• cümə axşamı, 18 aprel, 05:43
  • Baku Bakı 15°C

Ermənistanın keçmiş iqtidar partiyası seçkiyə Sarkisyansız gedir

12.11.18 17:13 576
Ermənistanın keçmiş iqtidar partiyası seçkiyə Sarkisyansız gedir
Serj Sarkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası gözlənildiyi kimi, qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etmək istədiyini açıqlayıb. Ancaq keçmiş prezident Serj Sarkisyanın adı siyahıda olmayıb. Onunla yanaşı, keçmiş baş nazir Karen Karapetyanın da adı Respublikaçılar Partiyasının (RP) seçki siyahısında yoxdur. Bunu Respublika Partiyası Şurasının iclasından sonra jurnalistlərə açıqlama verən keçmiş müdafiə naziri Vigen Sarkisyan deyib. V.Sarkisyan bir neçə saat davam edən iclasdan sonra verdiyi bəyanatda bildirib ki, Serj Sarkisyan və Karapetyan seçki yarışında iştirak etməyəcəklər: "Partiyanın seçki siyahısı artıq hazırdır, ancaq 14 noyabrda açıqlanacaq. Siyahıya mən rəhbərlik edirəm”.
"Siyahını niyə elan etmirsiniz” sualına isə V.Sarkisyan belə cavab verib: "Ad günü olan, gərək vaxtından əvvəl sevinməsin”. Qeyd edək ki, Ermənistanda növbədənkənar seçki 9 dekabrda keçiriləcək. Seçki təbliğatına isə cəmi bir neçə gün – 26 noyabrdan 7 dekabra qədər vaxt ayrılıb.
Vigen Sarkisyan qarşıdakı seçkilərdə Nikol Paşinyanın hədələrinə də toxunub. "Paşinyan çox istəyərdi ki, seçkilərdə özünə uyğun olan gizli və yaxud aşıq şəkildə siyasi qüvvələrdən hansısa birinə dəstək versin”, - deyən sabiq nazir əlavə edib ki, bu gün Paşinyan sadəcə, Ermənistanda cib müxalifətinin yaranmasını istəyir: "Böyük etimada malik olan hakimiyyət mütləq opponentə malik olmalıdır”. Keçmiş müdafiə naziri sosial şəbəkədə yazdığı statusda Paşinyan üçün parlamentdə güclü müxalifətin olmasını, başqa bir vacib məsələdə zəruri sayır. Onun qənaətincə, Qarabağ məsələsinin həllində beynəlxalq təzyiqin qarşısını almaq üçün ona parlamentdə güclü müxalifət gərəkdir. V.Sarkisyan həmçinin, Nikol Paşinyanın teledebata çıxmaq barədə təklifini də qəbul edib.
Öz növbəsində partiyanın mətbuat katibi, vitse-spiker Eduard Şarmazanov isə bəyan edib ki, onlar mandat uğrunda mübarizə aparmırlar. "Bizim mübarizə ideologiya, prinsip uğrundadır”. Əlavə edib ki, düzgün iş qurulacağı təqdirdə, Ermənistan Respublika Partiyası parlamentdə ikinci qüvvəyə çevriləcək. "Bəs bir sıra deputatların əvvəlki seçkilərdə ən yüksək nəticə əldə etsələr də, indiki seçkilərdə iştirak etməmələri problem yaratmır ki” sualına "mən onlara uğur diləyirəm” deməklə kifayətlənib. Vitse-spiker qeyd edib ki, bu gün Respublika Partiyası qarşısında 2017-ci ildə olduğundan fərqli hədəf durur: "2017-ci ildə səslərin 50-60 faizini toplamağa ümid edirdik, bu gün isə seçkilərə parlamentdə ən güclü və yeganə siyasi partiya olaraq düşmək üçün gedirik. Biz gözləyirik ki, ikinci qüvvə olaq və milli müxalifət kimi cəmiyyəti, müxalifət partiyasını müəyyən edək”. E.Şarmazanov bildirib ki, hamı reytinq siyahısı ilə irəli sürülməlidir.
Yeri gəlmişkən, erməni mətbuatı hesab edir ki, Paşinyan çətin ki, güclü müxalifətin formalaşmasında maraqlı görünsün. Məsələn, "Qolos Armenii” yazır ki, növbədənkənar seçkilərdən sonra ölkədə bir nəfərin hakimiyyəti formalaşacaq. Nəşr əlavə edir ki, bu mütləq hakimiyyət Yerevanın Qarabağ məsələsindəki mövqeyinin necə olacağı ilə bağlı narahatçılığı artırır. "Joxovurd” qəzeti isə yazır ki, Paşinyan üçün hazırda əsas təhlükə heç də Respublika Partiyası deyil. Onun üçün hədəf sabiq prezident Robert Koçaryandır. Bu məqsədlə də Apelyasiya Məhkəməsi qarşısında Koçaryan barəsində çıxarılan qərarın dəyişdirilməsi tələbini qoyub. Baş nazir səlahiyyətlərini icra edən Paşinyan Rusiyanın bu şəxsə olan dəstəyini öz tərəfinə çəkməyə çalışır. Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan hesab edir ki, Koçaryanın yeni şərtlərlə 2008-ci il hadisələrinə görə məsuliyyətə cəlb olunması zaman məsələsidir. "Cinayət işi hələ qapadılmayıb, istintaq davam edir və vacib deyil – o, həbsxana divarları arxasına indi və yaxud sonra dönəcək?” – deyə o bildirib. Onun sözlərinə görə, bu gün Ermənistanda Koçaryanı dəstəkləyə biləcək bir qüvvə belə qalmayıb. "Koçaryanın siyasi dayağı "Daşnaksütyun” idi. İkinci prezident isə sadəcə onu oliqarxlardan birinə satdı. Bizim ənənəvi partiyalarımıza qarşı etdiyini ona qarşı da həyata keçirdi. 15 il əvvəl faktiki olaraq bütün erməni partiyalarını özəlləşdirdi və onları oliqarxlara satdı. Onun səyləri nəticəsində Ermənistanda siyasi səhnə məhv edildi. Bütün bu səylər onun indi özünə qarşı bumeranq kimi çevrilir. Hazırda onu siyasi səhnədə bir siyasi qüvvə belə dəstəkləmir. Hakimiyyəti itirməklə, o, sadəcə daxili siyasi arenada maraqsız bir şəxsə çevrilib”, - deyə sabiq baş bankir bəyan edib.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər