Əsərlərimdəki bütün qəhrəmanlar kəndimizin sakinləridir

Əsərlərimdəki bütün qəhrəmanlar kəndimizin sakinləridir

24 İyun 2019, 10:07 10385
Yazıçı Kənan Hacının "Yeraltı külək” adlı hekayələr və dramdan ibarət kitabı çap olunub. Həmin kitabla bağlı hekayələri təqdim edirik:
 
– Uzun hekayələriniz hadisə bolluğu və sıxlığı ilə qısa roman təəssüratı yaradır. Dünyada belə təcrübələr çoxdur. Müəllifin bu uzun hekayələrini qısa roman kimi tədqiq etmək olarmı?
– Sözün açığı, bu hekayələri yazanda heç bu barədə düşünməmişəm. Bu həcmdə əsərləri bəzən miniatür roman və ya uzun hekayə adlandırırlar. Janr təsnifatında mən həmişə çətinlik çəkirəm. Biz həyatımızda çox planlar qururuq, amma gedişat başqa cür olur, ağlımıza gəlməyənlər başımıza gəlir. Bu hekayələri yazanda da öncə süjeti düşünməyimə baxmayaraq yazı prosesində hadisələr başqa məcraya yönəlirdi. Mənim bütün mətnlərimdə sonluq əvvəlcə düşündüyümdən tamamilə fərqli alınıb. Sözün açığı, "Yeraltı külək”i yazanda onu roman kimi düşünmüşdüm, amma hadisələri uzatmağa səbrim çatmadı. Ümumiyyətlə, mən belə düşünürəm ki, planlı şəkildə yazanda  mətn öz sehrini itirir, yazı prosesində müxtəlif variasiyaları yazıb-pozmaq mənə olduqca zövq verir. Məsələn, "Gəmilərin vətəni”ni yazanda əvvəlcədən plan qurub yazdım, bitirəndən sonra baxdım ki, məni qane etmir, silib təzədən yazdım, heç nə düşünmədən. Tamamilə başqa bir mətn yarandı. Amma romanda bu üsul keçərli deyil, romanı plansız şəkildə yazmaq mümkün deyil. Mütləq mətnin xəritəsini çəkməlisən, bu, bir az da memar işinə bənzəyir.
 
– Hekayələrinizdə hadisələr çaparaqdır. Müəllif hər obraz haqqında ətraflı, geniş məlumat verməyə çalışır. Belə bir təəssürat yaranır ki, obrazların hamısı müəllifin real tanışlarıdır. Bizə öz yaradıcı mətbəxiniz haqqında danışın.
– Hər yazıçının özünün yazı tərzi var. Hər oxucunun da fərqli təəssüratı olur. Hər halda, yazıçı tanıdığı adamlardan yazmalıdır, hətta təxəyyülündə yaratdığın obrazı belə dərindən tanımalısan. Bir dəfə yazıçı Vaqif Nəsiblə söhbət edirdik, dedi mənim əsərlərimdəki bütün qəhrəmanlar kəndimizin sakinləridir. Real həyatdan götürülmüş obrazlar təxəyyül süzgəcindən keçdikcə dəyişib başqa adam olurlar. Birmənalı şəkildə bu belədir. Heç kəs olmuş əhvalatı yazıya köçürmür, içindən keçirib yazır, söhbət əlbəttə ki, ciddi yazıçıdan gedir. Yaradıcı mətbəxə gəldikdə isə irihəcmli nəsə yazanda uzun müddət qeydlər aparıram. Hekayələri isə birnəfəsə yazıram. Yazdığım yazını heç vaxt yarımçıq qoymuram. Bircə "Çəhrayı qan”ı yazanda üç il fasilə verəsi oldum. Bu da həyatımdakı dağınıqlıqla bağlı idi. Elə hadisələr baş verdi ki, mən sadəcə, yazı-pozudan bir müddət uzaq düşmək məcburiyyətində qaldım. Əsasən gecələr tam sakitlik yaranandan sonra yazıram.
 
