• şənbə, 20 Aprel, 08:18
  • Baku Bakı 14°C

Ermənistanın Belarus narahatçılığı

21.11.18 18:53 908
Ermənistanın Belarus narahatçılığı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilən toplantısında qurumun baş katibliyi ilə bağlı müzakirələr zamanı Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan arasında olan mübahisə hələ də gündəmdə qalmaqda davam edir. Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfəri zamanı Belarusla imzalanan müqavilələr də Ermənistan tərəfindən birmənalı qarşılanmır. Paşinyan hesab edir ki, KTMT-ə üzv olan Belarusun Azərbaycanla siyasi, iqtisadi və hərbi-texniki əməkdaşlığı genişləndirməsi Ermənistan əleyhinə atılan addımdır. Başqa sözlə desək, Belarusla Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi Ermənistanı ciddi narahat edir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Ermənistan ümumiyyətlə Azərbaycanın istənilən uğurlu daxili və xarici siyasətindən hər zaman narahatlıq keçirir: "Bu, birinci dəfə deyil. Ermənistan görür ki, Azərbaycan öz dövlətçiliyində qazandığı uğurları beynəlxalq əlaqələrin möhkəmlənməsinə, digər dövlətlərlə dostluğun daha yüksək səviyyədə qurulmasına yönəldir. Ermənistanda isə bu, alınmır. Baxmayaraq ki, hazırda Ermənistan bir neçə regional təşkilatın üzvüdür, ancaq bu təşkilatlarda təmsil olunan dövlətlərin heç biri ilə yaxın dostluq münasibətləri yoxdur. Ümumiyyətlə, Ermənistanın yaxın dostu yoxdur. Çünki bu ölkə istənilən vaxt öz dostunu satmağa, ağasını daha əlverişli ağaya dəyişməyə hazırdır. Yerevanın digər dövlətləri öyrətmək cəhdləri çox pis qarşılanır. Belarus Xarici İşlər Nazirliyinin nümayəndəsinin Paşinyana yaxşı bir hüquq dərsi keçməsi hamının yadındadır. Hesab edirəm ki, Ermənistan apardığı bu siyasətlə qismətini özü yazır. Belə ki, Azərbaycanın uğurlarına həsədlə baxır, ölkəmizin başqa dövlətlərlə münasibətlərinə kölgə salmağa çalışır və ümumən götürdükdə dövlətçilik yarışında uduzur”.
A.Mirzəzadə əlavə etdi ki, Ermənistan beynəlxalq ictimaiyyəti vaxtaşırı aldatmağa çalışır: "Rəsmi Yerevan özünün işğalçılıq siyasətinə digər dövlətlərdən dəstək qazanmağa çalışır. Ermənistanın konkret olaraq Belarusu Azərbaycanla hərbi-texniki əməkdaşlıqda ittiham etməsi əcaib bir qənaətdir. Bu ölkə hesab edir ki, Belarus Ermənistanın işğalçılıq siyasətinə dəstək verməlidir, onu ən müasir silahlarla təchiz etməlidir və "böyük Ermənistan” yaratmaq xülyasını müdafiə etməlidir. Amma aydın məsələdir ki, bütün bunlar real deyil. Belarus Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanla olan münasibətlər ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsindədir və silah satışı da iki dövlətin maraq dairəsindədir. Azərbaycan bu silahları heç zaman Ermənistana qarşı torpaq iddiası üçün istifadə etməyəcək, heç buna ehtiyacı da yoxdur. Ermənistan artıq başa düşür ki, qarşısında 90-cı illərin imkansız və zəif Azərbaycanı dayanmayıb. Ölkəmiz güclənir, onun qüdrətli ordusu var və iki il əvvəlki aprel hadisələri göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün istənilən addımı atmağa hazırdır”.

Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Azərbaycan KTMT-nin üzvü olmadığı halda bu qurumda kifayət qədər nüfuza malikdir: "Təbii ki, bu da Ermənistanı narahat edir. Məsələn, KTMT-nin Astana toplantısında Paşinyan Ermənistanın yeni nümayəndəsinin təşkilata baş katib təyin olunmasını istəyirdi və 2020-ci ilə kimi baş katiblik postunun ölkəsində qalmasına çalışırdı. Əlbəttə, Qazaxıstan və Belarus buna razı olmadı və Ermənistanın istəyinin qarşısı alındı. Sözsüz ki, bu da Ermənistanda, xüsusilə də seçki kampaniyasını həyata keçirən Paşinyanda olduqca aqressiv mövqe formalaşdırdı. Hesab edirəm ki, bu bir tərəfdən Ermənistanın küncə sıxılması idi, digər tərəfdən isə özünü qeyri-adekvat aparan Paşinyana cavab idi. Təbii ki, baş verənlər seçki öncəsi Paşinyana müsbət heç nə vəd etmir. Paşinyan da sələfləri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək siyasi hakimiyyətdəki mövqelərini möhkəmləndirməyə çalışır”.
E.Mirbəşiroğlu vurğuladı ki, Azərbaycanla KTMT ölkələri arasında kifayət qədər yaxın münasibətlərin olması, hətta bu münasibətlərin strateji tərəfdaşlıq həddinə çatması müsbət göstəricidir. Bu, Azərbaycanın mövqeyini ciddi şəkildə möhkəmləndirir: "Həmçinin müvafiq olaraq Ermənistanın vəziyyətini acınacaqlı edir. Bu baxımdan, "münaqişə kartı” Paşinyanın əlindən çıxa bilər. Ermənistanın baş nazir əvəzi bu imkandan istifadə edə bilmir. Bu da Paşinyanda və bütövlükdə Ermənistanda bir narahatçılıq yaradır. Nəzərə almaq lazımdır ki, konkret olaraq Belarus Ermənistanla eyni hərbi-siyasi ittifaqda olduğu halda Azərbaycanla bütün istiqamətlərlə yanaşı, eyni zamanda hərbi-texniki sahədə çox geniş əməkdaşlıq edir. Hətta prezident İlham Əliyevin Belarusa səfəri zamanı hərbi-texniki sahədə əməkdaşlıq haqqında memorandum imzalandı. Dövlət başçısı qeyd etdi ki, bu memorandum tezliklə müqaviləyə çevriləcək. Belarus hərbi-sənaye sahəsində potensiallı bir ölkədir. Bu ölkə Azərbaycana həm müdafiə sistemləri, həm də hücum silahlarını vermək potensialına malikdir və bu istiqamətdə artıq təcrübə də mövcuddur. Bu baxımdan, Ermənistan narahatdır ki, Azərbaycanın hərbi potensialı daha da güclənir. Eyni zamanda, Azərbaycanın Belarusla bütün istiqamətlərdə əməkdaşlığı hər iki ölkənin hərtərəfli inkişafında ciddi rol oynayır. Bu da təbii ki, düşməni məyus edir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər