• cümə, 29 Mart, 04:49
  • Baku Bakı 7°C

Ey hörmətli müəllim!

18.04.19 09:30 3818
Ey hörmətli müəllim!
Son illər müəllim peşəsinin nüfuzunun deqradasiyası haqqında cəmiyyətdə birmənalı olmayan fikirlər yer alır. Bu amili müəllimin öz şəxsiyyəti ilə də, məktəblə də, valideynlərin, şagirdlərin ümumən təhsilə yanaşması ilə də əlaqələndirənlər var. Hər şeydən əvvəl valideynlərin məktəbə münasibətində radikal dəyişikliklər müşahidə olunur. Əgər illər öncə valideyn övladının əlindən tutub müəllimin yanına gətirərək "əti sənin, sümüyü mənim” deyirdisə, bu gün "övladıma gözün üstündə qaşın var” demə” deyir. Əgər əvvəllər valideynlər "Müəllim həmişə haqlıdır” deyirdilərsə, bu gün pedaqoji prosesin əsas postulatı "Müştəri həmişə haqlıdır” müddəasıdır. Elə bir vəziyyət yaranıb ki, müəllim uşağın davranışı ilə bağlı qüsurları valideyninə söyləməyə az qala qorxur - birdən onu səhv başa düşər, rəhbərliyə şikayət üçün əlinə bəhanə keçər və s. Bu kimi səbəblər müəllimi bəzən geri adım atmağa vadar edir. Müəllimlərlə valideynlərin görüşü daha çox dostluq münasibətində olmayan qonşu dövlətlərin hökumət nümayəndələrinin rəsmi mərasimlərini xatırladır. Bir çox müəllimlər söhbətin protokolunu yazır. Valideynlərin davranışı daha təəccüb doğurur: bir çoxları müəllimlə söhbətə diktafonla, bəziləri hətta videokamera ilə "silahlanmış” halda gəlir. Bu o deməkdir ki, sabah sosial şəbəkələrdə hansısa reportajın olacağına və ya hüquq-mühafizə orqanlarına şikayət edilməyəcəyinə heç bir təminat yoxdur. Bu gün məktəbə və ya müəllimə qarşı qəzəbini boğa bilməyən valideyn birbaşa təhsil şöbəsinə və ya prokurorluğa tələsir, və ya məktəbdə müəllimi hədələyir. Hərçənd qanun hər ikisini – valideyni də, müəllimi də eyni dərəcədə qoruyur, ancaq bəzən reallıq yazılan qanunlardan uzaq olur. Nəticədə, çoxsaylı pedaqoji üsullara malik müəllim münaqişəli vəziyyətdə gücsüz qalır.

Müəllim peşəsinin nüfuzunun son illər aşağı düşməsinin səbəbi nədir? Müəllim özü peşəsinin nüfuzunu zədələyir, yoxsa qloballaşan dünyanın yeni trendləri ilə uyğunsuzluq yaranıb? Z nəsli - "MənMənMən” və ya "rəqəmsal insanlar” adlanan yeni nəsil bəlkə öz dəyərlərini tanımır? "Nəsillər nəzəriyyəsi”nin problemin dərinləşməsindəki rolu get-gedə dərin hiss olunur.

Müəllim peşəsinin nüfuzunun artması ilə bağlı müddəa ölkə başçısının hələ 2013-cü ilin oktyabrın 24-də imzaladığı "Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası”nda da yer alıb: "Müəllim amili təhsilalanın inkişafında həlledici rol oynayır. Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər.Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir”.

Təəssüf ki, keçən müddət ərzində müəllim peşəsinin nüfuzunun daha çox aşağı düşməsi faktları ilə qarşılaşırıq. Elə, bu yaxınlarda 162 saylı məktəbdə baş verən intihar hadisəsindən sonra müəllimin "nüfuzu” məsələsi yenidən gündəmin mövzusuna çevrilib. Heç şübhəsiz, müəllimin nüfuzu ümumən çalışdığı məktəbin nüfuzudur. Övladının yaxşı təhsil almasını istəyən valideyn isə onun əlindən tutub məhz həmin perspektivli hesab etdiyi məktəbə aparır...
Pedaqoji elmin istiqaməti
Ziyalıların isə müəllimin nüfuzunun cəmiyyətdə aşağı düşməsi ilə bağlı səslənən fikirlərə münasibətlərində narahatlıqdan doğan məqamlar çoxdur.

Azərbaycan Dillər Universitetinin dilçilik kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Adil Babayev hesab edir ki, müəllimin nüfuzunun olması üçün ilk növbədə milli ənənələrimizə, mənliyimizə, kimliyimizə hörmətimiz olmalıdır: "Əvvəllər müəllimin yeməkxanası ayrı, tələbə və şagirdlərin yeməkxanaları ayrı idi. İndi mən yeməkxanadan gəlirəm. Tələbələr orda yaşlı müəllimlər yoxmuş kimi özlərini aparır, bərkdən gülür, zarafat edirlər. Onlar müəllimi saya salmır, hörmət etmirlər. Niyə? Çünki milli dəyərlərimiz itib. Milli dəyər itəndə belə olacaq – orta məktəbdə də, ali məktəbdə də. Biz oxuyanda elə bilirdik ki, müəllim nə çay içir, nə yemək yeyir. Müəllimin nüfuzu vardı. Böyükdən kiçiyə qədər hamı müəllimə hörmət edirdi”. Professor hesab etmir ki, müəllim şagird üzərində despot olmalıdır. Belə ki, şagirdin öz yeri, müəllimin də öz yeri olmalıdır: "Şagird müəllimə hörmət etməsə, onun dərsini öyrənməz və dediklərinə də qulaq asmaz. «Müəllim mənə bir söz desə, mənə bir sillə vursa onu işdən çıxartdıraram» - bu gün bütün şagirdlərdə bu iddia var. Belə olanda şagirdlər nə oxuyacaq, nə də müəllimə hörmət edəcəklər. Ona görə müəllimin nüfuzu qorunmalıdır. Pedaqoji elmin də istiqaməti budur ki, müəllimin nüfuzu olsun”. A.Babayevin fikrincə, müəllimin nüfuzu və şəxsiyyəti təlim-tərbiyədə mühüm amildir. Yəni əgər şagird və tələbə müəllimi sevməsə, onun dərsini öyrənməz, dediklərinə də əhəmiyyət verməz: "Əgər şagird müəllimi birinci sinifdən sevməsə «A» hərfinin necə yazılmasını da öyrənməyəcək». Professor problemin dərinləşməsində müəllimlərin özlərinin də səhvlərinin olduğunu bildirir: «Məktəblərdə o müəllim ki rüşvət aldı, onun dərsinə şagirdlər qulaq asmaz. O, müəllim ki, «Bu gün 8 martdır» və ya digər bayramdır – deyə şagirdlərdən pul yığdı, ona hörmət olmaz. Müəllim gərək mənəviyyatı, əxlaqı ilə özünü ali səviyyədə saxlasın. Onda şagird ona hörmət edəcək. Məktəblərdə müəllim-valideyn münasibətləri düzgün qurulmalıdır. Əgər müəllim valideyndən nəsə umursa, onun yanında gözükölgəli olacaq”. Professor hesab edir ki, repetitorluq da problemin yaranmasında rol oynayır: "Əgər müəllim şagirdə «Gəl, səni evdə hazırlaşdırım» - deyirsə, o zaman həmin şagirdə münasibəti fərqli olur. O biri şagirdə – yəni yanına hazırlaşmağa gəlməyən şagirdə isə aşağı qiymət verir. Bu, pedaqogika deyil”. A.Babayev müəllimlərin işdən kənarlaşdırılmasını da düzgün hesab etmir: "Hər şeydən ötrü müəllimi işdən çıxarıb işsiz qoymaq olmaz. İndi müəllimi işdən çıxarmaq adiləşib. Hesab edirəm ki, müəllim, şagird-məktəb münasibətlərinə yenidən baxılmalıdır. Kompleks tədbirlər proqramı hazırlanmalıdır». A.Babayevin fikrincə, bu sahədə problemlərin yaranmasının səbəbi həm də müəllimin maaşının azlığıdır. Məktəbin təlim-tərbiyəsində kişi müəllimlərin roluna gəlincə, professor bildirir ki, bu gün kişi müəllimlər məktəblərdə müəllim kimi işləmək istəmirlər: "Çünki onlar ailə dolandırmalıdır. Müəllimin aldığı maaşla ailə dolandırmaq çətindir. Ona görə də onlar özlərinə başqa peşələri seçirlər. Əgər müəllimin zəhməti yüksək qiymətləndirilsə, bu problemlər öz həllini tez tapacaq».
Cəmiyyətdəki tələbat
Yazıçı Natiq Rəsulzadə hesab edir ki, ilk növbədə müəllim öz nüfuzunu qorumalıdır: "Müəllim nüfuzunun yüksəlməsinə cəmiyyətdə çoxdan tələbat var. Bizim nəsil yaxşı bilir ki, əvvəllər şagird-müəllim münasibətləri hansı səviyyədə olub. Həm orta məktəbdə, həm də institutda oxuduğum illərdə müəllimə necə böyük hörmət olduğunun şahidi olmuşam. Biz müəllimin dəhlizdə gəldiyini görəndə kənara çəkilərdik ki, o, keçsin, sonra yolumuza davam edək. Dərslərdə də eyni vəziyyət idi. Mən indi institutda dərs deyirəm. Tələbələrdə müəllimə qarşı nə hörmət, nə məhəbbət qalıb. Ona görə hesab edirəm ki, ilk növbədə müəllim öz hörmətini saxlamağı bacarmalıdır. Müəllim özü şagirdə nümunə olmalıdır. Şagird görməlidir ki, müəllim ona bilik verməyə çalışır, ondan nəsə almağa yox. Müəllim evində yox, məktəbdə uşaqla məşğul olmağa çalışmalıdır». Yazıçının fikrincə, müəllim-şagird münasibətlərinin belə səviyyəyə çatmasının, müəllimə münasibətin dəyişməsinin səbəbləri çoxdur: «Ədəbiyyat dili ilə desək bunun 1, 2, 3 dərəcəli süjet xətləri var. Problemlər də bundan qaynaqlanır”.
Müəllim 2-3 yerdə işləməməlidir
Xalq artisti Nurəddin Mehdixanlı da hesab edir ki, ilk növbədə köklərimizə dəyər vermək lazımdır. Belə ki, müəllim təmin olunmuş təbəqə olmalıdır: «Mən kənd məktəbində oxumuşam. O zaman müəllimlər öz geyim-keçimləri ilə seçilirdilər. Qalstuk taxma mədəniyyətini cəmiyyətə müəllim gətirmişdi. Qohum-qonşuya pul lazım olanda müəllimdən borc alırdı. Müəllim təmin olunmuş təbəqə idi. Müəllim bir millətin varlığının təməli, onun zəmanət verənidir. Müəllimin hazırladığı uşaqlar sabah bir cəmiyyəti, bir dövləti idarə edən nəsil olacaq. Biz bu gün müəllimə dəyər verməli, onu cəmiyyətə layiq olduğu pilləyə qaldırmalıyıq ki, o da bunun əvəzini ödəsin”. N.Mehdixanlının fikrincə, müəllim dolanışıq üçün 2-3 yerdə işləməməlidir. O, yalnız pedaqoji fəaliyyətlə məşğul olmalı, özünün maddi təminatını ödəməlidir: "Sabah ona şagirdlərinin qarşısına hazırlıqlı çıxmaqdan ötrü vaxt, imkan lazımdır. Bu gün müəllim həm məktəbdə şagirdlərə dərs verir, həm də kənarda repetitor kimi çalışır. Ancaq onun repetirorluq etdiyi şagirdlər yüksək balla ali məktəbə daxil ola bilsələr də, məktəbdə dərs dediyi uşaqlar həmin balı toplaya bilmirlər. Çünki müəllim repetitor kimi artıq zəhməthaqqı aldığına görə enerjisini daha çox ora sərf edir. «Bunun müqabilində mən həyatımı təmin edirəm. Ona görə də o uşaqları hazırlamalıyam» - deyə düşünür. Ancaq orta məktəbdə həmin təminat olmadığına görə uşaqları sadəcə yola verir”. N.Mehdixanlı bəzən cəmiyyətdə səslənən "Əsas təminat deyil, millətinin övladını sevməlisən» fikirlərinə də münasibət bildirir: "Bu fikirlərin əsası yoxdur. Müəllim də bu ölkənin vətəndaşıdır. O, hər şeydən əvvəl millətinin, dövlətinin taleyini həll edən şəxsdir. Ona görə bu insanlara qayğı olmalıdır. Hesab edirəm ki, müəllimlər və ordu bütün mənalarda təmin olunmalıdır. Çünki onlar mənəvi dünyamızın və ölkəmizin, bayrağımızın qoruyucularıdır. Müəllim üçün kimsədən asılı olmayan, mənəvi ehtiyatların içində çırpınmayan və yalnız peşəsi ilə məşğul olmağa imkan verən şərait yaradılmalıdır. Zaman çox şeyi dəyişə bilər. Demirəm, 200-300 il geriyə gedək. Ancaq o vaxtlarda yaxşı şeylər də var idi. Onları bu günümüzə tətbiq edək. Hesab edirəm ki, bu gün təhsil sahəsində islahatlar davam etdirilməli, yaxşı təcrübələr yayılmalıdır. Biz də bir vətəndaş olaraq hər zaman müəllimlərin yanında olmağı bacarmalıyıq».
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər