• cümə, 29 Mart, 05:42
  • Baku Bakı 7°C

“Faşistlər”lə “liberallar”ın söz savaşı - Fotolar

04.09.19 18:43 1565
“Faşistlər”lə “liberallar”ın söz savaşı - Fotolar
Xalqın etimadını itirən müxalifət indiyə qədər keçirilən bütün seçkilərdə məğlub olub. Onlar bu məğlubiyyətin səbəblərini "soyuq başla” aydınlaşdırmaq, öz səhvlərindən nəticə çıxarmaq, müasir dövrlə səsləşən ideya və təkliflərlə çıxış etmək, düzü-düz, əyrini-əyri göstərməklə, ölkədə baş verən proseslərə obyektiv münasibət sərgiləmək əvəzinə, uğursuzluqlarına görə başqalarını günahkar görmək yolunu həyat tərzi seçiblər. Zaman keçdikcə radikallaşan, daha kəskin ittihamlarla çıxış edərək siyasi gündəmdə qalmağa çalışan müxalifət isteriyaya qapılaraq öz "silahdaşlarını” da hədəfə almaqdan çəkinmir. Məhz bu səbəbdən də ənənəvi radikal müxalifətin bu davranışı, "siyasi fəaliyyət” adı altında oynadığı oyunlar müxalif düşərgənin özündə böyük narazılıqlarla qarşılanır. Bu narazılıqlar qarşılıqlı ittihamlar, sosial şəbəkə üzərindən ictimailəşdirilən statuslar vasitəsilə gündəmə gətirilir. Əgər belə demək mümkünsə, yeni nəsil müxalifətçilər ənənəvi radikal müxalifəti qəbul etmir, onların indiyə qədər siyasi məğlubiyyətə uğramasını əsas tutaraq, meydanı tərk etmələrini istəyirlər. Qərb dəyərlərindən, o cümlədən demokratiyadan pafoslu çıxışlar edən radikal müxalifət "liderləri”, eləcə də onların ətrafındakı dəstəkçiləri isə dərhal yeni nəsil müxalifətçiləri, konstruktiv fikir adamlarını "satqın”, "xəyanətkar”, "hakimiyyətin adamı” kimi qələmə verir, onların ünvanına ən müxtəlif ittihamlar səsləndirirlər.


Hakimiyyətin konkret şəxsinin təbliğatçısı

REAL Partiyasının funksioneri Natiq Cəfərli və AXCP sədri Əli Kərimlinin nəzarəti altında olan, məhz onun diktəsi ilə idarə olunan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli arasında yaşanan qarşılıqlı söz atmacaları da bu qəbildəndir. Əvvəlcə onu qeyd edək ki, dünənə qədər iqtidar komandasında yer alan, cibində deputat mandatı daşıyaraq hökumətin maraqlarını cani-dildən müdafiə edən G.Hacıbəyli parlamentə seçilməyən kimi çönüb olub "müxalifətçi” və əli kərimlilərin, cəmil həsənlilərin sırasında yer alıb. Şəxsi maraqlarına görə cəbhədən-cəbhəyə keçməyi asanlıqla bacaran G.Hacıbəyli "Facebook”dakı şəxsi səhifəsində status yazaraq iddia edib ki, əgər bu gün Azərbaycanda qəfil seçki keçirilsə və YAP-ın namizədi lap İsa Məsih olsa belə, seçkini böyük fərqlə uduzacaq. G.Hacıbəyli konstruktiv müxalifəti, xüsusən də REAL-çıları nəzərdə tutaraq əlavə edib ki, bir müxalifətçi bunun əksini iddia edirsə, o, artıq müxalifəti təmsil etmir, hakimiyyətin konkret şəxsinin təbliğatçısıdır. Onun qənaətincə, bunu iddia edən "müxalifətçi” uzun müddətdir müxalifətə qarşı müxalifətçilik edib, onlara çamur atıb hakimiyyəti ən dar günlərində "niyə də yox”larla vəziyyətdən çıxarmaqla məşğuldursa, problem artıq onda deyil, onu müxalifətçi kimi qəbul edənlərdədir.


Fikri olub beyni olmayanlar

G.Hacıbəylinin bu yanaşmasına qarşı tərəfin cavabı çox da gecikməyib. REAL funksioneri N.Cəfərli "Facebook”dakı şəxsi profilində status yazaraq, ünvanlarına səsləndirilən ittihamlara aydınlıq gətirib. Onun statusundan kiçik bir hissəni olduğu kimi təqdim edirik: "Milli Şura şəxsimə və REAL-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb. Fikri olub beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa Milli Şura rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə, kompleksə düşüblər. Fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə, ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar”.


Gültəkin Hacıbəyli nə üçün REAL-a gəlmək istəyib?

N.Cəfərli Milli Şura təmsilçisi, daha doğrusu AXCP sədri Ə.Kərimlinin danışmanı G.Hacıbəyliyə xatırladıb ki, 25 ildir xalqı dolayanlar, aldadanlar "Gəlirik, Tindəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır” ritorikası ilə məsuliyyətsiz və populist bəyanatlar səsləndirməklə məşğuldurlar. O, belə yalan və pafos üzərində qurulmuş siyasətə tüpürdüyünü yazaraq, G.Hacıbəylinin heç də Həzrəti Fatimə olmadığını, YAP adı ilə iki seçkini qazandığını, məlum xidmətlərinə görə ona mandat hədiyyə edildiyini qeyd edib. N.Cəfərli statusunun sonunda G.Hacıbəyliyə şans vermək istədiyini, özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat etməyə, istənilən suallarını cavablandırmağa hazır olduğunu bəyan edib. Sonda isə vurğulayıb ki, debatda faşist təfəkkürlü G.Hacıbəyliyə yalnız bir sualla müraciət edəcək ki, bir zaman nə üçün REAL-a gəlmək istəyib və nə cavab alıb.


Absurd iddialara cavab

G.Hacıbəyli ünvanına səslənən ittihamlara cavab olaraq bildirib ki, N.Cəfərli hakimiyyətə dəstək xarakterli çıxışlarını, YAP namizədinin seçkidə qələbə çalacağı haqqında fikirlərini malalamaq üçün status yazıb və onu hədəfə alıb, "faşist” adlandıraraq təhqir edib. G.Hacıbəyli N.Cəfərliyə xatırladıb ki, REAL-çılar vaxtilə parlamenti "zoopark” adlandırıblar, indi də "faşist” təfəkkürlü insanların məkanı kimi qələmə verirlər. O, N.Cəfərli və onu dəstəkləyənlərə "faşistlərin zooparkında” uğurlar arzulayıb. Ardınca da "itə yiyəsinə görə hörmət edərlər” atalar misalı mənasında REAL Partiyasının sədri İlqar Məmmədova səslənib. Milli Şura təmsilçisinin bu statusu altında radikallarla REAL-çılar arasında qızğın "söz savaşı” başlayıb. N.Cəfərli sözügedən statusun rəy bölməsinə yazıb ki, o, yazı yazmayıb, G.Hacıbəylinin absurd iddialarına cavab verib: "Öyrənmisiniz ki, ağzınıza gələni yazacaqsınız, Sizə cavab olmayacaq?! İstənilən kanalı, istənilən jurnalisti seçin - canlı danışaq. Nöqtə”.


Kim kimdən üzr istəyəcək?

G.Hacıbəyli buna cavab olaraq bildirib ki, barəsində belə qırmızı yalan yazandan sonra hansısa debatdan söhbət gedə bilməz. Milli Şura təmsilçisi tələb edib ki, REAL funksioneri ondan üzr istəsin. N.Cəfərli isə bir daha onu debata çağıraraq qeyd edib ki, əgər G.Hacıbəyli debata çıxsa, REAL-çıların ünvanına səsləndirdiyi fikirləri sübut etsə, canlı yayımda ondan üzr istəyəcək. Əlavə edib ki, əgər G.Hacıbəyli mandat almaq məsələsini, REAL-çıların buna çalışdığını sübut etməsə, canlı yayımda üzr istəməlidir. N.Cəfərlinin bu təklifi qarşılığında daşdan səs çıxıb, amma G.Hacıbəylidən yox.


Sağlam vətəndaş mövqeyi, haqlı suallar

Müxalifət düşərgəsindəki bu söz savaşına, qarşılıqlı ittihamlara, təhqir yağışına əlavə şərh vermədən vətəndaş mövqeyi olan bir azərbaycanlının belə hadisələrə yanaşmasını xatırlatmaqla nöqtə qoymaq istərdik: "... Özümdən misal gətirəcəm. Mən həkiməm, bilavasitə siyasətlə məşğul deyiləm. Günümün bəlli saatlarını mütaliəyə sərf edirəm, ölkədə baş verən proseslərə də biganə deyiləm. Hamısını izləməyə çalışıram, bütün sivil ölkələrdə olduğu kimi, ölkəmdə demokratik mühitin olmasından yanayam. Jurnalistlərin, siyasətçilərin fikir və düşüncələrinə görə həbs olunmasına qarşıyam. Uzun sözün qısası yetərincə ağılı başında olan bir adamam. Və bütün günü sosial şəbəkələrdə Azərbaycanın müxalifət partiyalarının üzvlərinin bir-biri ilə didişməsini, söyüşməsini müşahidə edirəm. Mənim kimi yüzminlərlə insan var, müəllimlər, həkimlər və sair. Elə isə nə səbəblə gəlib sizə qoşulmalıyıq? Didişmək və söyüşmək üçün? Xalqın dəstəyini qazanmaq üçün, mühit formalaşdırmalısınız”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər