Evlənmək istəyən yoxdur? - ARAŞDIRMA
"İnsanlar 150 nəfərlə toy etmək istəmirlər. Onlar
gözləmə mövqeyindədirlər. Nə zaman 300-500 nəfər çağıra bilsələr, onda toy edəcəklər
ki, çəkdikləri xərci çıxara bilsinlər. Hazırda toyu o insanlar edir ki, maddi vəziyyətləri
normaldır, xərcə düşməkdən qorxmurlar”.
Yadımdadır, çox yox, bundan iki il öncəyə qədər məhərrəmlik
və matəm günləri istisna olmaqla, hər gün toy edənlərin sədasını eşidirdik. Ya
toy korteji ilə rastlaşır, ya hansısa binadan gələn vağzalının əks-sədasını
eşidir, ya da açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Hələ həftə
sonları... Əgər həftə sonudursa, qadınlar üçün gözəllik salonlarında yer tapmaq
müşkül məsələ idi. Ta ki, pandemiyaya qədər.
Toy səsinə həsrət idik...
Məlumdur ki, pandemiya səbəbindən bir ildən çox
müddətdə toylar qadağan olunmuşdu. Toy səsinə həsrət idik. İyulun 1-dən
qaydalara riayət etməklə kütləvi şənliklərə rəsmi şəkildə icazə verildi. Qonaqların
sayının 50-150 nəfərdən çox olmaması, yaşı 18-dən yuxarı olanlardan COVID-19
pasportu tələb edilməsi, masalar arasında məsafənin qorunması tələbi ilə
toyların keçirilməsinə icazə verildi. Karantin qaydalarının yumşaldılmasından
sonra, sözün əsl mənasında toy-toya qarışdı. Toy etmək üçün aylardır gözləyənlər
şadlıq evlərinə axın etdilər. Məhz həmin günlər şadlıq sarayları, restoranlarda
yer tapmaq mümkün deyildi. Hər kəs 1 ildən çoxdur ki, gözlədiyi toy həsrətinə
qovuşmağa can atır, pandemiya dövründə evlənənlər, övlad sahibi olanlar belə
yenidən toy edirdilər. O qədər çox toy olurdu ki, sosial şəbəkələrdə gün ərzində
4-5 toya çağırılanlar narazılıq edirdilər.
"Toysuzluğa öyrəşdik, yoxsa...”
İndi isə "sanki qurbağa gölünə daş atılıb” misalını
gətirsək, yanılmarıq. Nə toy var, nə karvanı... 1 il öncəsinə qədər toylarla
bağlı qadağanın götürülməsini həsrətlə gözləyən əhali indi, demək olar ki, toy
etmir. Səbəb nədir? Toysuzluğa öyrəşdik, yoxsa evlənmək istəyən yoxdur?
Virusdan qorxurlar?
Şəhərin məşhur şadlıq məkanları ilə əlaqə saxladıq.
Demək olar ki, əksəriyyəti sifariş gözləyir. Deyirlər ki, yay ayları ilə müqayisədə
toy sifarişləri 70 faiz azalıb. Əvvəllər toy etmək üçün 6 ay öncədən müraciət
etməli olduğumuz məşhur restoranlardan birində noyabr ayında cəmi 2 toy var.
Restoran sahibləri məhərrəmlikdən sonra canlanma gözləsələr də, vəziyyət istənilən
kimi olmayıb. Adının açıqlanmasını istəməyən restoran işçisi deyir ki,
insanların əksəriyyəti virusdan qorxduğu üçün toy etmək istəmir: "2019-cu ildə bizim restoranın boş günü
olmurdu. Heç məhərrəmlikdə də belə boşluq yox idi. İnsanlar virusdan qorxduğu
üçün yumşalmaların olmasını gözləyirlər. Çünki 150 nəfərlə heç kim toy etmək
istəmir. Bu, nə restorana sərf edir, nə də toy yiyəsinə”.
