• cümə, 29 Mart, 12:22
  • Baku Bakı 14°C

Ermənistanda transgenderlə bağlı qalmaqal Rusiya mediasında

18.04.19 18:14 681
Ermənistanda transgenderlə bağlı qalmaqal Rusiya mediasında
Ermənistan parlamentində transgenderlə (cinsi azlıq) bağlı qalmaqal Rusiya mediasının gündəmindən düşmür. Bu dəfə "Lenta.ru” kimi geniş auditoriyası olan xəbər saytı yazır ki, kiçik Ermənistanda yenidən böyük qalmaqal qızışır. Müəllif yazır ki, ölkə, transgenderin parlamentdə çıxışının şokundan ayrıla bilmir. Artıq bir həftədən artıqdır ki, cəmiyyəti belə bir sual düşündürür – seksual azlıqlarla nə etmək? Ən müxtəlif səviyyələrdə radikal çıxışlar səslənir – bir qisim tələb edir ki, parlament LGTB nümayəndələrindən təmizlənməli, digər qrup isə küçələrə çıxıb cinsi azlıqları yandırıb, öldürməyi tələb edir. Bu məsələdə siyasi oyunlardan da keçmək mümkün olmayıb. Transgender qalmaqalının ölkənin gələcəyinə necə təsir edə biləcəyini araşdıran müəllif, Ermənistanın hər hansı bir göstəricilərinə görə, dünya liderləri arasında təmsil olunmadığını qabardır. Lakin əlavə edir ki, homofobiya sahəsində onun rəqibləri kritik sayda azdır. "LGTB burada əhali tərəfindən elə də ciddi dəstəyə malik deyil. Belə bir halda, necə olur ki, LGTB cəmiyyətini təmsil edən Lilit Martirosyan (kişi adı Vaqarçak) parlamentdə çıxış edir? Parlamentdəki çıxışında bəyan edir ki, bir neçə ay bundan əvvəl onun belə çıxışını təsəvvür etmək mümkün olmazdı. Bu gün isə bu hal postinqilab dövrü Ermənistanın reallığına çevrilib. "Parlament tribunasından sizə mən - qadın-transgender müraciət edir”, - deyə sayt Martirosyanın fikirlərini sitat kimi verib. Müəllif yazır ki, ermənilər əvvəlki hakimiyyəti qovub, yerində yenisini qurdular. Lakin əvvəlki problemlərlə üzbəüz qaldılar. Bu qalmaqallı çıxışın səhəri günü parlament qarşısında irimiqyaslı aksiya keçirildi. İştirakçılar hakimiyyətdən bu məsələni dərhal həll etməyi tələb ediblər. Çıxışçılardan ən kaloritlisi isə bıçağı kameraya tərəf tutaraq bildirib ki, transgender insanları "utulizə” etməyə hazırdır. Aksiya iştirakçıları qarşısına parlamentin spikeri Armen Simonyan çıxıb və ondan Martirosyanın toxunduğu bütün yerləri dini ayinlə təmizləməyi tələb ediblər. Ona bildiriblər ki, transgender insan deyil və belə adamlara Ermənistanda yer yoxdur.
Xalq barrikadalarında ən aparıcı şəxs isə keşiş Qazar Petrosyan olub. Keşiş spikerə bildirib ki, transgender olmaq cinayətdir və ən azı dörd il cinayət məsuliyyəti var. Küçə etirazları bir müddətdən sonra səngidi - parlamentdə çıxış edəni polis saxladı və "utilizə” etdi. Keşiş isə iki həftəliyinə dini səlahiyyətlərindən məhrum edildi. Lakin yerli KİV-lərdə, sosial şəbəkələrdə sözün əsl mənasında geniş müzakirələr başladı. Virtual aləmdə cinsi azlıq, transgender və bu kateqoriyadan olan insanları, onları müdafiə edənləri tapıb ABŞ və Avropa ölkələrinə sürgün etmək, hətta öldürmək çağırışları gücləndi. Müzakirələrə nəinki ölkə sakinləri, xaricdəki ermənilər də qoşuldu. Maraqlıdır ki, əsas da sonuncular daha sərt mövqedən çıxış etməyə başladılar.
