• cümə, 29 Mart, 10:09
  • Baku Bakı 5°C

Eşqin Quliyev: “Belə festivallar biz gənclər üçün böyük önəm daşıyır”

31.10.16 11:40 2712
Eşqin Quliyev: “Belə festivallar biz gənclər üçün böyük önəm daşıyır”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Eşqin Quliyev Moskvada keçirilən "Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi uğurla təmsil edib.
Səfərdən dönər-dönməz təəssüratlarını "Kaspi” ilə bölüşən aktyor bildirdi ki, "Территория” XI Beynəlxalq Müasir İncəsənət Festivalı Moskva tamaşaçıları, görkəmli teatr xadimləri ilə yanaşı, yerli və xarici mətbuat orqanlarının da maraq dairəsini əhatə edir: "Belə bir festivala qatıldığım üçün özümü xoşbəxt hiss edirəm. Festival haqqında onu deyə bilərəm ki, Festival-məktəbin keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısını, festivalın tələbə-iştirakçılarını, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarını müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Sözügedən festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutub. Yarandığı gündən paytaxtın mədəni həyatında əhəmiyyətli yer tutan bu festival-məktəb Rusiya miqyasında mühüm təhsil layihəsi kimi çıxış etməkdədir. Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir. 10 gün ərzində davam edən festivalda dünyanın ən tanınmış teatr xadimləri - İan Vuldric (Böyük Britaniya), Yan Fabr (Belçika), Ştefan Keqi (Almaniya), Qjeqoj Yajina (Polşa), Murad Merzuki (Fransa), Tilman Xeker (Robert Uilsonun komandası, Almaniya – ABŞ), Qidon Kremer (Latviya), eləcə də Rusiyanın nüfuzlu teatr mütəxəssisləri – Valeri Fokin, Yevgeni Pisarev, Andrey Bartenev bizə master-klass və təlimlər keçdilər. Tədbirdə həmçinin, festivalın bədii rəhbəri Yevgeni Mironov və art-direktorlar Çulpan Xamatov, Roman Doljanski, Kirill Serebrennikov, Andrey Urayevin iştirakı ilə də görüşlər və müzakirələr keçirildi”.
Müsahibimiz deyir ki, bu səfər onun ilk səfəri də olmayıb: "Mən bu məktəbində əvvəl də olmuşdum. İnanmırdım ki, yenə də məni dəvət edərlər. Bizimlə o məktəbdə dünyanın müxtəlif ölkələrindən gələn gənc aktyorlar, bəstəkarlar, rəssamlar var idi. Festivala baxır, orada aktyor oyunlarını müzakirə edirdik. Bu bizim üçün böyük bir təcrübə idi. Sözügedən məktəbə 65 gənc aktyor dəvət olunmuşdu. Azərbaycanı da mən təmsil edirdim. Oradakı iş rejimimiz də bir qədər fərqli idi. Belə ki, səhər saat 9-da ustad dərsləri başlanırdı. Dərsdən çıxıb müxtəlif teatrlara gedirdik, tamaşaları izləyib, müzakirələr aparırdıq. Məktəbin sonunda Şekspirin "Heç nədən hay küy” komediyası əsasında hazırlanmış tamaşada səhnəciklər oynadıq. Həmin əsər hissə-hissə aktyorlar arasında bölündü. Mənə Benedikt obrazı düşdü. Biz bir gün ərzində obrazlarımızı əzbərləyib, səhnədə çıxış etməli idik. Hərəyə bir parça düşmüşdü. Səhnəciyin sonunda hamıya diplomlar verilirdi. Ancaq mən xüsusi diploma layiq görüldüm. Bunun üçün çox sevindim”.
Müsahibimiz deyir ki, belə festivallar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən teatr işçilərinin əlaqələrini daha da möhkəmləndirir: "Mən oraya gedəndə artıq məni tanıyırdılar. 2015-ci ildə A.Kalyaginin teatr məktəbini keçmişəm. Mən orada bir neçə xarici kinorejissorlarla görüşdüm. Onlarla fikir mübadilələri apardıq. Ola bilər ki, gələcəkdə onlarla əməkdaşlıq edək. Belə festivallar biz gənclər üçün böyük önəm daşıyır. Həm aktyor kimi müxtəlif teatrlarda baş verən hadisələrdən xəbərdar oluruq, həm də onlarla əməkdaşlıqlarımız yaranır. Ötən il festivalda iştirak edərkən tanınmış jurnalistlər və teatrşünaslarla tanış oldum. Ölkəmizdə 2 ildən bir Bakı Beynəlxalq Teatr Konfransı keçirilir və mənim orada tanış olduğum gənc teatrşünaslar bu foruma düşə bilmirdilər. Mən onları teatrımızın direktoru Mübariz müəllimə təqdim etdim. Rəhbərliyimiz onlarla tanış olandan sonra Mədəniyyət və Turizm Nazirliyi onları konfransda iştirak etməyə dəvət etdilər. Bu il onlar həmin forumda iştirak edəcəklər”.
Gənc aktyor deyir ki, orada gördükləri sistem rus məktəbinin yeni bir qoludur: "Onlarda yaxşılığa doğru tamam ayrı bir sistem yaranıb. Mən orada elə üstad-dərsləri, elə treninqlər gördüm ki, biz burada onları keçməmişik. Söhbət bundan gedir. Demirəm ki, biz geridə qalmışıq. Xeyr, bizdə də həmin məktəbdi, sadəcə onların üslubu bir az fərqlidi. Mənə iştirak üçün şərait yaratdıqlarına görə teatrın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sabah mən orada nə görmüşəm, nə öyrənmişəm, hamısını gənc aktyor həmkarlarımla bölüşəcəm”.
Teatrşünas
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər