• cümə, 29 Mart, 01:18
  • Baku Bakı 7°C

Faşizmin Ermənistandakı izləri

12.05.20 17:22 763
Faşizmin Ermənistandakı izləri
Deputatların fikrincə, Nikol Paşinyanın babası ilə bağlı ortaya çıxan faktlar Ermənistanda faşizm ideologiyasının təbliğinin əsaslı olduğunu göstərir

Ermənistanda nasist Qaregin Njdeyə heykəl qoyulması Azərbaycan tərəfindən gündəmə gətirildikdən sonra bu ölkənin açıq şəkildə faşizmi dəstəklədiyi müxtəlif arxiv materiallarından da bəlli olur. Bu ölkənin baş naziri Nikol Paşinyanın niyə Njdenin heykəlini götürməməsi, hətta onu dolayı yolla müdafiə etməsi də bəlli olub. Belə ki, baş nazirin babası Nikol Paşinyanın nasist hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə rüsvayçı faktı təsdiqləyən sənədlər ətrafında əsl qalmaqal yaranıb. II Dünya müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş sovet hərbçiləri haqqında məlumatları özündə cəmləşdirən ümumiləşdirilmiş elektron məlumat bankı - Memorial, Ermənistan hökumət başçısının yaxın qohumunu ifşa edən məlumat və sənədləri təsdiqləyib. Bu məlumat bazası Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Məlumat bazasında Sovet arxivlərindəki sənədlərdən 37 milyon qeyd var.
Orada göstərilir ki, Ermənistanın Tavuş rayonunun Yenokovan kəndindən olan Nikol Paşinyan 1943-cü ildə Alman Vermaxtının erməni legionunda sıravi rütbəsi ilə Sovet orusuna qarşı döyüşlərdə ölüb.
Müstəqil erməni KİV-ləri, Memorial-da olan və baba Nikol Paşinyanı ifşa edən arxiv sənədlərini dərc ediblər. Eyni zamanda, erməni müxalifəti hökumət başçısını babası haqqında yalanlar yaymaqda ittiham edir. Çünki faşizm üzərində qələbənin 75-ci ildönümü ərəfəsində N.Paşinyan babasını "Qırmızı Ordu”nun nasistlərlə döyüşlərində həlak olan döyüşçüsü kimi təqdim edib. Sonradan məlum olub ki, baba Paşinyan həqiqətən də II Dünya müharibəsində vuruşub və döyüş meydanında həlak olub, ancaq "Qırmızı Ordu” əsgəri formasında yox, faşist geyimində.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Paşinyanın babasının faşistlərə xidmət etməsi Ermənistanda bu ideologiyanın təbliğinin motivlərindəndir: "Dünya dövlətləri və xalqlarının faşizm üzərində qələbənin 75 illiyini qeyd etdiyi bir vaxtda Nikol Paşinyanın babası Nikol Vartanoviç Paşinyanın faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktlar üzə çıxıb. Həmin faktlar sübut edir ki, Nikolay Vartanoviç Paşinyan faşistlərlə birbaşa əlaqədə olub və onlara xidmət edib”.
E.Nəsriov qeyd etdi ki, faşizm üzərində qələbənin 75 illiyi ilə üst-üstə düşən bu hadisə çoxsaylı suallar yaradır: "Ermənistanın əvvəlki prezidenti Serj Sarkisyan faşistlərin əlaltısı olan Njde Qareginə 6 metr hündürlüyündə heykəl qoyub. Bugünkü baş nazirin babasının isə faşistlərə xidmət etməsi artıq faktlarla, sənədlərlə təsdiq olunub. Bütün bu faktlar ortaya çıxdıqdan sonra bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının, faşizm ideologiyasının təbliğinin və təşviqinin motivlərini anlamaq daha asandır”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Ermənistanın baş nazirinin babası Nikol Paşinyanın barədə məlumatların üzə çıxması bir daha onu göstərir ki, ermənilərin əksəriyyəti hələ o zaman faşizm rejiminin tərəfdarı olub və onu dəstəkləyiblər. Onun sözlərinə görə, faşizmin törətdiklərinin əksəriyyəti insanlığa qarşı ən ağır cinayətlər olub: "İşğal edilmiş ərazilərdə mülki əhalinin kütləvi şəkildə qətli məhz faşist qoşunları tərəfindən həyata keçirilib. Nəzərə almaq lazımdır ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. Belə cinayətləri yerinə yetirən Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayan da erməni olub və onlar məhz SS-ə xidmət ediblər. Amma erməni cinayətkarları məhz Njde Qareginə heykəl qoyublar. Bu, onların SS-ə itaət etmələrinin, faşizmin cinayətlərini dəstəkləmələrinin bir nümunəsidir".
A.Mollazadə hesab edir ki, Ermənistanın baş naziri məhz babası SS-də xidmət etdiyinə görə Njde Qareginin heykəlinin götürülməsini istəmir: "Bu il bütün dünya faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. Lakin Ermənistan və ermənilər faşizm üçün vuruşanlara heykəllər ucaldırlar. Faşizmin cinayətləri ermənilər tərəfindən Azərbaycanda yenidən təkrar olunub və işğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı çoxsaylı cinayətlər törədilib. Beynəlxalq ictimaiyyət yenidən Nürinberq hərbi tribunalının qərarlarını dünyaya xatırlatmalıdır. Biz faşizmə "yox" deməliyik”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, N.Paşinyanın faşizm üzərində qələbənin 75 illiyində danışmağa heç bir haqqı yoxdur: "Çünki onun babası Nikol Vartanoviç Paşinyan özü faşizmin irəlidə gedən döyüşçülərindən biri olub. Ermənistanın baş naziri yaxın günlərdə qələbə ilə bağlı bir sənəd yaymağa çalışıb və bu sənədə əsasən, onun babası guya Böyük Vətən Müharibəsində iştirak edib. Guya bu şəxs 554-cü atıcı alayda, 138 nömrəli atıcı diviziyada olub və 1943-cü ildə itkin düşüb. Lakin II Dünya müharibəsi ilə bağlı ekspertlər başqa sənədlər ortaya qoyur, hansı ki, bu sənədlər almanların arxivində saxlanılır. Bu sənəddə də həmin adla və soyadla Nikol Vartanoviç Paşinyan adlı şəxsin erməni legionunda nasist-faşist rejimi əlbir olub və Sovet ordusuna qarşı vuruşub. Digər yandan Memorial adlandırılan bazaya bir sənəd əldə olunub ki, həqiqətən də Nikol Paşinyanın babası düşmənlə əlbir olub və döyüşlərin birində ölüb.
Yəni, bu üç sənədin birləşməsindən belə bir nəticəyə gəlmək olar ki, Nikol Paşinyanın babası II Dünya müharibəsində SSRİ-yə qarşı vuruşub”.
A.Nağıyev vurğuladı ki, ermənilərin Njdeyə qoyulan heykəllə birlikdə faşist təbliğatı davam edir və bunun onlara babalarından qaldığı görünür: "Ona görə də düşünürəm ki, Nikol Paşinyanın faşizm üzərində qələbənin 75 illiyində hansısa ordudan və qələbədən danışmağa heç bir haqqı yoxdur. Çünki onun babası faşizmin döyüşçülərindən biri olub”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər