• cümə, 29 Mart, 03:46
  • Baku Bakı 7°C

Əyyub Şırlanlı: Sən ürək yerinə sığdın sinəmə...

03.05.21 19:30 942
Əyyub Şırlanlı: Sən ürək yerinə sığdın sinəmə...
1982-ci ilin qışında xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirakı ölkəmizin ədəbi-ictimai həyatında mühüm hadisələrdən biri kimi xatırlanır.
Həmin hadisənin şahidlərindən biri, Şuşadan olan Əməkdar müəllim, şair Əyyub ŞırlanlıAZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Şuşaya gəlişi qarlı-şaxtalı bir günə təsadüf etmişdi. Onun gəldiyi maşın Xan qızı bulağının qarşısında dayandı. Sərt yoxuş və şaxtalı hava şəraitində camaat köməkləşib maşını yuxarı çıxardı. Şuşa sakinləri, yerli camaatın köməyi ilə maşın "Güllü bağ”ın qarşısına gəldi və oradan şəhərin içərisinə doğru –"Meydan bulağı”na tərəf üz tutdular. Havanın sərt olmasına baxmayaraq tədbirə çoxlu adam gəlmişdi, camaat evlərdə, eyvanlarda, yolların kənarında dayanaraq onun gəlişini salamlayırdılar. Ulu Öndərin əyləşdiyi maşın şəhərin içərisindəki yollardan adlayaraq Cıdır düzünə gedib çıxdı. Ulu Öndər toplaşanların gur alqış sədaları altında Molla Pənah Vaqifin məqbərəsinə gəldi, onun açılışını bildirən qırmızı lenti kəsdi. İçəri daxil olub Vaqifin məzarını ziyarət etdi. Məqbərənin qarşısında böyük tədbir keçirildi. Yadımdadır ki, həmin tədbirdə şair və yazıçılardan Süleyman Rüstəm, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Söhrab Tahir, Qabil, Fikrət Sadıq, Xəlil Rza, Anar, Elçin, Nəriman Həsənzadə, mədəniyyət və incəsənət xadimləri Süleyman Ələsgərov, Niyazi, Zeynəb Xanlarova, Lütviyar İmanov, Arif Babayev, Teymur Mustafayev, Ədalət Nəsibov, Amaliya Pənahova, Lətif Kərimov, Əlabbas Qədirov və başqaları iştirak edirdilər.
Məqbərənin qarşısındakı izdihamlı tədbirdən sonra Heydər Əliyev oradan Mamayı məscidində yerləşən Poeziya evinə gəldi. Yadımdadır ki, məqbərədən şəhərə doğru addımlayarkən şəhər sakini, təxminən 90 yaşı olan İsmayıl Əlişov onunla çox səmimi görüşdü və Heydər Əliyevə xitabən dedi ki, həyat yoldaşım Quba xanım yarpaq dolması bişirib, plov dəmləyib. Ulu Öndər də dedi ki, sağlıq olsun, gələn dəfə gələrəm. Mamayi məscidində onu milli geyimdə qarşıladılar. Poeziya evinə qədim üslubda dizayn verilmiş, yerdən mütəkkələr düzülmüşdü. Burada şairlər qələmə aldıqları şeirləri oxudular. İlk şeri mən oxudum:
Bir qara daşın da əzizdir mənə,
Qarış torpağını yada qıymaram.
Sən ürək yerinə sığdın sinəmə
Yüz il vəsf eləsəm, yenə doymaram,
misraları ilə başlanan "Vətən” şeirini oxudum. Sonra yerli ədəbi qüvvələrdən Nizami Səmimi və başqa şairlər də şeirlər oxudular. Ulu Öndər Şuşada ayrıca Poeziya evi tikdirəcəyinə söz verdi. Məclisdə şairləri dinlədikdən sonra milli geyimdə Heydər Əliyevin önünə çıxan məşhur çayçı Süleyman onu çay süfrəsinə dəvət edərək dedi: "Yoldaş Əliyev, kəkotu çayı dəmləmişəm, ondan için”. Heydər Əliyev də zarafatla ona "qalalı, kəkotu yox, kəklik otu” deyib onun səhvini düzəltdi və onun çayından bir qurtum içdi.
Həmin ilin yayında dahi şəxsiyyət ailə üzvləri ilə birlikdə növbəti dəfə Şuşaya gəldi. O, iyulun 29-da Cıdır düzündə keçirilən Vaqif poeziya günlərində və avqustun 2-də Xurşidbanu Natəvanın büstünün açılışında iştirak etdi. Hər iki tədbir çox böyük təmtəraq və coşqu ilə keçdi, minlərlə şəhər sakininin iştirak etdiyi həmin tədbirlər şəhərin həyatında əsl bayrama çevrildi.
İndiyə qədər də şahidi olduğum həmin hadisə, Ümummilli Liderin Şuşa səfəri ən xoş və unudulmaz hadisə kimi yaddaşımda yaşayır”.
banner

Oxşar Xəbərlər