AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Ermənistanın qlobal məqsədi Rusiyanın perimetri boyu münaqişə ocağı yaratmaqdır"

Cəmiyyət
15 İyul 2020, 10:00 147
"Ermənistan-Azərbaycan sərhədində vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), ilk növbədə də Rusiyanı  münaqişəyə cəlb etmək üçün gərginləşdirilir”. 

APA-nın Moskva müxbirinin xəbərinə göeə, bunu "EXO Moskvı" radiosuna müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. 

Səfir qeyd edib ki, Azərbaycanın KTMT-yə üzv dövlətlərin hamısı ilə ikitərəfli tərəfdaşlıq münasibətləri var: "Nəzərə almaq lazımdır ki, Azərbaycanın bu ölkələrlə möhkəm iqtisadi əlaqələri mövcuddur. Ona görə də, çətin ki, qırğız və ya qaza əsgəri azərbaycanlı əsgərə atəş açsın.

Burada əsas dost Rusiyadır. KTMT-nin bu prosesə müdaxilə etməsi üçün münaqişə vəziyyəti yaratmaq istədikləri aydındır. Təbii ki, Azərbaycan KTMT-yə bütün lazımı sənədləri təqdim edəcək. Necə deyərlər, bizim gizlədəcəyimiz şey yoxdur. Bizim işimiz haqq işidir. Torpağımız işğal olunub. Qarabağda doğulan, əcdadları Şuşada dəfn olunan bir insan kimi şəxsi mövqeyim ondan ibarətdir ki, burada söhbət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından gedir. Bir daha təkrar etmək istəyirəm, qoy hər kəs eşitsin və başa düşsün, işğal bitənə qədər hər cür münaqişə, hadisələrin hər cür inkişafı mümkündür. Burada kimin haqlı və günahkar olduğunu axtarmaq lazım deyil”. 

Polad Bülbüloğlunun sözlərinə görə, AŞPA, ATƏT və BMT-nin konkret beynəlxalq hüquqi sənədlər mövcuddur: "BMT Baş Assambleyasının qətnaməsi var. Düzdür, bu qətnamənin icra edilməsi məcburi deyil, lakin o, sülh fikrini ifadə edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Torpağımız işğal altındaykən nə Azərbaycan xalqı, nə Azərbaycan rəhbərliyi, nə Azərbaycan prezidenti heç vaxt bu vəziyyətlə razılaşmayacaq. İşğal uzandıqca daha da təhlükəli vəziyyət yaranacaq", - deyə azərbaycanlı diplomat vurğulayıb”. 

Səfir Ermənistanın vəziyyəti gərginləşdirməkdə lokal və qlobal məqsədinin olduğunu açıqlayıb: "Fikrimcə, lokal məqsəd KTMT-ni ayağa qaldırmaq, ilk növbədə də Rusiyanı, qlobal məqsəd isə Rusiyanın perimetri boyu Rusiya Federasiyasını narahat edən münaqişə ocağı yaratmaqdır. Ona görə də, bir daha təkrar edirəm, əgər bu, Qarabağ istiqamətində baş versəydi, başa düşülən idi. Bunun Ermənistan-Azərbaycan sərhədində baş verməsi açıq-aydın təxribatdır. UAZ avtomobildir, tank deyil, ratsiya ilə zəng etmək olardı. Hərbçilər arasında qaynar xətt mövcuddur. Niyə görə dərhal Azərbaycan sərhədçilərinin dayaq məntəqəsinə silahlardan hücuma başlanılıb? Bir daha qeyd etmək istəyirəm, sərhədçilərin, Müdafiə nazirliyinin qoşunlarının yox... Ona görə də, mənə elə gəlir ki, indi kimin günahkar olduğu, kimin birinci, kimin ikinci atəş açdığı haqqında danışmaq qlobal münaqişə kontekstində yersizdir".

Diplomat Azərbaycanın heç vaxt vəziyyəti gərginləşdirmək istəmədiyini vurğulayıb: "Biz heç vaxt gərginlik, insanların ölməyini istəmirik. Biz bu məsələnin sülh yolu ilə həllinə sadiqik. Lakin, bir daha təkrar etmək istəyirəm, 10 milyonluq xalq 2,5 milyonluq ölkənin ərazilərimizdən öz qoşunlarını çıxarmasını 30 il gözləməyəcək. Xalq bunu bizdən, siyasilərdən, hakimiyyətdən tələb edir. Siz bilirsiniz ki, iki gün ərzində mən burda Rusiya vətəndaşları olan azərbaycanlılardan artıq səkkiz ərizə almışam. Onlar könüllü olaraq cəbhəyə yollanmaq istəyirlər. Bakıda da eyni vəziyyətdir. İnsanlar qaynayır, ictimaiyyət hakimiyyətdən, bizdən qətiyyətli, təsirli tədbirlər görməyi tələb edib. İnsanlar həlak olub. Bu nə qədər davam edəcək? Biz buna nə qədər dözməliyik, kimsə bunu bizə izah edə bilər? Nə qədər aqressorun başını sığallayıb, biz çox narahatıq, gəlin sülh yolu ilə həll edək demək olar? Çıxarın qoşunları, sülh yolu ilə edək. Hansı sülh yolundan söhbət gedə bilər, əgər sənin ərazilərində düşmən ordusu dayanıbsa?" 

Polad Bülbüloğlu çıxışında Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarına Suriya və Liviyadan erməniləri köçürdüyünü qeyd edib: "Ermənistan indi Suriya və Liviyadan gələn erməni qaçqınlarını Dağlıq Qarabağ ərazilərinə köçürür. Baxın indi, İsraili insanları köçürdüyünə görə qınayırlar, lakin Ermənistanı heç kəs qınamır. Onlar 60-a yaxın ailəni Dağlıq Qarabağa köçürüb. Ermənilər bilirlər ki, bu onların torpağı deyil, bilirlər ki, bunu qaytarmalı olacaqlar. Buna baxmayaraq bu anneksiyanı, işğal olunmuş ərazilərə köçürülmə siyasətini davam etdirirlər. Niyə görə onlar bunu edirlər? Görürlər ki, heç bir ölkə onları tanımır. Orada 70-80 min əhali var, hansı dövlətdən söhbət gedə bilər?".