"Əzilənlərin teatrı" və Auqusto Boal

02 May 2019, 13:23 11747
Dünyanın məşhur teatr xadimlərindən biri, Bertolt Brextdən (Bertolt Brecht) sonra siyasi teatrın ən tanınmış nümayəndəsi, teatr sahəsində islahatlar etmiş şəxsdən – Auqusto Boaldan (Augusto Boal) yazacağam. Düşüncələri dünya teatr mühitində maraqla qarşılanan, eksperimental teatrın qollarından birinə çevrilən "Əzilənlərin teatrı”nın (Theatre of the Oppressed) yaradıcısı Boal 1931-ci ildə Brazilyada, Rio-de-Janeyro şəhərində doğulub.
A.Boalın teatr fəaliyyəti 1956-cı ildə Arena Teatrında başlayır və 1971-ci ilə kimi davam edir. 1964-cü ildə isə Braziliyada hərbi rejimin hakimiyyətə gəlməsi ona və ətrafındakılara böyük təhlükə yaradır. 1971-ci ildə o, küçədə gəzərkən qaçırılır, həbs edilir və işgəncələrə məruz qalır.
Ölüm təhlükəsi ilə üz-üzə qalan Boal ölkədən qaçmağa məcbur olur. O, 1971-ci ildə əvvəlcə Peruya, sonra isə Argentinaya köçür və 5 il orada yaşayır. Bu müddətdə iki kitab çap etdirir: "Torquemada” və "Əzilənlərin teatrı”. "Torquemada” Braziliya hərbi rejiminin həbsxanada  məhbuslara verdiyi işgəncələrdən bəhs edir. "Əzilənlərin Teatrı” isə onun başlıca teatr konsepsiyası idi. Boal bu konsepsiyanı yaradarkən braziliyalı filosof, tənqidi pedaqogikanın qurucularından biri Paulo Freiredən və onun məşhur nəzəri əsəri olan "Əzilənlərin pedaqogikası”ndan təsirlənmişdi. Onlar uzun illər yoldaşlıq etmiş və Freire vəfat edəndə Boal demişdi: "Mən son atamı itirdim. İndi mənim yalnız bacı və qardaşlarım qalıb”.
1979-cu ildə Boalın "Əzilənlərin teatrı” adı altında nəzəri tezislərdən ibarət kitabı çapdan çıxır.  1992-ci ildə isə artıq formalaşmış və kifayət qədər populyarlaşmış  yeni teatr formasının praktiki nəticələrindən bəhs edən "Aktyor olanlar və olmayanlar üçün oyunlar” adlı kitabını nəşr etdirir.
Auqusto Boalın "Əzilənlərin teatrı” başlığı altında təklif etdiyi teatr formaları bunlar idi: Qəzet teatrı, İmaj teatrı, Forum teatrı, Görünməz teatr, Arzunun göyqurşağı (Rəngləri) və Qanunverici teatr.
1. Qəzet teatrı (Newspaper Theatre) – Bu forma izləyicilər üçün gündəlik xəbər yazılarını və publisistik parçaları səhnəyə gətirir, qəzet, qanun, deklarasiya, bəyannamə və bunun kimi bütün yazılı mətnləri tamaşaya çevirir. Qəzet teatrı ümumilikdə 10-a yaxın üslubdan ibarətdir. Müraciət olunan mətnləri bu üslublar vasitəsilə problematikaya çevirib, tənqid etməyi, həllinə çatmağı planlaşdırır.
Məsələn, "Sadə oxuma” - burada mübahisəli və ya yanlış yazılmış xəbər hissəsi oxunur və ümumi konketsdən çıxarılır. "Çarpaz oxuma” – iki xəbər ard-arda oxunur, onlar yeni bir mövzuda əlaqələndirilir və bir-birilərini tamamlayırlar. "Tamamlayıcı oxuma” –  senzuraya məruz qalmış, kəsilmiş hissələr xəbərə əlavə olunur. "Ritmik oxuma” – Məqalə statik ritmlə oxunur, beləliklə, oxuma xəbərin gizlənmiş, əsl məzmununu ortaya çıxaran tənqidi filter rolunu oynayır. "Paralel fəaliyyət” – aktyorlar xəbər oxunarkən mimik reaksiya verirlər, izləyici xəbərləri eşidir və vizual şərhini görür. "İmprovizə” – xəbəri səhnədə improvizə etmək üçün bütün mümkün yollara əl atılır. "Tarixi” – tarixi anlar, digər ölkələrdəki hadisələr və ya digər sosial faktlar xəbərə əlavə olunur. "Gücləndirmə” – məqalə musiqilər, slaydlar və ya tanıtım vəsaitlərinin müşayiəti ilə oxunur. "Mücərrədin konkretləşməsi” – xəbərin mücərrəd məzmunu səhnədə konkretləşir (məsələn, aclıq, işsizlik və s.) "Məzmundan kənar mətn” – xəbər ilk yayımındakı kontekstdən kənarda təqdim olunur.
