• çərşənbə, 24 Aprel, 05:26
  • Baku Bakı 14°C

“Evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar” - Fotolar

22.05.19 09:00 3740
“Evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar” - Fotolar
O, bu sənət üçün doğulub. Daha çox dram janrının qəhrəman qadını olmağı istədiyi halda, onun qismətinə televiziya seriallarında komediya obrazları düşüb. 4 il İrəvan Dövlət Azərbaycan Dram Teatrında irili-xırdalı bir çox obrazlara can verib. Hər dəfə onu fərqli amplualarda, müxtəlif səpkili rollarda görmüşük. Bu dəfə isə Xəzər televiziyasının reytinqli seriallarından olan "Xalxın evi”ndə Mirvari obrazında görürük. Müsahibimiz aktrisa, pedaqoq Ruhiyyə Yəhyayevadır.Serialda Mirvari həyat yoldaşı Xoşbəxtin bir növ xoşbəxtliyini əlindən alır, bir çoxları isə onu Xoşbəxtin xoşbəxtlik simvolu kimi qiymətləndirir. Mirvari evin kişisi missiyasını yerinə yetirir. Evin kişisi Xoşbəxt isə yemək bişirir, evləri təmizləyir, qızına evdar xanım olmağın sirlərindən danışır. Ruhiyyə xanımın Mirvari obrazı cəmiyyətdə heç də birmənalı qarşılanmır. Biz də sevilən aktrisa Ruhiyyə Yəhyayeva ilə görüşdük, onun canlandırdığı obrazın cəmiyyətdəki əks-sədasından danışdıq.
- Ruhiyyə xanım, ilk dəfə Mirvari obrazına təklif aldıqda, tərəddüd etdiyiniz məqamlar oldumu?
- Sevdiyim peşə ilə məşğulam. Əgər bu sənətdə xoşbəxtəmsə, təklif olunan obrazları geri çevirməməyə çalışıram. O zaman roldan imtina edərəm ki, onu çəkən rejissor, komanda heyəti qeyri-peşəkar olsun. Əks təqdirdə, mənə təklif edilən bütün maraqlı obrazları canlandırıram. "Xalxın evi” serialı yaradıcılığımda xüsusi bir yer tutur. Çünki bu mənim üçün heç də "xalx” deyil, elə doğma insanlardan ibarət bir komanda heyətidir.
- Həyatda Mirvari kimi xanımlarla rastlaşmısınızmı?
- Təəssüf ki, qarşılaşıram. Mirvari kimi xanımların evdə başçılıq etməsində günahı kişilərin zəifliyində görürəm. Əgər evin kişisi güclü olarsa, qadın öz zərifliyində qalar. Kişi evi idarə etməyəndə, istənilən bir mövzuda zəiflik göstərəndə, bütün yüklər qadının çiyinlərinə düşür. İstər-istəməz, evin xanımı qadınlıqdan çıxır, kobudlaşır, kişiləşir və evdə kişi rolunu oynamağa başlayır.
- Siz Mirvarinin yerində olsaydınız, necə hərəkət edərdiniz?
- Mirvarinin yerində olmağı heç istəməzdim. Mirvarini həyat buna məcbur edir. Bir kişi ki evdə oturub həyat yoldaşına "qabları yuyummu?”, "yemək bişirimmi?” deyir, o kişinin yeri ancaq mətbəxdir. Belə olduğu halda, qadın məcburdur ki, evə başçılıq etsin.
- Ancaq bir çox xanımlar özlərini Mirvari obrazında görüb, bununla fəxr edirlər.
- Mənim müşahidəmə görə, bu serial bəzi kişilər tərəfindən sevilmir. Hesab edirəm ki, onlar burada özlərini gördükləri üçün serialı sevə bilmirlər. Elə ailələr var ki, həqiqətən bu, kişiləri qıcıqlandırır və obrazı söyməyə başlayırlar. Mirvariyə də "belə qadınmı olar?” - deyə rişxənd edirlər. Ancaq həyatda o qədər xanımlar olub ki, mənə yaxınlaşaraq "siz eynən bizi canlandırmısınız” deyərək özləri ilə öyünürlər. Elə xanımlarla rastlaşanda içim acıyır və onların gözlərində taleyi ilə barışmış Mirvariləri görürəm.

- Bəzən insan nəyi daha çox təbliğ etməyə çalışırsa, özü də onu mənimsəməyə başlayır. Sizin xasiyyətinizdə mirvariləşmə gedirmi?
- (Gülürük) Bir az olur. Bəzən hansısa məqamda özümü unuduram, o zaman anam və yoldaşım mənə xəbərdarlıq edir ki, "sən Mirvari deyilsən”. Mən ev işləri görəndə bir az kobud hərəkət edirəm. Anam yarızarafat deyir ki, sən elə öz yerini tapmısan. Səs tonum bir az yüksək olanda, yoldaşım "sən evdəsən, bura çəkiliş meydançası deyil” – deyərək xəbərdarlıq edir.
- Mirvari, nə olursa-olsun, hər zaman qayınatasına qarşı böyük hörmətlə yanaşır. Onun mənfi xüsusiyyətləri olsa da, müsbət xüsusiyyətləri də az deyil.
- Mirvari qadındır. İstənilən qadın həyatda nə qədər kobud, hay-küylü olsa da, onun daxilində kövrək, zərif bir insan var. Elə qadınlar olur ki, ömrü boyu susur, dözür, yaşadığı hadisələr qarşısında səsini çıxarmır və günün birində içində olan o qəzəbi, kini üsyan edərcəsinə büruzə verir. İllərdir daşıdığı yükü kobudcasına bildirəndə, bu, kənar insanlar tərəfindən çox pis qarşılanır. Belə olan halda, qadın zərifliyini unudur və məcbur olur ki, çiyinlərinə ağır yük götürsün, çevrəsindəki insanlara qarşı kobud davransın. Əslində Mirvari o qədər məzlumdur ki...
- Ruhiyyə ilə Mirvarini bir-birinə bağlayan ortaq xüsusiyyət varmı?
- Real həyatda mən Mirvaridən tamamilə fərqli insanam. Mirvari mənim tam əksimdir. O, mənim içimdən gələn bir qadın harayıdır. Elə bir haray ki, onun qadın olduğunu özünə hiss etdirmir. Bizim yazılmamış qanunlarımız var və elə hesab edirik ki, qadın həm işə getməli, həm də uşağa baxmalı, evin gündəlik qayğıları ilə məşğul olmalıdır. Çox zaman deyirik ki, qadınla kişinin hüquqları bərabərdir. Ancaq mən evdə olduğum halda yoldaşım yemək bişirərsə, bunu qəbul edə bilmərəm. Demək qadın doğulduğu gündən o yükü çiyinlərində daşıyır. Axı sən qadınsan və bu işləri görməlisən, buna məhkumsan. İstər alim, istər həkim, istər mühəndis - hansı peşənin sahibi olmağından asılı olmayaraq, sənin qadınlığın evdə bilinməlidir. Bədbəxtçiliyimiz burasındadır ki, bizim qadın aktrisalarımızın ailə, şəxsi həyatları bu üzdən dağılır. İnsanlar elə zənn edir ki, əgər xanım aktrisadırsa, bütün gecə tədbirlərdə, çəkilişlərdə olacaq və ev işləri görməyəcək. Aktrisalıq ən incə, zərif duyğuya malik olan bir sahədir. Əksinə, aktrisalar daha gözəl həyat yoldaşı, ana, bacı, qadın ola bilirlər. Çünki onlar bütün incə məqamlardan xəbərdardılar.
- Cəmiyyətimizdə aktrisalara qarşı olan yanaşma həqiqətən birmənalı deyil.
- Çox zaman oğlanlarımız hansısa bir aktrisaya elçi gedəndə, valideynləri, çevrəsindəki insanlar onu bu yoldan daşındırmağa çalışırlar. Kimsə bir aktrisa ilə ailə qurmaq istəyəndə, "o sənə necə xanım olacaq?”, "necə yemək bişirəcək?”, "aktrisaların səhnədə, kinoda tərəf müqabilləri kişilər olur, gedib onlara toxunurlar” və bu kimi ifadələr səsləndirirlər. Adi həkimləri götürək, məgər onlar iş prosesində gecə növbəsində qalmırlarmı? Yad kişiləri müayinə etmək üçün onlara toxunurlarmı? Xanımlarımız kişi ginekoloqlarımızın qəbuluna getmirlərmi? Aktrisalar üzdə olan insanlar olduğu üçün insanların onlara qarşı yanaşması daha çox diqqət çəkir. Və kökündən yanlış olan bu yanaşmanı dəyişmək lazımdır.
- Çox zaman bəziləri deyir ki, biz Azərbaycan televiziyalarına, seriallara baxmırıq. Ancaq yeri gələndə, serial qəhrəmanlarını elə təsvir edirlər ki... Siz belə hallarla rastlaşmısınızmı?
- Əlbəttə, seriallarımızı tənqid, bəzən təhqir edənlər bizim daimi izləyicilərimizdirlər. Mən bir tərəfdən onları qınayır, digər tərəfdən isə haqq qazandırıram. Bu gün işsizlikdən insanlar evə qapanır və televiziya qarşısında əyləşirlər. Bəyənməyərək, sevməyərək, təhqir edərək, müzakirə edərək televiziyalarımızı izləyirlər. Həqiqətən bu gün efirlərimiz biabırçı vəziyyətdədir. Axı milyonların gözü efirə baxır, bizim övladlarımız televiziya qarşısında böyüyür. Onlar televiziyamıza baxıb nə örnək götürəcəklər? Şou verilişlərinə baxırlar və onların hərəkətlərinə "belə də olmalıdır” deyirlər. Uşağa nəyisə irad tutanda deyir ki, yaxşı deyilsə, bunu niyə televiziyada göstərirlər?
- Buna görəmi sizi televiziya verilişlərində görə bilmirik?
- Hər peşənin öz missiyası var. Efirə çıxıb ailəmdən, yeməkdən, xəstəlikdən danışıb, başqalarına söz atıramsa, mən onda necə sənətkaram? Bu "sənət” sözünü nəyə görə alçaldıram? Bunun üçün imtina etdiyim verilişlər çox olub. Hər hansı efirə dəvət alanda, onlardan nədən danışacağımı, hansı mövzunu müzakirə edəcəyimizi soruşuram. Əsas məsələ odur ki, efirə çıxıb insanlara nə verəcəm? Elə ondansa, başımı aşağı salıb pis-yaxşı obrazımı canlandırıram. Hərdən elə verilişlərə dəvət alıram ki, o verilişlərdə başqalarının həyatları müzakirə olunur. Hər zaman da aparıcılara deyirəm ki, məndən məni soruşun. O yerdə, sözün əsl mənasında ədəbiyyat, incəsənət, təhsil varsa, az da olsa öz bildiklərimi sizinlə bölüşərəm, ancaq kiminsə həyatını müzakirəyə çıxarmağın tərəfdarı deyiləm.
- Dram aktrisasının komediya janrında oynaması necə bir hissdir?
- Hər kəs məni dram aktrisası kimi tanıyır və o cür də qəbul edib. Sözün həqiqi mənasında dram obrazlarını daha çox sevirəm. Komediya isə mənim daxili dünyama bir qədər yaddır. Ancaq nədənsə rejissorlar məni komediyada görürlər. Mirvari mənim ürəyimcə olan bir obrazdır.
- Dörd il İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmısınız. Teatr səhnəsi üçün darıxmırsınız?
- Özümü ancaq teatrda görürəm. İçimdə bir inamsızlıq var, elə bilirəm ki, hansısa teatra getsəm, mənə "yox” deyərlər. Akademik Milli Dram Teatrında çalışmaq istəyərəm. Hazırda eyni zamanda Bilgəhdə 11 saylı internat məktəbində tərbiyəçi-müəllimə olaraq da çalışıram. Həm çəkiliş, həm məktəb - iş qrafikimi elə qurmuşam ki, əlavə zamanım qalmır. Ona görə də yaxın zaman ərzində belə bir şey planlaşdırmamışam.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər