, əslində sakitləşdirici və hipnotik dərmanlar qrupuna aiddir. "Korvalol”
apteklərdə şəffaf mayə və tablet şəklində satılır. Amerikada və Qərbi Avropa
ölkələrində satışı qadağan edilən bu dərman preparatı, bəzi Şərqi Avropa və postsovet ölkələrinin apteklərində hələ də
satılır. Eyni ilə "Valerian ekstarkt” kimi, "Korvalol”dan da adətən ürək ağrıları və ürəkdöyünmə zamanı istifadə edirlər. "Korvalol”un tərkibində α-bromoisovaleric turşusu,
fenobarbital və nanə yağı mövcuddur. Bu
üç maddənin heç biri ayrı-ayrılıqda belə ürək damar xəstəliklərinin müalicəsində istifadə
edilmir. "Korvalolun” tərkibindəki əsas maddələrdən olan fenobarbital
antiepileptik (epilepsiya əleyhinə istifadə edilən dərman) və sakitləşdirici
xüsusiyyəti olan bir maddədir. Fenobarbital heç bir ürək-damar xəstəliyinin
müalicəsində istifadə edilmir. Əksinə,
fenobarbital yaşlı xəstələrdə fiziki asılılığa, yuxu problemlərinə səbəb ola
bilir. Qısacası, "Valerian ekstrakt” kimi "Korvalol” da bəzi insanların bildiyinin
əksinə, ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilmir və heç bir
faydası da yoxdur. Tam tərsinə, tərkibindəki maddələrə diqqət etsək, qəbul
olunduğu zaman ürək-damar xəstələrində ciddi problemlərə səbəb ola bilir.
Son söz:
Ürək-damar xəstəliklərinin müalicəsi məqsədi
ilə bəzi xəstələr tərəfindən çox geniş istifadə edilən bu iki dərman
preparatının əslində ürək-damar xəstəliklərinin müalicəsində heç bir faydası
yoxdur. Bu iki dərman preparatının ürək-damar
xəstəliklərində faydalı olduğunu göstərən heç bir elmi araşdırma və ya tədqiqat
da yoxdur. Sakitləşdirici və hipnotik qrupuna aid olan bu dərmanlar, xəstələrdə ciddi yan təsirlərə
səbəb ola bilir.
Yalçın Velibey
Kardioloji Uzmanı
