• cümə, 19 Aprel, 05:21
  • Baku Bakı 18°C

“Əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır” - Fotolar

28.01.19 19:39 930
“Əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır” - Fotolar
Azərbaycanda reallaşan sosial siyasətin üstün cəhətlərindən biri onun çoxşaxəliliyi, icra olunan sosial proqramlarla müəyyənləşməsidir. Burada əhalinin həssas kateqoriyalı təbəqələrinin, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin sosial-rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirilib, ciddi uğurlar qazanılıb. Misal üçün, indiyə qədər ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulub. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Bununla yanaşı, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri - I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə bərabər, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi əlilliyə görə müavinət alırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına isə aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.

Bu kimi tədbirlərin davamı olaraq, 2018-ci il 19 aprel tarixində dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərman 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə verilməsini nəzərdə tutub. Bu qanunvericilik aktı dövlət başçısı İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının daha bir bariz nümunəsidir. Hər kəsə bəllidir ki, indiyə qədər də Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib. 1997-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb. Adıçəkilən fərman isə Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş "Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutu sayılıb.

Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı son məlumata görə, hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir. Ümumilikdə bu fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan olmaqla, ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilir. Bu siyasətin davamı olaraq, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dilə gətirib. Ölkə başçısı şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.

Prezident İlham Əliyev şəhid ailələrinin ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdıraraq vurğulayıb ki, ötən il prezident seçildikdən sonra imzaladığı ilk Fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Onun sözlərinə görə, bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Ölkə rəhbəri artıq bu prosesin başlandığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını söyləyib. Dövlətimizin başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq, yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını da bildirib. Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib. Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub.

Sonda vurğulayaq ki, ötən illər ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçin şərait yaradıb. Müxtəlif vaxtlarda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. Bu çərçivədə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb.
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli fərmanı da yüksək səviyyədə icra ediləcəkdir. Prezident İlham Əliyev bu kimi addımlarla bir daha təsdiq edir ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daim gücləndiriləcək. Bundan sonra da Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edəcək.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər