AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat

Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat

Cəmiyyət
06 May 2021, 21:15 641
Azərbaycanın İnsan Haqları üzrə Müvəkkilinin hazırladığı "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair" hesabat çoxdan hazırlanması vacib olan bir sənəd idi. Düşünürəm ki, bu ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri, soyqırımları dünyaya çatdırmaq üçün çox vacib məsələdir.
Kaspi.az-ın məlumatına görə, bunu YAP-çı deputat Naqif Həmzəyev sözügedən hesabata münasibət bildirərkən deyib.
O xatırladıb ki, ermənilər XIX əsrdən başlayaraq yaratdıqları terror təşkilatları vasitəsilə ilk olaraq Osmanlı ərazisində hərbi cinayətlər və terrorlar törətməyə başladılar: "Onların məqsədləri "Böyük Ermənistan" qurmaq idi. Təbii ki, erməniləri qızışdıran, dəstəkləyən havadarları da var idi. Osmanlı dövlətinin zəiflədiyi bir dövrdə müəyyən dərəcədə ermənilər uğur qazandılar. Beləliklə də hərbi cinayətlər və terror hadisələri törətdilər.
Daha sonra bu proseslər azərbaycanlıların yaşadıqları ərazilərə də gəlib çıxdı. 1813 və 1828-ci illərdəki Türkmənçay və Gülüstan müqavilələrindən sonra azərbaycanlıların yaşadıqları əraziyə ermənilər köçürülməyə başlanıldı. Nəticə etibarilə Osmanlı ilə azərbaycanlılar arasında bufer zona yaradıldı. Rus çarizmi özləri üçün bir dayaq yaratmaq istəyirdi. Bir sözlə, həmin dövrdən əsası qoyulan bu siyasət daha sonra da davam etdirildi.
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilər tərəfindən çox böyük soyqırımlar törədildi. Çoxlu sayda soydaşlarımız qətlə yetirildi. Daha sonra da Sovetlər vaxtında xalqlar dostluğu ideologiyası tətbiq edilsə də ermənilərə müxtəlif güzəştlər olunurdu. Hətta qondarma "erməni soyqırımı"nın da 50 illiyi sovetlər dönəmində Ermənistanda qeyd edildi. Hərçənd ki, bunun qeyd edilməsinin özü belə təəccüb doğurur. Əgər başqa millətlərin xaricdən öz vətənlərinə gəlib-getmələri problem yaradırdısa, dünyada müxtəlif ölkələrdə yaşayan ermənilər rahatlıqla Ermənistana köçürülə bilirdilər. Ermənilər azərbaycanlılara qarşı nifrət cinayətlərini XX əsrdə də davam etdirdilər.
XX əsrin sonlarına yaxın Dağlıq Qarabağın Ermənistana birləşməsi fikirləri artıq Sovet rəsmiləri tərəfindən də dəstəkləndi. Həm Azərbaycanda yaşayan ermənilər, həm də Qarabağda yaşayan ermənilər qızışdırılaraq süni olaraq bu münaqişə yenidən alovlandırıldı. 1992- ci ildə olan Xocalı soyqırımını birbaşa olaraq ermənilər törətdilər. Bu da əsrin ən böyük faciələrindən biridir. Ancaq çox təəssüflər olsun ki, illər dəyişsə də ermənilərin ideologiyası, onların proseslərə baxışı dəyişmədi. Sonrakı dövrdə də hərbi cinayətlərini, terror aktlarını törətməyə davam etdilər".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı da ermənilər dinc əhalinin yaşadığı əraziləri uzaqmənzilli, istifadəsi qadağan edilmiş raketlərlə hədəfə aldılar: "Nəticədə bizim dinc vətəndaşlarımız şəhid oldular. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra fərqli bir mənzərəylə qarşılaşdıq. Faktiki olaraq işğaldan azad edilmiş ərazilərdə daşı daş üstünə qoymayan erməni vandalları bizim dini-mədəni abidələrimizi talan ediblər. Bu gün Azərbaycan külli miqdarda vəsait xərcləməklə bu əraziləri yenidən bərpa edir. Ölkə başçımızın birbaşa nəzarətində olan bu proses tezliklə başa çatacaq. Qarabağ cənnətə çevriləcək. Ancaq biz bütün bunlara baxmayaraq ermənilərin iç üzünü dünyaya göstərməliyik. Neçə əsrdir dünyanı aldadan, məsum bir millət kimi özünü tanıdan ermənilərin əslində cinayətkar olduğunu dünyaya çatdırmalıyıq.
Düşünürəm ki, ötən dövr ərzində cənab Prezidentimiz İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Bu proses hazırda da davam edir. Ölkə başçısı ermənilərin bu ərazilərə gəlmə olduğunu bir neçə platformada sübut etdi. Biz də bu prosesləri davam etdirməliyik. Ermənilər hələ də ağıllanmayıblar. Onlar revanşist ideologiyası ilə yaşayırlar. Ancaq onların əsl simalarını dünyaya göstərsək, dünya ictimaiyyəti də onlara təsir edəcək. Ona görə də bu istiqamətdə Ombudsman tərəfindən hazırlanmış bu hesabatı yüksək dəyərləndirirəm. Hesabat daha çox yayılmalıdır və çalışmalıyıq ki, dünya ictimaiyyəti bu hesabatla daha yaxından tanış olsun”.