– Sizin real tanışlarınız kitabdakı mətnlərdə avtobioqrafik detalları asanlıqla tuturlar. Bu mətnlərdə avtobioqrafiyanızla xəyal gücünüz arasındakı balansı necə qoruyursunuz?!
– Dünyada elə bir yazıçı tapmaq mümkün deyil ki, onun əsərlərində avtobioqrafik detallar olmasın. Xəyal gücü nə qədər zəngin olsa belə yazıçı altşüurun diktəsiylə yazır və onun düşüncə modeli istər-istəməz mətnə sızır. Məsələn, təxəyyül mütləq hansısa gerçək yaşantıdan qidalanır, sadəcə, sən onu mümkün qədər dəyişirsən, amma nüvəsində hökmən gerçək yaşantı qalır. "Ən ağır daş”, "Şəcərə”, "Yeraltı külək”, "Gəmilərin vətəni” hekayələrinin süjetini mən sadəcə, uydurmuşam. Digər mətnlərin rüşeymi də hansısa rastlaşdığım hadisədən yaranıb. Yazıçı peşəkarcasına uydurmağı bacarmalıdır. Məsələn, "Fironun dəftəri” romanında üç adamdan bir obraz yaranıb. Bütün yazıçılara bu sual verilir ki, filan obraz özünüzsünüz? Adam bəzən bu suallara cavab verməkdən yorulur. Bəli, bütün bədii mətnlərdə müəllifin içinin havası olmalıdır, buna da üslub deyirlər. Əks halda bütün mətnlər inkubator cücəsi kimi bir-birinə oxşayar. Dil, təhkiyə, üslub, bu vacib komponentlər mətnin dadı-duzudur. Mətn də dadlı yemək kimidir, mənəvi qidadır. Sən oxucuya vaxtı keçmiş mətn təqdim edəndə o, bundan imtina edəcək. Bu baxımdan həm də zamanla ayaqlaşmaq lazımdır. Müasir dövrün, yeni oxucunun tələblərinə uyğun mətnlər yazmaq çox çətindir. 
 
– "Gəmilərin vətəni” hekayənizdə qurbanlıq ətlə araq içən Rəhim yediklərini qaytarır, yəni ilahi əl onu cəzalandırır. Bəs necə olur ki, elə həmin hekayədə insanları döyüb-söyən, təhqir edən Rəfail cəzasız qalır. Qurbanlıq ətin cəzası var, ancaq insanları təhqir etməyin yox?
– O balıqçı obrazı xaraktercə qəddar adamdır. Amma hekayənin məqsədi kimlərisə cəzalandırmaq deyil. Biz həyatda da tez-tez bu sualları veririk. Niyə pis adam cəzasını almır, amma hər dərd-bəla yaxşıları tapır? Bu sualların cavabı bizə məlum deyil. Aqibətindən xəbərsiz qaldığımız o qədər obrazlar var ki. Qurbanlıq ət məsələsinə gəldikdə isə Şərq insanının düşüncəsində, altşüurunda bu qadağa kök salıb. İnsanın şüuru hansı fikri doğru hesab edirsə, şüuraltı da onu həqiqət hesab edir. Bunu Qərb alimləri də sübut edib. Mən də bu detalı hekayəyə daxil etmişəm.
 
– Bir təhkiyə forması tapılıb və hər hekayədə onun üstünə gedirlər. Müəllif o formanın, cümlə quruluşlarının suyunu sıxıb mətnə çevirir. Bunu "müəllifin üslubu” adlandırmaq olarmı? Yeni təhkiyə formalarında özünüzü sınamağı düşünürsünüzmü?
– Üslub haqda bir az öncə danışdıq. Təhkiyə insanın xarakterinə bənzəyir, dəyişmək çox çətindir. Yazıçı stilini niyə dəyişməlidir ki? Bu, ona bənzəyir ki, sən kimisə imitasiya edirsən. Mətn yazarın ruhunun ifadəsidir, ona yad nəfəslər qatmaq doğru deyil. 
 
– Obrazların hamısının taleyi müəllif üçün maraqlıdır. Klassik bir ab-hava yaradır bu. Yəni, hekayələrin mərkəzində əhvalat yox, obrazlar durur. Siz hekayələrinizi obrazlara görə qurursunuz, yoxsa, hansısa hadisə ilə qarşılaşıb ona, o situasiyaya uyğun bir obraz yaradırsınız?
– Mən hekayəni yazanda hansısa hadisəni qəti şəkildə düşünmürəm.
 
– Kitabda hekayələrlə bərabər bir minimalist ssenari, bir pantomim pyes var. Bu əsərlərdən hansısa biri səhnə qoyulubmu və ya bu barədə təkliflər varmı?
– "İsgəndər şikəstəsi” aprel döyüşlərindən bəhs edir. Bu ssenari bir neçə rejissor dostumuzun diqqətini çəkmişdi. Bir prodakşnla danışmışdıq, demişdilər sponsor tapıb çəkəcəyik. Hələ ki, gözləyirik. "Xəlbir və ney”i YUĞ teatrının rejissoru Mirsahib Ağazadə bəyənmişdi. O, mənə dedi ki, bu pyes daha çox kino estetikasına yaxındır. Orxan Fikrətoğlu ilə söhbətimizdə o da dedi ki, kifayət qədər maraqlı mətndir. Onunla bir söhbətimiz olmuşdu, ravvi estetikasında, dərviş-şaman ruhunu özündə əks etdirən bir teatr yaratmaq istəyirdi, mənə dedi ki, karnaval estetikasında, mistik elementləri özündə ehtiva edən bir pyes yaz. Bu pyesi o söhbətdən sonra yazdım. Amma təəssüf ki, həmin ideya gerçəkləşmədi. 
 
– Dram əsərlərinizi diqqətlə oxuyanda hiss olunur ki, hekayə kimi yazmısınız. İfadələr, cümlə quruluşları bunu deyir. Ancaq dramın öz şərtləri var, bir mənada müəllif aktyoru düşünməli olur. Sizcə, bunlar aktyora səhnədə problem yarada bilərmi?
– Təbii ki, klassik anlamda siz dediyiniz kimidir. Mən bunu böyük səhnə üçün düşünərək yazmamışam. Bu pyes orta oyun janrındadır. Nağara, ney orta oyunun əsas müşayiətçi musiqi alətləridir. Mövləvi dərvişlərinin səma məclisləri teatrın təzahür formalarından ən qədimidir. Məqsəd bu ilkinliyə qayıdış, onu xatırlamaqdır. İndi dram əsəri yazan çox azdır. Yeni nəsil dramaturqlardan Elçin Hüseynbəylinin, İlqar Fəhminin adını çəkə bilərəm. Bildiyimə görə, Cavid Zeynallı da son zamanlar bir neçə dram əsəri yazıb. Qan Turalı yazır. Yəni meydan boş deyil. 
 
– Xaricdə çap olunan kitablarınıza nəzarət edə bilirsinizmi?
– "Fironun dəftəri” romanı Tehranda kitab şəklində çap olundu. Bunu əvvəlcədən razılaşdırmışdıq. Çox razı qaldım. Gələn ay İstanbulda şeirlər kitabım çıxacaq. Nəşriyyatla müqavilə bağlamışıq. Təbii ki, naşir və tərcüməçilər hər şeyi mənimlə razılaşdırıblar. 
 
– Yeni kitab gözlənilirmi?
– Klassik şairlərimizdən olan Məşədi Azərin həyatını və yaradıcılığını özündə əks etdirən "Məşədi Azər təzkirəsi” adlı kitabım çapa hazırdır. Çox güman ki, bu ilin axırına çıxar. Bilirsiniz ki, Məşədi Azər Əliağa Vahidin ustadı olub. Ötən əsrin əvvəllərində "Məcməüş-şüəra” ədəbi məclisinə qısa müddət rəhbərlik edib. Onun "Oğuznamə” və "Çingiznamə” adlı irihəcmli poemaları var. Firdovsinin "Şahnamə” əsərini dilimizə çevirib. Nəhəng şəxsiyyət olub. Mən onun haqqında yazarkən klassik ədəbiyyatı, sufi alimlərinin əsərlərini, Divan ədəbiyyatını dərindən oxudum. Yəni dünya ədəbiyyatını dişinə vurmuş adam kimi yenidən Şərqə qayıtdım. Şərqlə Qərbin ədəbiyyat kontekstində qarşılıqlı əlaqələrini araşdırdım. Nəticədə "Məşədi Azər təzkirəsi”ndən əlavə "Tanrının ruhu” adlı irihəcmli bir yazı meydana çıxdı. Həmin yazı ixtisarla hissə-hissə mətbuatda da dərc olunub. Onu da gələcəkdə kitab kimi çap etdirməyi düşünürəm. Şərq təfəkkür tərzi insana heç vaxt neqativ enerji ötürmür, əksinə, onun əhval-ruhiyyəsini yüksəldir. İnsan həyatda tapa bilmədiyi zövqü, gözəlliyi Şərq mətnlərində tapa bilir. Bu, ümumi Şərqin dəyişməz prinsipidir. Bir az dekorasiya, bir az mistika  və insanı ali mərtəbəyə qaldıran ruhani güc bu mətnlərin cövhəridir. Nizamini filoloji tərcümədə oxuduqca görürsən ki, dünya ədəbiyyatında heç bir qələm sahibi bu qədər zəngin metafora sistemi yarada bilməyib. Füzulini, Nəsimini öyrəndikcə elə məqamlara gedib çıxırsan ki, bax, o məqamda sözün ilahi qüdrəti qarşısında heyrət hissi keçirirsən. İzaholunmaz və zövqverici bir duyğudur.  
 
Söhbətləşdi: Orxan Həsəni