Müəllif yazır ki, əslində LGTB partlayışı artıq minimum bir ildir ki, formalaşır. "Məxməri inqilab”dan sonra keçmiş hakimiyyət inzibati resursdan məhrum olsa da, media resursları vasitəsilə bu məsələni qabartmağa başladı. KİV-dəki həyəcan dalğasına siyasilər də qoşuldu. Müxalifət deputatlardan biri hətta ölkədə eynicinslilərin nikahının ləğv edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Kampaniyanın ümumi leytmotivi ona gətirib çıxarıb ki, baş nazir Nikol Paşinyan və onun komandasını LGTB və ona yaxın olanlar dəstəkləyir, onları məqsədlərinə çatmağa doğru yönəldir. Özü də ötən il seksual azlıqlarla bağlı bir sıra rezonans doğuran hadisələr yaşanıb. Ötən ilin avqustunda 30 nəfərdən ibarət dəstə cinsi azlıqlara hücum çəkərək, onları döyüblər. Bundan bir müddət sonra isə komik bir insident yaşanıb - cinsi azlıqlar polis məntəqəsinə hücum çəkib asayiş keşikçilərini döyüblər. Belə bir halı Ermənistanda heç kim təsəvvür belə etməyib. Bir neçə ay bundan öncə isə LGTB-nin forumunu ləğv etdilər. Məsələ o qədər böyüdü ki, Paşinyan da ona reaksiya verdi.
Öz növbəsində "PinkArmenia” cinsi azlıqlar təşkilatının rəhbəri Mamikon Ovsepyanın Lilit Martirosyanla bağlı məsələyə reaksiyası belə olub ki, parlamentdə onların üzvünə qarşı diskriminasiya halı baş verib. Onun sözlərinə görə, LGTB üzvlərinin hüquqlarının qorunmasına Ermənistanda susmaqla cavab verilir: "Onda qoyun siyasətçilər bu mövzudan divident gətirmək üçün istifadə etsinlər. Ən əsası, nəhayət ki, bu məsələ müzakirə olunur. Bu, müxtəlif diskussiyalar üçün əlverişli şərtlər yaradır”. Ovsepyan hesab edir ki, ermənilər arasında homofobiyanın artması onunla izah olunur ki, ölkə sovet respublikası olub. İkinci səbəb isə maarifçiliyin aşağı olmasıdır.
Müəllif sonda yazır ki, gurultulu qalmaqaldan sonra vəziyyətin necə olacağını söyləmək çətindir: "Hakimiyyət bu mövzuya Paşinyanın strategiyasına uyğun, könülsüz şəkildə yaxınlaşır. Son hadisələr, ölkədə LGTB cəmiyyətinə qarşı radikal əhval-ruhiyyənin artmasından xəbər verir. Bu təbəqədən olan insanların ölkədə olduğunu hamı bilirdi. Məsələn, Yerevanın mərkəzində iri bir bağ var - azlıqlar ora yığışır. Və belə yerlər çoxdur. Eləcə də, eynicinslilərin yaşadıqları barədə də məlumatlar var”. Məqalədə vurğulanır ki, erməni inqilabı çox şeyi dəyişib: "Vəziyyət əvvəl elə idi ki, hamı bu barədə susmağa çalışırdı. İndi isə status-kvo dəyişib, qeyri-ənənəvi orientasiyalı insanlar parlamentə daxil olur, çıxışlar edir, özlərinin mövcudluğunu bildirirlər. Bu gün aydın olan budur ki, Lilit Martirosyan çıxışı ilə Ermənistanın ictimai-siyasi gündəliyini dəyişmiş oldu. Ola bilsin, qalmaqal seks-azlıqlar barədə danışmaq istəməyən Paşinyanın siyasətinin iflasının nəticəsidir. İstənilən halda, erməni cinsi azlıqlarının əlində güclü kozır düşmüş olub - onları gördülər və eşitdilər. Və bu fakt onların xeyrinə işləyəcək”, - deyə müəllif fikirlərini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər