• çərşənbə, 24 Aprel, 00:45
  • Baku Bakı 14°C

Əsl ziyalı və böyük vətəndaş alim

10.12.18 10:38 740
Əsl ziyalı və böyük vətəndaş alim
Azərbaycan iqtisad elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş görkəmli alimlərdən biri AMEA-nın müxbir üzvü, Enerji-İnformasiya Akademiyasının akademiki, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevdir.
Xalq arasında bu insana böyük hörmət və ehtiram var idi. Aqil Əliyev bunu çoxillik gərgin və halal zəhməti, yüksək intellekti, tədqiqatçılıq bacarığı, güclü məntiqi, iti, aydın təfəkkürü, xeyirxahlığı və digər səciyyəli xüsusiyyətləri sayəsində qazanmışdı. Aqil Əliyev ziyalı, alim, vətəndaş kimi daim ucalarda dayanan mötəbər şəxsiyyət idi. Onun öz məktəbi, öz elmi, öz zirvəsi var idi.
AZƏRTACxəbər verir ki, dekabrın 10-u həyatını elmə, təhsilə və səhiyyənin inkişafına həsr etmiş Aqil Əliyevin doğum günüdür.
Aqil Əliyev 1926-cı ildə Naxçıvan şəhərində dünyaya göz açıb, 1951-ci ildə Bakı Dövlət Universitetini bitirib. Tale onu 1953-cü ildə Azərbaycan Tibb Universitetinə gətirib. O, ömrünün sonunadək bu ali təhsil ocağında işləyib. İqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasında əvvəlcə müəllim vəzifəsində çalışıb, az sonra həmin kafedranın dosenti, 1973-cü ildə müdiri seçilib. 1970-ci ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyaları müdafiə edib, 1979-cu ildə professor elmi adını alıb.
Aqil müəllim yaxşı pedaqoq, məharətli natiq idi, elmi diskussiyalarda kəskinliyi və prinsipiallığı ilə seçilirdi. Dərin təhlil qabiliyyəti ilə aşılanmış düşüncə tərzinə malik idi. Alimin elmi araşdırmalarının əsas xüsusiyyətini yığcamlıq, konkretlik, aydınlıq və şəffaflıq təşkil edirdi. Onun rəhbərlik etdiyi siyasi iqtisad kafedrası ciddi elmi uğurlar əldə etmişdi, tədris-metodik, elmi-tədqiqat və ictimai-siyasi sahələrdə böyük nailiyyətlər qazanmışdı. Dəfələrlə təhsil ocağının ən yaxşı kafedrası adına layiq görülmüşdü. Professorun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tuturdu.
Görkəmli alim tibb kadrlarının hazırlığı məsələsinə daim diqqətlə yanaşıb və onun rəhbərliyi altında doktorluq və çoxlu sayda namizədlik dissertasiyaları müdafiə edilib. Aqil müəllimin yetirmələri bu gün onun yolunu uğurla davam etdirir, iqtisad elminin nəzəri və praktiki məsələlərinin tədqiqi ilə məşğul olurlar. Ölkənin elə bir səhiyyə müəssisəsi yoxdur ki, orada bu elm xadiminin tələbələri çalışmasın. Onlar qayğıkeş müəllimlərini həmişə ehtiramla xatırlayır, bu böyük insanın məsləhətlərini, tövsiyələrini həyat məramı kimi qəbul edirlər. Vaxtilə Azərbaycan Tibb Universitetində təhsil almış, indi isə xalqın sağlamlığı keşiyində duran hər bir həkimin yaddaşında Aqil Əliyevin xüsusi yeri var. İqtisad elminin cəfakeşi, xeyirxah və qayğıkeş alim vətəni və xalqı qarşısında xidmətlərinə görə "Şöhrət" və "Qırmızı Əmək Bayrağı" ordenlərinə, "Səhiyyə əlaçısı" döş nişanına, bir çox medal və fəxri fərmanlara layiq görülüb.
Aqil Əliyev 200-dək elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda, Çexiyada və digər xarici ölkələrdə çap olunub.
Yaradıcılığının ən mühüm hissəsini iqtisad elminin inkişafına və tədrisinə həsr edən professor Aqil Əliyevin tədqiqatlarında həyat səviyyəsi, istehlak problemləri xüsusi yer tutur. Bu da onun elmi maraq dairəsinin geniş və əhatəli olmasına dəlalət edir.
Professor tədqiqatlarında sosial sahənin, konkret olaraq səhiyyənin inkişafı ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqənin olmasını əsaslandırır, insan sivilizasiyasının taleyinə ciddi təsir edən tibbin problemlərini ortaya qoyur. Aqil Əliyev SSRİ məkanında, o cümlədən respublikamızda bu sahənin iqtisadiyyatı məsələləri ilə məşğul olan ilk iqtisadçı alimlərdəndir. "Azərbaycanda ərzaq proqramının mahiyyəti və mənbələri", "Həkim əməyi və elmi-texniki tərəqqi", "ATİ-nin maddi-texniki bazasının möhkəmləndirilməsinin iqtisadi məsələləri", "Səhiyyənin iqtisadiyyatı" kimi əsərlərində sübut edib ki, bu sahənin qeyri-istehsal sferasına aid edilməsi nisbi xarakter daşıyır, buraya sərf edilən əməyi qeyri-məhsuldar əmək adlandırmaq olmaz. Səhiyyənin tərəqqisi ictimai istehsalın inkişafına, onun səmərəliliyinə bilavasitə təsir göstərir.
Aqil Əliyevin sosial sahələrin, o cümlədən səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsinə dair konkret faktlarla əsaslandırılmış fikirləri bu gün müstəqil respublikamızda aparılan islahatların elmi bazasının möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Görkəmli alim nəşr etdirdiyi əsərlərdə yazırdı ki, səhiyyə xidmətlərinin istehlakının artımı əhali məskunlaşmasının inkişafında başlıca amildir. Şəxsi istehlakın inkişafının sosial nəticələrindən ən mühümü əhalinin ölüm səviyyəsinin aşağı düşməsi və onun orta yaşayış davamlığının artımıdır. Cəmiyyət qarşısında yaranan problemlərdən biri də əhalinin qocalmasıdır. Sosial planlaşdırma təkcə qocalığa maddi təminatın zəruriliyini deyil, həm də tibbi xidmətin yaxşılaşdırılmasını nəzərə almalıdır.
Professorun əsərləri arasında müasir dövr və bazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Bu sahədə onun bir neçə monoqrafiyası və 80-ə yaxın əsəri çapdan çıxıb. Həmin əsərlər içərisində "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri", "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti", "Özəlləşdirmə və sahibkarlıq fəaliyyətinin inkişafı", "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri", "Azərbaycan gömrüyü iqtisadi inkişaf yollarında", "Səhiyyənin iqtisadiyyatı", "Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri", "Naxçıvan qədim diyardır", "Milli iqtisadiyyatımızın aktual problemləri", "Demokratikləşmə milli iqtisadiyyatımızın inkişafının əsasıdır", "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)" adlı ikicildlik ensiklopedik əsər (professor Ə.Qasımovla birlikdə) və s. xüsusi yer tutur.
2001-ci ildə işıq üzü görən ikicildlik "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)" ensiklopedik əsər mətbuat səhifələrində dönə-dönə dəyərli bir tədqiqat kimi qiymətləndirilib.
Görkəmli alimin "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur" monoqrafiyası geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Monoqrafiyada həm İpək yolunun tarixi, ayrı-ayrı ölkələrin iqtisadiyyatında oynadığı rol, həm də Şərqlə Qərbin mədəni əlaqələri öz əksini tapıb. Əsərdə bərpa olunacaq tarixi İpək yolunun gələcək perspektivləri də nəzərdən keçirilib.
Aqil Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənilməsində yaxından iştirak edib, "Əhalinin sağlamlığının qorunması" komissiyasının sədri olub. Əhalinin sağlamlığının qorunması bölməsi onun tərəfindən tərtib edilərək kompleks proqrama daxil edilib.
Görkəmli alim Aqil Əliyev yarım əsrdən çox Azərbaycan Tibb Universitetində kafedra müdiri kimi gələcək həkimlərə siyasi iqtisad fənninin incəliklərini öyrətmişdi. Aqil Əliyevin əməli işləri onun tələbələri, dostları və həmkarları tərəfindən layiqincə davam etdirilir. Aqil müəllim Allahın hər kəsə bəxş etmədiyi böyük ürəyə, insanlığın ən yüksək göstəricisi olan səmimiyyətə, sadəliyə və mərdliyə, hamını dinləmək, onlara yardım əli uzatmaq bacarığına malik bir insan, əsl ziyalı və böyük vətəndaş alim idi.
banner

Oxşar Xəbərlər