• cümə axşamı, 25 aprel, 03:36
  • Baku Bakı 19°C

Ətraf mühitin mühafizəsi və bu sahədə ekoloji normativlərə riayət edilməsi məsələləri

23.04.19 10:00 12676
Ətraf mühitin mühafizəsi və bu sahədə ekoloji normativlərə riayət edilməsi məsələləri
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
İnsan cəmiyyətinin inkişafı təbiətlə birbaşa və dolayısı ilə qarşılıqlı əlaqə olmadan mümkün deyil. İnsanların tələbatını ödəmək, eyni zamanda onun inkişafını təmin etmək üçün bərpa olunan və bərpa olunmayan sərvətlərindən intensiv şəkildə istifadə olunur. İnsan öz həyatı üçün vacib olan hər şeyi (enerji, qida və s.) təbiətdən alır. Məhz buna görə də təbii ehtiyatların əhəmiyyətini və onların illərdən bəri davam edən istismarının təkcə bizim üçün deyil, həmçinin də gələcək nəsillər üçün təhdid olduğunu tam şəkildə dərk etmək və onların bütün növ israfından mümkün qədər qaçırmaq lazımdır. Təbiət insanın həm də estetik tələbatının təminat mənbəyidir. Bununla belə, insanın təbiətə təsirinin güclü xarakter alması müqayisə edilə biləcək dərəcəyə çatmışdır ki, bu da insan cəmiyyəti ilə təbiət arasındakı qüvvələr nisbətində kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur.
Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Ekoloji siyasətimizin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda son illər Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ – texniki sənədlər tərtib edilmişdir.
Respublikamız müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu siyasəti həyata keçirən Ulu Öndərimiz Heydər Əliyevin "Ölkəmizdə bir ağacın bir budağını kəsən şəxs mənim qolumu kəsmişdir” ifadəsi ulu öndərin bu mövzuda həssasiyyətini ortaya qoyur.
Azərbaycan Respublikasıson illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Ekoloji siyasətimizin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda ətraf mühitin mühafizəsi sahəsində bir sıra mühüm qanunlar qəbul olunmuşdur. «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununu» buna nümunədir.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə və 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə uyğun olaraq, təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
26 fevral 2019 - cu il tarixli Baş Nazir Novruz Məmmədovun imzaladığı "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” na dəyişiklik edilərək aşağıdakı yarımbənd əlavə edilmişdir. Bu yarımbənd "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi”ni əhatə edir.
01 mart 2019-cu il tarixdə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu fərmanda, Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsinin I hissəsini rəhbər tutaraq, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar dəyişikliklər edilməsini qərara alımışdır. Həmin dəyişikliklərə aşağıdakı məsələləri əhatə edir:
- ETSN ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirir;
- ETSN kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunmasının, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirir və həmin sənədlərə dair ekspertiza rəyi verir;
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı verir, attestatın qüvvədəolma müddətini dayandırır və ya onu ləğv edir;
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;
- Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir.
Azərbaycan Respublikasında iqlim dəyişmələrinin, təbii ehtiyatların səmərəli istifadəsi, onlara qarşı gözlənilən mənfi təsirləri yumşaltmaq və mümkün qədər azaltmaq, ətraf mühitin mühafizəsinin tənzimlənməsi ilə əlaqədar müəssisələrdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) və ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması zərurəti meydana çıxır. Ekoloji-texniki normativ sənədlər dedikdə Ekoloji Pasport, Atmosferə atıla bilən tullantı həddi (ABTH), Təhlükəli tullantıların pasportu, Buraxıla Bilən Axıntı Həddi (BBAH), Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması və digər bu xarakterli sənədlər nəzərdə tutulur və mövcud qanunvericilik, standartlar, rəhbər, metodiki göstərişlər və tövsiyələr nəzərə alınmaqla, müəssisənin istehsal xarakterindən, yerləşmə mövqeyi və şəraitindən asılı olaraq işlənib hazırlanır.
İnventarizasiya zamanı əsasən müəssisənin atmosferə etdiyi fiziki təsirlərin öyrənilməsi, müəssisədə yerləşən texnoloji avadanlıqların siyahısı, istifadə etdikləri nəqliyyat vasitələri qeyd olunur. Bütün bunların ətraf mühitə etdiyi təsirlər cədvəllər şəklində göstərilir. ABTH normativləri layihəsi ətraf mühitin ekoloji vəziyyətinin düzgün qiymətləndirilməsində başlıca amil sayılır.
ƏMTQ-nin məqsədi nəzərdə tutulan iqtisadi fəaliyyət zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin mövcudluğunun aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi və ya istisna edilməsi, yaxud onun minimal səviyyəyə endirilməsi üçün tədbirlərin hazırlanması və həyata keçirilməsidir.
Nəticədə, normativ hüquqi aktlardan irəli gələn tələblərə, həmçinin də ekoloji vəziyyətin və əhalinin sağlamlığının yaxşılaşdırılması üçün hər bir sənaye müəssisəsinin ekoloji normativ-texniki sənədlərinin hansı ki ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə, müəssisələrin təsərrüfat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsini təmin edən norma və qaydaların tətbiqi, onlara nəzarətin həyata keçirilməsi, zəruri hallarda operativ qərarların qəbul edilməsi və ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətin idarə edilməsi işinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir, işlənib hazırlanması olduqca vacibdir.
Bu gün Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sahəsində ciddi islahatların həyata keçirilməsinin səbəbi günümüz və gələcək nəsillər üçün ekoloji təmiz mühitin miras buraxılmasıdır. Atalarımızın deyimi ilə desək "Sağlam ruh sağlam bədəndə olar”.
Bu islahatlar Azərbaycan Respublikası daxilində fəaliyyət göstərən və yerin geosferalarına (atmosfer, litosfer, hidrosfer və biosfer) təsir göstərən hər hansı sənaye və ya kənd təsərrüfatı sahələrinin əvvəlcədən qanunvericilik əsasında müəyyən edilmiş, tullantıların Yol verilə bilən hədd qatılığı (YVHQ) normativləri əsasında müəssisələrin fəaliyyət dərəcəsini müəyyən edir.

Kənan Kərimli,
EKomonitorinqMMC-nin direktoru


banner

Oxşar Xəbərlər