Ermənistanın düşdüyü rəzil durum
Dünyaca məşhur BBC kanalı 44
günlük müharibənin düşmən ölkəyə vurduğu fəsadların sağalmaz olduğu qənaətinə
gəlib
Qarabağdakı müharibənin
ildönümü qalib Azərbaycanda bir, məğlub Ermənistanda isə başqa əhval-ruhiyyədə
qeyd edilir. Nəticələri bir kənara qoyub məğlub qonşumuzun baş verənlərdən
hansı dərs aldığını analiz edək. Adətən məğlub dövlətlər müharibələrdən sonra
müəyyən nəticə çıxarır, səhvləri və onları buna gətirib çıxaran səbəbləri araşdırır,
götür-qoy edir. Müharibələrin minillik tarixi də bunu təsdiq edir. Götürək, elə
İkinci Dünya Müharibəsindəki faşist Almaniyasını. Almanlar üzləşdikləri məğlubiyyətdən
qısa zamanda nəticə çıxardılar və bu gün tək Avropanın deyil, dünyanın ən
qüdrətli dövlətlərindən birinə sahibdirlər. Bugünkü Ermənistan rəhbərliyi isə
44 günlük fiaskodan nəinki nəticə çıxarır, əksinə, revanşizmdən dəm vurur,
silahlanmağa çalışır, xalqını fəlakətə sürükləyir. Prezident İlham Əliyevin son
müsahibəsində dediyi kimi, Ermənistanda tüğyan edən azərbaycanofobiya,
islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb.
Hər şey bitdi
Ermənistan hakimiyyəti, eləcə
də, revanşist əhval-ruhiyyədə olan kəsim görən nəyə və kimə arxalanıb yeni
müharibədən, torpaqları geri qaytarmaqdan dəm vurur? Sözsüz ki, bu bəyanatlar
daxili auditoriyaya hesablanır. Cəmiyyətdə hökm sürən pessimist əhval-ruhiyyəni
aradan qaldırmağa çalışırlar. Lakin bu əhval-ruhiyyədə olan kəsim heç olmasa
arada müharibədə iştirak edən hərbçilərin, sadə vətəndaşların fikirlərinə qulaq
asırmı? Özü də onların qan donduran, dəhşətli etiraflarını erməni və yaxud rus
mediası deyil, Qərb nəşrləri dilə gətirir.
"Ruslar yenə bizə xəyanət etdi”
Dünyaca məşhur BBC-nin
hazırladığı son videoreportajda rəyi soruşulan vətəndaşların fikirləri erməni
cəmiyyətinin hansı durumda olduğunu göstərir. Kanala müsahibəsində erməni sakinlərdən
bəziləri düşmən olaraq Azərbaycandan çox Rusiyanı ittiham edir, Moskvanı onlara
xəyanət etməkdə günahlandırırlar. "Bu müharibə bizim millət üçün
rüsvayçılıq idi. İndi bizim şəhər tamam boşalıb. Ancaq əvvəl tamamilə başqa
idi. Hökumət üçün deyə bilmərəm. İnsani baxımdan bu, bizim üçün böyük faciədir,
lakin çoxları bundan dərs almadı", - deyə erməni sakin vurğulayır. Ardınca
da əlavə edir ki, "Azərbaycan necə deyirdi, elə də etdi. Bizimkilər isə
hər zaman rusu düşünürdü. Rus isə son məqamda gəlmədi. Həmişə olduğu kimi, yenə
öz müttəfiqinin hayına çatmadı. Çox böyük və ağır dövr yaşadıq. Ən ağır olanı
odur ki, zaman da bu yaranı sağaltmayacaq. Böyük və yaxşı bir nəsil
itirdik".
Başqa bir erməni sakin isə
hakimiyyəti cəmiyyətdə düşmənçilik yaratmaqda ittiham edir. "Biz özümüzə
gələ bilirik heç? Yeni hakimiyyət əlindən gələni edir ki, erməni erməniyə qarşı
nifrət hissi ilə böyüsün”, - deyə qadın sakin kanala müsahibəsində deyir. Onu
da əlavə edir ki, Ermənistan heç bir ölkə ilə olmamalıdır, diaspor vətənə
dönməlidir.
"Biz qalib gələ bilməzdik - kimsə bunu iddia edirsə, nağıl
qurur"
Bu günün ən dəhşətli erməni
reallığını isə Qarabağ müharibəsində qolunu itirən erməni Vladimir Vardanyan
adlı hərbçi açıqlayır: "Əgər üçtərəfli saziş olmasaydı, indi Qarabağda bir
erməni belə qalmayacaqdı. Sonradan Ermənistana qayıdanlar indi olmayacaqdılar,
çünki arxa məhv edilmişdi, imkan yox idi. Onların qarşısını almaq mümkün
deyildi. Şuşanı almaq bilirsiniz ki, asan deyildi, ancaq Azərbaycan bunu etdi. Azərbaycanlılar
Xankəndini də alacaqdılar. Şuşadan ora bilirsiniz ki, cəmi beş dəqiqəlik
yoldur". Ardınca da deyir ki, "biz qalib gələ bilməzdik, bu,
birmənalıdır. Kimsə elə bilirsə ki, biz bu müharibədən qalib çıxa bilərdik - o
nağıl danışır".
"Bütöv bir nəsil Azərbaycanın sayəsində indi torpaq
altındadır"
Keçmiş hərbçi Azərbaycan
ordusunu nəzərdə tutaraq "o boyda qoşuna qarşı 44 gün döyüşmüşük. Bütöv
bir nəsil onların sayəsində torpaq altındadır. Sülh ola bilər, amma ziddiyyətlər
daim olacaq. Hər tərəfin öz mövqeyi var. Bu, əsrlərlə davam edə bilər. Bizim
daha güzəşt etmək imkanımız yoxdur" - deyə müsahibəsini pessimist notlarla
bitirir. Bəli, bu və yuxarıda səslənən fikirlər erməni sakinlərinin yalnız bir
hissəsinin mövqeyidir. Onlar minlərlədir. Erməni hakimiyyəti heç olmasa arada
öz sadə vətəndaşlarının fikirlərinə, səsləndirdikləri reallıqlara nəzər salmalıdır.
Anlamalıdırlar ki, bataqlıqdan çıxmağın yeganə yolu başqasının torpaqlarına göz
dikməkdən yox, mehriban qonşuluqdan, regional inteqrasiyadan keçir. Axı həyat
insana bir dəfə verilir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxladılar.
Nə əldə etdilər? İşğal altında olan torpaqlardan sərvətləri daşıyıb apardılar.
Nəticə nə oldu? Yenə də ac-yalavac küçələrdədirlər.
Daxili satqın axtarışı
Ermənistan hakimiyyəti heç
olmasa qorxa-qorxa, onlarla mühafizəçinin müşayiəti ilə getdiyi ölənlərin dəfn olunduğu
panteonu yaddan çıxarmasın. Görün vəziyyət nə həddədir ki, baş nazir ölənlərin
yaxınları ilə görüşə də bilmir. Erməni cəmiyyətinin ən böyük problemi həm də
müharibədə üzləşdikləri məğlubiyyətə görə daxili düşmən axtarışıdır. İsrarla baş
nazir Nikol Paşinyanı bütün bəlalarının səbəbkarı, satqın adlandırırlar.
Məsələn, erməni ekspert Mtrdat Madatyan özünün "facebook” səhifəsində yazır ki,
"keçən ilin bu günü bu hakimiyyətin xainliyini ortaya qoyacaq bir
müharibə başlandı və bu məğlubiyyət planlaşdırılmışdı”. Qeyd edir ki, belə
durumlarda hakimiyyət millətin və əsgərin ruhunu qaldırmalı idi. Paşinyan hökuməti isə bunu etməyib.
Beləliklə, Ermənistan
hakimiyyəti xəstə duruma saldığı xalqı ilə birlikdə baş verənlərdən nəticə
çıxarmalıdır. Reallıqla barışmalı, mehriban qonşuluq və regional inteqrasiyaya
aparacaq yolla getməlidir. Onlar bilməlidirlər ki, əks yolu seçmək erməni
dövlətçiliyinin məhvinə gətirib çıxaracaq.
Azər NURİYEV