2. İmaj Teatrı (Image Theatre) – Teatrın bu formasında sözdən istifadə olunmur. Bədən dili ön plana keçir. İzləyici-Aktyorlar (Spect-Actors) öz bədənləri və iştirakçıların bədənlərindən istifadə edərək tamaşa qurmağa çalışırlar. Bu teatrda spect-actorlar, mövzusu bütün qrup tərəfindən təyin olunan, hər kəsin bölüşdüyü, narahat olduğu problemləri seçərək, öz praktikalarına istinadən oyun qururlar. Burada spect-actorun vəzifəsi iştirakçılardan bir forma, heykəl düzəltməkdir. Onun düşüncələri, təcrübəsi, şahid olduğu hadisələr "imaja” dönüşür. Həmin imaj həyatda yaşanmış hadisələri olduğu kimi əks etdirir. Bu forma da ümumi mahiyyətdən kənara çıxmır – burada insanlar problemlərini bölüşür və həllini tapmağa can atırlar.
3. Forum teatrı (Forum Theatre) – A.Boal karyerasının əvvəllərində Cənubi Amerikadakı praktika ərəfəsində "sinxron dramaturgiya” üsulundan istifadə edir. Bu prosesdə aktyorlar və ya tamaşaçılar bir xarakterin məzlum vəziyyətinə düşdüyü bir hadisəni dayandıra bilərlər (misal olaraq, qadına haqsızlıq edən bir kişi və ya işçini alçaldan bir sahibkar səhnəsini göstərmək olar). "Sinxron dramaturgiya”da əvvəlcə tamaşaçılar səhnədə improvizə edən aktyorları saxlayıb, onlara öz təkliflərini, məsələnin həll yollarını təqdim edə bilərlər. Bu ənənəvi aktyor-tamaşaçı əlaqələrini pozmağa, tamaşaçının da oyuna qoşulmasına, izlədikləri dramatik situasiyanın içinə daxil olmağına planlaşdırılmış bir təşəbbüs idi. Boalın Forum teatrında spect-actor anlayışı hakim qüvvəyə çevriləndə, bu teatr forması "sinxron dramaturgiya” anlayışında yenidən doğulmağa başladı. Tamaşaçılara, sadəcə, düşünməyə deyil, həmçinin qəhrəmanın yerini alması, vəziyyətə qarşı mübarizə etmək, spect-actor kimi səhnəyə çıxıb hadisəni dəyişdirmək üçün imkan yaradıldı. Bu vaxt ərzində iştirakçı düşdüyü vəziyəti yaşaya, onu öz timsalında daha yaxından anlaya bilər. Beləliklə, Boalın Forum Teatrının mahiyyəti belədir: aktyorlar (peşəkar və ya cəmiyyətin digər təbəqələrindən toplanan qeyri-peşəkarlar) tamaşaçı ilə birgə təzyiq əks olunan bir süjetdə bərabər oynayırlar. Əzilən xarakterlərin iştirak etdiyi belə tamaşalarda zülmün dəf edilməsinin uğursuzluqla nəticələndiyi hadisələr baş verir. Növbəti səhnə getdiyi müddətdə hər hansısa bir spect-actor "stop” deyir və əzilən insanı oynayan aktyorun yerinə keçir. Kənara çəkilən aktyor isə öz yerində durur və bu spect-actor-a bəzi məsləhətlər verir. Zülmün spect-actorlar tərəfindən qarşısı alındıqdan sonra süjet yenidən hazırlanır, amma yerlər dəyişir. Bu dəfə onlar zülm edənin yerinə keçirlər və əzilən insana əzab verməyin yeni yollarını tapırlar. Bu yolla onlar əzabı daha real təsvir edə, situasiyanı canlı yaşada bilirlər. Bütün proses dialektik şəkildə qurulur.
