• şənbə, 20 Aprel, 10:49
  • Baku Bakı 14°C

Evdə sağlam mikroiqlim yaratmaq soyuqdəymənin qarşısını almağa kömək edir

19.01.22 11:00 730
Evdə sağlam mikroiqlim yaratmaq soyuqdəymənin qarşısını almağa kömək edir
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov uşaqlarda rast gəlinən virus infeksiyaları, uşaqların immunitetinin gücləndirilməsi üsulları barədə valideynlərə tövsiyələrini verib.Kaspi.az həmin müsahibəni təqdim edir.
- Xəstəliklərin ağır gedişatının qarşısını almaq məqsədilə uşaqların immun sistemini necə gücləndirmək olar?
- Virus infeksiyaları epidemiyası zamanı əməl edilməli olan ümumi gigiyena tədbirləri barədə (əllərin yuyulması, qoruyucu tibbi maskalardan istifadə, insanların daha çox toplaşdığı yerlərə getməmək, kütləvi tədbirlərdən uzaq olmaq və s.) KİV-də kifayət qədər məlumatlar var. İmmunitet sisteminin gücləndirilməsi isə çoxkomponentli və uzunmüddətli prosesdir. Lakin hər bir ailə üçün sadə və əlçatan tövsiyələr var. Bir sıra üsullarla həm immuniteti, həm də bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı ümumi müqavimətini qorumaq olar.Uşaqlarda erkən yaşlarından yeməkdən əvvəl və sonra əllərini yumaq vərdişini inkişaf etdirmək lazımdır. Burun və boğazın təmizliyi və gigiyenası uşaq üçün vacibdir. Uşağınızı erkən yaşlarından yeməkdən sonra və küçədən qayıdarkən əllərini sabunla yumağa və ağzını, burnunu və boğazını su ilə yaxalamağa öyrəşdirin. Bu prosedur selikli qişalarda qoruyucu immun hüceyrələrin istehsalını stimullaşdırır.
- Uşağın immun sisteminin qoruyucu funksiyasının azalmasına və tez-tez respirator xəstəliklərin yaranmasına səbəb nədir?
- Qidanın, xüsusilə şirniyyatların qeyri-müntəzəm qəbulu, körpənin həddindən artıq isti bükülməsi, fiziki fəaliyyətin olmaması immunitetin azalmasına və tez-tez tənəffüs xəstəliklərinə səbəb olan amillərdir.İmmun sistemə dəstəyin əsasını dərmansız üsullar təşkil edir. Buna gündəlik rejim, düzgün qidalanma, uşağın fiziki fəaliyyəti, təmiz və açıq havada gəzməsi və s. daxildir. Nəzərə almaq lazımdır ki, gəzintilərin müddəti gündə ən azı 2 saat olmalıdır. Təəssüf ki, bəzi valideynlər uşaqların immunitetini gücləndirmək üçün aptekdən vitamin və ya həb almağa daha çox üstünlük verirlər.
- Uşaqlarda bədən temperaturu yüksəldiyi zamanı nə etmək lazımdır?
- Əgər uşağın qızdırması varsa, valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir.Adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hansısa infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır. Uşaqlarda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Ona görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu fərqləndirmək lazımdır.Qızdırma olduqda uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin bədəndən kənarlaşdırılması prosesi zəifləyir. Ona görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye içirtmək vacibdir. Körpənin yaşından və onun zövqündən asılı olaraq maye, şirin və qazlı içkilər istisna olmaqla, adi su, qurudulmuş meyvələrin həlimi, meyvə şirələri və s. verilə bilər. Eyni zamanda, maye otaq temperaturunda və ya bir qədər isti olmalıdır. Qusmanı təhrik etməmək üçün maye və ya sulu yemək az porsiyalarla verilməlidir.Bundan əlavə, evdə sağlam mikroiqlim yaratmaq vacibdir. Bu, tənəffüs prosesini normallaşdırmağa və soyuqdəymənin qarşısını almağa kömək edir. Həmçinin körpənin həddindən artıq isti bükülməsi, onun bir neçə ədyal ilə örtülməsi tövsiyə olunmur. Geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir.
- Hansı hallarda temperatur aşağı salınmalıdır?
- Əgər bədənin istiliyi 38 dərəcədən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir. Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu halda, onun temperaturu aşağı salınmalıdır. Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal səviyyəyə endirməyə çalışmaq lazımdır.
- Uşağın hərarəti uzun müddət normadan yüksək olarsa, valideynlər nə etməlidir?
- Əgər uşağın hərarəti 38 dərəcədən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona hərarətsalıcı dərmanlar vermək tövsiyə olunur. Müsbət ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahasının yaxşılaşmasıdır. Hərarətsalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə həmin preparatlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək.Sonda vurğulamaq istərdim ki, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan və risk qrupunda olan digər uşaqlara qrip peyvəndi vurulması tövsiyə olunur.
banner

Oxşar Xəbərlər