• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

“Əsl rahatlığı öz torpağımızda tapacağıq” - Reportaj - Fotolar

19.07.18 17:57 5682
“Əsl rahatlığı öz torpağımızda tapacağıq” - Reportaj - Fotolar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bir qrup jurnalistlə komitə sədri Rövşən Rzayevin görüşü olub. O, görüşdə iştirak edən media mənsublarının şəxsində ölkəmizin bütün kütləvi informasiya vasitələri işçilərini peşə bayramı münasibətilə təbrik edib, hər birinə xalqımız, dövlətimiz üçün mühüm əhəmiyyəti olan məsul və şərəfli yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında da geniş məlumat verib. Qeyd edilib ki, prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri görür. Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin qəzalı, həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarət saxlayır. Bildirilib ki, bu yaxınlarda istifadəyə verilmiş "Qobu Park” yaşayış kompleksi də məhz belə layihələrdən biridir.
Komitə sədrinin sözlərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər. Görüş zamanı komitə sədri jurnalistləri maraqlandıran sualları da cavablandırıb.

Görüşdən sonra "Qobu Park” yaşayış kompleksinə infotur təşkil edilib. Media mənsubları burada məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə yaxından tanış olublar.Məlumat üçün qeyd edək ki, "Qobu Park” yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi "Paşa Holding”, podratçısı isə "Kristal Abşeron” MTK-dır. Yaşayış kompleksinin təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib və bu ilin may ayında başa çatdırılıb. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb.


Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Kompleks ərazisində 222 yerlik "Şirin bala” uşaq bağçası, 624 şagird yerlik tam orta məktəb binası da var. Hər iki təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsi, təhsili üçün hər cür şərait yaradılıb.

Kompleksin ərazisini gəzib, mənzillərə, infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbətləşdik, onların əvvəlki və indiki şəraiti barədə məlumatlar əldə etdik. Hər blokun qarşısında yığılan ev əşyaları kompleks ərazisinə köçün hələ də davam etdiyini göstərirdi. Öncə Ağdam rayonundan olan məcburi köçkün Yeganə Ağayevanın yeni mənzilinə baş çəkdik. İxtisasca tarix müəllimi olan və Nəsimi rayonundakı 46 saylı orta məktəbdə çalışan Yeganə xanım Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra ailəsi ilə birlikdə Bakı şəhərinin Nəsimi rayonunda, yarımçıq tikilidə məskunlaşıb. Həyat yoldaşı, oğlanları, iki gəlini və nəvəsi ilə birlikdə olduqca ağır şəraitdə düz 26 il yaşamalı olub. Zirzəmidə yaşaya-yaşaya döymədiyi qapı, müraciət etmədiyi təşkilat qalmayıb. Ən nəhayət bu il Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edib. Heç bir ay keçməmiş məktubuna cavab verilib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəvət edilib, ardınca da onun məskunlaşdığı yarımçıq tikiliyə baxış keçirilib. Bu hadisədən iki gün sonra isə ailəyə şad xəbər verərək, onların yeni mənzillə təmin olunduqlarını bildiriblər: "26 il ağır şəraitdə yaşayan bir ailə üçün bundan sevincli xəbər ola bilməzdi. Hər birimiz ürəkdən sevindik. Ailə daxilində yeni ailə yarandığından, iki oğlum ailə həyatı qurduğundan bizə iki yeni mənzil veriblər. Bir gəlinim Füzulidən, digəri isə Xocalıdan olan məcburi köçkündür, şəhid balasıdır. Yeni mənzillərdə hər cür şəraitimiz var. Yaşayış üçün nə tələb olunursa, hamısı var. Səliqə-sahman da öz yerində. Buna görə başda prezidentimiz İlham Əliyevə, xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, prezidentimizin rəhbərliyi ilə ordumuz işğal olunmuş torpaqlarımızı azad etsin, orada belə gözəl mənzillər tikib öz el-obamıza, kəndimizə köçək. Əsl rahatlığı öz torpağımızda tapacağıq”.

Laçın rayonunun Alxaslı kəndindən olan məcburi köçkün Xoşbəxt Nağıyev də rayonları işğal olunandan sonra Bakı şəhərinin Nərimanov rayonunda, tikintisi yarımçıq saxlanılmış doğum evinin zirzəmisində məskunlaşıb. 170 metr uzunluğu olan və yerin altında yerləşən həmin zirzəmidə onunla bərabər 40-a yaxın ailə yaşayıb. X.Nağıyev də 4 nəfərlik ailəsi ilə 20 ildən artıq müddətdə acınacaqlı şəraitdə, havasız, işıqsız zirzəmidə yaşamağa məhkum olub. Onun sözlərinə görə, indiyə qədər həmin zirzəmidə yaşayanlar ən müxtəlif xəstəliklər tapıb, sağlamlıqlarını itiriblər: "Allah heç kimi o şəraitdə yaşamağa məhkum etməsin. Naəlac qalıb biz də orada məskunlaşmışdıq. 20 ildən çox bir vaxtda min cür əzab-əziyyətə qatlaşaraq yaşadıq orada. Şükürlər olsun bu günümüzə. Qaçqınkoma davamlı müraciətimizdən sonra nümayəndələr gəldi, yaşadığımız yerə baxış keçirildi, zirzəmidəki dözülməz şərait hamı tərəfindən görüldü. Qısa vaxtdan sonra yeni mənzillə təmin ediləcəyimizi bildirdilər. Ailə tərkibimizə uyğun olaraq 3 otaqlı mənzil verdilər. Püşkatma yolu ilə, tam şəffaf şəkildə evimizi seçdik. Heç bir narazılıq da yaşanmadı. Evimizin layihəsi də, şəraiti də çox gözəldir. Kompleksimiz marşrut xətti ilə təmin olunub. Buradan şəhərə avtobusla 20 dəqiqəlik yoldur. Mağazamız, bağçamız, məktəbimiz, poçtumuz, xeyir-şər evimiz, parkımız, uşaqlar üçün əyləncə meydançamız, söhbətgahlarımız da var. Evlərimiz kombi sistemi ilə təmin olunub, qaz, su, işıq xətti də öz yerində. Bir sözlə, yaşamaq üçün nə tələb olunursa, hamısı ən yüksək səviyyədə təşkil olunub. Arzum budur ki, bütün məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşsın”.

Laçın rayonundan olan digər məcburi köçkün Vəli Rüstəmov da "Qobu Park” yaşayış kompleksində yaradılan şəraitdən, məcburi köçkünlərə verilən mənzillərdən razılıqla danışdı. Qeyd etdi ki, əvvəllər ailəsi ilə birlikdə Nərimanov rayonunda "Montin” deyilən ərazidə, yarımçıq tikilidə çox acınacaqlı şəraitdə yaşayıb. O, hazırda kompleksdə ikiotaqlı mənzillə təmin olunduğunu dilə gətirdi. Bildirdi ki, hər bir mənzildə olduğu kimi onun da mənzilində yaşamaq üçün bütün şərait var.

Kompleksin həyətində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev jurnalistlərə açıqlama verib. Bildirib ki, 2018-ci il may ayının 24-də prezident İ.Əliyev və birinci xanım M.Əliyevanın iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışı olub. Onun sözlərinə görə, komitə elə həmin vaxtdan etibarən paytaxtın müxtəlif rayonlarında yaşayan məcburi köçkünləri kompleks ərazisinə köçürməyə başlayıb: "Əsasən Bakının Nizami, Suraxanı, Xətai, Nərimanov və Səbail rayonlarında müvəqqəti məskunlaşmış ailələrin "Qobu Park” yaşayış kompleksinə köçürülməsinə başlanılıb. Hazırda köçürülmə davam etdirilir. 200-dən artıq ailə kompleks ərazisindəki mənzillərdə məskunlaşıblar. Onların məşğulluğunun təmin edilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Kompleksə iki istiqamətdə yollar çəkilib. Məcburi köçkünlərin kompleks ərazisinə köçürülməsi komitə tərəfindən təmin edilir. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Bu il isə ümumilikdə 20 min məcburi köçkünün yeni mənzillərlə, evlərlə təmin ediləcəyi proqnozlaşdırılır”.

Mənzillərlə tanış olub, ailə başçılarının sevincini bölüşüb, komitə rəsmilərinin mövqeyini öyrənib kompleksin həyətində oynayan uşaqlarla da görüşdük. Azərbaycanımızın gələcəyi olan bu uşaqların davranışında, danışığında, gülüşündə qayğısız həyat, xoşbəxtlik nişanələri özünü göstərirdi.

Rufik İSMAYILOV








banner

Oxşar Xəbərlər