Bu toyları edənlər o insanlar idi ki...
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, məhdud sayda qonaqların iştirakına icazə
verildikdən sonra məhz koronovirus səbəbindən toyları təxirə düşənlər məcburiyyət
qarşısında toy etdilər: "Koronavirusla bağlı qadağalar yumşaldıqdan sonra 150 nəfərlik
toylara icazə verildi. Bu toyları edənlər o insanlar idi ki, onların buna son dərəcə
ehtiyacları var idi. Ya ailələr hansısa formada problem yaşayıb, toyu etmək məcburiyyətində
qalırdılar, ya da pandemiyadan əvvəl bütün hazırlıq işləri görüldüyü üçün buna
məcbur olurdular. İcazə verilən kimi dərhal bu fürsətdən istifadə etdilər və həmin
vaxt toy bumu yaşandı”.
"150 nəfərlik limitlə bu, mümkün deyil”
Ekspert vurğulayır ki, hazırda toylar arasında müəyyən
qədər fasilələrin yaranmasının əsas səbəbi maliyyə məsələləri ilə bağlıdır: "Toylarda
dəyişən və ümumi xərclər var. Dəyişən xərclər dəvət edilmiş qonaqlara çəkilən xərclərdir.
Adətən ortabab restoranlarda bir adama 35-50-65 manat pul hesablanır. Bu, dəyişən
xərclərdir. Məsələn, 100 nəfəri toya dəvət edib 65 manatdan hesablasaq, 6500 manat,
150 nəfərə isə 9000 manat xərclənir. Bununla paralel, ümumi xərclər var ki,
bura qızıl, gəlin maşını, paltar xərcləri və s. daxildir. Buna da ən az indiki
reallıqla 9-10 min manat pul xərclənir. 150 nəfərlik toy edən şəxsin ümumilikdə
19 min manat xərci çıxır. Toy yiyəsinə gəliri qonaqların sayı gətirir. Say az
olduqda daha açıq desək,150 nəfərdən 19-20 min pul toplamaq mümkün deyilsə, toy
etmir. O insanlar toy edir ki, topladığı gəlir onlar üçün göstərici deyil. Çox
vəsait xərcləməklə toy etməyə razıdırlar. Yetər ki, toyları olsun. Onlar gəlir
götürmək düşüncəsində deyillər. Amma bilirik ki, bizim cəmiyyətdə insanların
böyük əksəriyyəti, heç olmasa çəkdikləri xərcin, sərf etdikləri vəsaitin toyda
yığılmasını arzulayır, buna çalışırlar. 150 nəfərlik limitlə bu, mümkün deyil.
Burada ancaq ziyana gedirsən”.
"İnsanlar nə vaxt 300-500 nəfər qonaq çağıra bilsə...”
Həmsöhbətimizin sözlərinə görə, insanlar nə vaxt
300-500 nəfər qonaq çağıra bilsə, o zaman toy, çal-çağır səsini də çox eşidəcəyik:
"İnsanlar 150 nəfərlə toy etmək istəmirlər. Onlar gözləmə mövqeyindədirlər. Nə
zaman 300-500 nəfər çağıra bilsələr, onda toy edəcəklər ki, çəkdikləri xərci
çıxara bilsinlər. Kökdə duran məsələ budur. Hazırda toyu o insanlar edir ki,
maddi vəziyyətləri normaldır, xərcə düşməkdən qorxmurlar, xərc olsa belə, elə
bir zərurət yaranıb ki, bu ailənin qurulması mütləqdir, hər hansı digər səbəblərdən
dolayı nikah baş tutmalıdır. Bu say da çox azdır. Məcburiyyət qarşısında
olanlar artıq yay aylarında arzularına çatdılar. İndi isə hər kəs gözləyir. Ona
görə də, toyların kəskin səngidiyini müşahidə edirik”.
Aygün ƏZİZ