4. Görünməz teatr (İnvisible Theatre) – Bu teatr yeri daha öncədən təyin olunmuş, teatrdan kənar bir yerdə, məsələn, restoranda, bazarda, ictimai yerlərdə təşkil olunan və tamaşaçı olduğunu bilməyən, təsadüfən orada var olan insanlar arasında tamaşanın qurulması prosesidir. Bunun tamaşa olduğu sirr olaraq qalmalıdır. Diqqətlə hazırlanmış oyunun əsas məqsədi orada spontan iştirak edən insanları mövzu ilə bağlı məlumatlandırmaq, xəbərdar etmək, diqqətlərini problemə yönəltməkdir.
5. Arzunun göyqurşağı (Rainbow of Desire) - "Arzunun Göyqurşağı” Boalın eyniadlı kitabında açıqlanan texnikalar məcmusudur. Bu forma antoqonist və protoqonistin oynadığı zülm oyunlarını mənimsəmiş və İmaj teatrından təsirlənmişdir. İlk işlərində Boal "Əzilənlərin teatrı”nı dramaterapiya kimi işlətməkdən çəkinirdi, lakin daha sonralar bu daxili, introspektiv texnikanı "teatr və terapiya” olaraq qəbul etdi. Bu texnika digərlərinin arasında psixoterapiyaya yer verən və daxilində psixo-dramaya bənzər meyillərin olduğu bir teatr formasıdır. Quruluşu və realizəsi çox qəliz olan bu sistemdə insanın daxilindəki, şüuraltındakı ifadə edə bilmədiyi iç-içə olan hissləri, daxili ziddiyyətləri fərqli üsullarla ötürülməyə çalışılır. Bu teatrın qurulması lazım olan alışdırma və oyunların hər biri 2-3 saat müddətində davam edən qarışıq prosesdir. Bir nəfərin problemindən bəhs edən proses getdikcə bütün kollektivi o oyuna daxil edən bir işə çevrilir. İştirakçılar daxillərində var olan, lakin fərqində olmadıqları, mənəviyyatlarında yaratdıqları rəngləri "çölə vururlar”.
6. Qanunverici teatr (Legislative theatre) – Auqusto Boal Rio-de-Janeyroda vereador – yəni, şəhər vəkili olan zaman öz seçicilərinə fikirlərini ifadə etmək üçün teatrın yeni bir növünü "Qanunverici teatr” növünü yaratdı. Məqsəd vətəndaşlar və qurumlar arasında dialoq qurmaq, onların arasında  ünsiyyət yaratmaq idi. Quruluş prosesində teatral qrupları ilə birgə kəndlərdə, məhəllələrdə çıxışlar edilir, problemlər aydınlaşdırılırdı. Daha sonra fərqli yerlərdə qurulmuş qrupların, fərqli problemləri ortaya qoyulur, problemlərin həlli yolları axtarılırdı. Bir başqa səhnələşdirmə növündə isə qanunların gətirdiyi şərait, oxşar səhnə qurulur və onun nəticələri müzakirə olunur. Ən sonda hər kəsin ortaq düşüncə ilə təklif etdiyi yollar, daha doğrusu, yeni qanunlar aidiyyatı şəxslərə təklif olunur və xalqın istəyinin yerinə yetirilməsi üçün bu əlaqədar şəxslər iş görməyə məcbur edilir. O, bu prosesi "keçici demokratiya” adlandırırdı. Boal vəkil olduğu müddətdə bu yolla xalqın istəklərindən 13-nü qanun halına salmış, məclisdə qəbul etdirmişdi və bu qanunlar hələ də qüvvədədir.
A.Boalın dediyinə görə "Teatr təzyiqin ən yaxşı sənətsəl (KÜLTÜRƏL) formasıdır”. Onun nəzəri fəaliyyətində də bunu açıq-aşkar görmək olar. Hamımız bu həyatın fəal aktyoruyuq və vətəndaş ölkədə yaşayan yox, o ölkəni dəyişdirməyə çalışan insandır. Bunu da A.Boal deyirdi. O bütün ömrü boyu, daha yaxşı teatr, daha yaxşı Braziliya, daha yaxşı dünya yaratmaq arzusunda idi. Bəlkə də məhz bu arzusu onu vəziyyətlə barışmamağa, yeni teatr formaları axtarmağa, fərqli özünüifadə üsulları tapmağa vadar etmişdi.
 
Emin Əliyev
Teatrşünas