Evimizə gələnə qədər “itən” istilik - ARAŞDIRMA
İlham Şaban: "Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin
nə istehlakçılara, nə də dövlətə faydasını görmürəm. Çünki Azərbaycandan kənarda
gördüklərimlə Azərbaycanda gördüklərim arasında diametral fərq var”.
Gələn il dövlət büdcəsindən "Azəristiliktəchizat”
ASC-yə 41,1 milyon manat subsidiya ayrılacaq. Bu məsələ "2022-ci il dövlət büdcəsi
zərfi haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, 2021-ci ilin
təsdiq olunmuş proqnozu ilə müqayisədə 58,1 faiz çoxdur. Subsidiya, satış
tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə
görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub. Bəs subsidiyanın
artırılması istilik təchizatının keyfiyyətinə necə təsir edəcək? Hər il qış
dövründə mərkəzləşdirilmiş
istilik sistemindən istifadə edən abonentlər bu subsidiyanın "istisinə” isinə
biləcəklərmi?
Tədbirlər planına əsasən...
"Azəristiliktəchizat”
ASC-nin məlumatına əsasən, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması
ilə bağlı tədbirlərin icrası başa çatdırılıb: "Respublikanın dağ və dağətəyi
rayonlarında noyabrın 1-dən istilik verilir. Digər ərazilərdə, o
cümlədən Bakı şəhərində 15 noyabr tarixindən istiliyin verilməsinə başlanacaq.
Bununla əlaqədar olaraq, quruma məxsus 554 qazanxana istismar edilməklə, 3871
yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası,
161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin
istiliklə təmin edilməsi nəzərdə tutulur. Bütün qazanxana və istilik məntəqələrində
nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə
aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının,
avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib,
magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan
keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək
yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.
Tədbirlər planına əsasən, 554 qazanxana və 90 istilik məntəqəsi kompleks
yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir
olunub”.
Qurum istilik təchizatı sistemində 2021-2022-ci illər
istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində əhəmiyyətli işlər gördüyünü
vurğulayır.
"100 milyon manat da ayrılsa...”
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə qurumun işi ilə bağlı hər hansı müsbət dəyişikliyin
olacağına inanmır. Subsidiya məsələsinə gəldikdə isə ekspert deyir ki, bu quruma
100 milyon manat da ayrılsa, effekt verməyəcək: "Mən Avropa ölkələrini misal gətirmirəm.
Sovet məkanında Rusiya, Ukrayna, Qazaxıstanla müqayisə etdikdə bizim "Azəristiliktəchizat”
uzaqlarda qalan bir xidmət qurumudur. Onlara 100 milyon manat subsidiya ayrılsa
da, xeyri yoxdur. Əgər əvvəlki dövrlərə baxsaq, bu cür subsidiyalar dəfələrlə
olub. Bəs nəticəsi nədir? Mən hələ mərkəzi istilikdən istifadə edən müsbət
fikirli insan görməmişəm. Dövlət onlar üçün subsidiya ayırır, onlara bazar qiymətindən
də aşağı qaz verir ki, o qazı istiliyə çevirsinlər və evlərin istilik təminatını
qış dövründə həyata keçirsinlər. Nəticə sıfırdır”.
"Əgər evdə normal istilik olarsa...”
Ekspert vurğulayır ki, əgər evdə normal istilik
olarsa, insanlar alternativ yolla istilik təmin etməzlər: "İnsanlar istiliyi
qazdan deyil, elektrikdən alırlar. Elektrikdən alınan istilik "Azəristiliktəchizat”ın
təklif etdiyindən ən azı 3 dəfə bahadır. Qış aylarında insanların xərclərinin
çoxu istiliyə gedir. Yayda kondisionersiz keçinə bilərik. Amma 6 ay müddətində
istiliksiz keçinmək olmur. Ona görə də, vətəndaş əlində nəyi varsa, ona xərcləyir”.
Kommersiya baxımından özünü doğrultmayan qurum...
Həmsöhbətimizin sözlərinə görə, qonşu ölkələrdə
dövlətdən verilən istiliklə nəinki evlər, binaların blokları belə isidilir ki,
insanlar üçün komfort olsun. Lakin bizdə evin bir otağı belə isinmir. İnsanlar
da görür ki, bununla otaqları isitmək mümkün deyil, elektrikdən istifadə ediblər.
Buna görə də, istiliyə görə pul ödəmirlər. Bu qurum kommersiya baxımından özünü
doğrulda bilməyən dövlət qurumudur, daim büdcədən pul alır. Göstərilən xidmət məni
qane etmirsə, nə üçün ona pul verməliyəm? Hesab edin ki, həftənin 2 günü istilik
olur, hava soyuyan kimi isə olmur. Qurumun rentabellikdən aşağı səviyyədə fəaliyyət
göstərməsi düzgün deyil. Əgər hamı individual istilik sistemindən istifadə
edirsə, bu qurum nəyə lazımdır? Mən ekspert kimi onların fəaliyyətinin nə
istehlakçılara, nə də dövlətə faydasını görmürəm. Çünki Azərbaycandan kənarda
gördüklərimlə Azərbaycanda gördüklərim arasında diametral fərq var”.
Çıxış yolu...
Ekspert vurğulayır ki, yeganə çıxış yolu kimi onun
qısa bir zamanda dövlətsizləşdirilməsi, yəni özəlləşdirilməsi olardı. Bundan həm
dövlət qazanardı, həm də abonentlər.
"Borcu olan qazanxanalara qaz verilməyəcək”
Məlumat üçün bildirək ki, "Azəristiliktəchizat”
Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manata
yaxın borcu var. "Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan
Əliyev borcu olmayan qazanxanalara qaz veriləcəyini bildirib: "Qazın
açılışının təmin olunması üçün "Azəristiliktəchizat” ASC tərəfindən "Azəriqaz”
İB-yə müraciət olunmalıdır. Bizdə olan məlumata görə, hazırda ölkədə 506
qazanxana fəaliyyət göstərir. Müraciət olduqda borcu olmayan qazanxanalar üzrə
qazın açılışını təmin edəcəyik. Qalan borc məsələsi gündəmdə qalır”.
Aygün ƏZİZ