AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda rəqabətsiz seçki tamaşası

Ermənistanda rəqabətsiz seçki tamaşası

Siyasət
28 Dekabr 2012, 09:11 2147
Dünən Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə prezidentlik postunda qalmaq üçün namizədliyini təsdiqləyən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Qeyd edək ki, Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkilərində namizədlik üçün son tarix yanvarın 4-ü müəyyənləşdirilib. Bundan sonra 10 gün ərzində prezidentliyə namizədlərin rəsmi siyahısı tərtib olunacaq.

Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın namizədliyi sədri olduğu Ermənistan Respublikaçılar Partiyası irəli sürüb. Daha əvvəl “Azadlıq” Partiyasının qurultayında partiyanın lideri, sabiq baş nazir, millət vəkili Hrant Baqratyanın namizədliyi irəli sürülüb, Milli Müqəddərat Birliyinin lideri Paruyr Hayrikyan öz qüvvəsini sınamaq əzmində olduğunu bildirib və bu günədək ictimaiyyətə tanış olmayan, özünü epos üzrə mütəxəssis kimi təqdim edən, işsiz Vardan Sedrakyan prezident vəzifəsi uğrunda mübarizəyə qatılacağını bəyan edib. Onların hər üçü Mərkəzi Seçki Komissiyasına ərizə təqdim ediblər.

90-cı illərin əvvəlində Ermənistan xarici işlər naziri olmuş ABŞ vətəndaşı, Jaranqutyun (İrs) Partiyasının lideri Raffi Ovannisyan da, nəhayət, uzun illərdən sonra Ermənistanda 10 il yaşadığını təsdiq edən sənədi aldıqdan sonra öz namizədliyini irəli sürüb. İlk dəfə Ermənistanda qadın namizədin iştirak edəcəyi də ehtimal olunur. Lakin daha əvvəl namizədliyini irəli sürəcəyini bəyan etmiş “Azad Demokratlar” Partiyasının sədr müavini Anuş Sedrakyanın son qərarı məlum deyil. Əsasən liderinin şəxsi nüfuzu və ilk növbədə, nəhəng maliyyə imkanları əsasında cəmləşən ən iri partiyalardan biri olan “Çiçəklənən Ermənistan” Partiyasının sədri, millət vəkili Qaqik Tsarukyan ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini və heç bir siyasi qüvvənin namizədini dəstəkləməyəcəyini bəyan etdikdən sonra Serj Sarkisyana ciddi rəqabət yaradacaq namizəd kimi müxalif Erməni Milli Konqresin rəhbəri Levon Ter-Petrosyan nəzərdən keçirilirdi. Qaqik Tsarukyanın partiyası hal-hazırda Ermənistan Milli Məclisində hakim Respublikaçılar Partiyasından sonra sayca ikinci parlament fraksiyasını təşkil edir. Lakin Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan son anda 2013-cü il prezident seçkilərində iştirak etməyəcəyini bildirdi. Ter-Petrosyan öz qərarını yaşı ilə izah edib: “Nə istəyirsiniz deyin, lakin 68 yaşında adam siyasətçi üçün optimal 40-60 yaşlı kimi əzmə və işləmək qabiliyyətinə malik ola bilməz. Belə ki, səhnəyə daha gənc siyasətçilər çıxmalıdır”.

Daşnaksütyun isə qarşıdan gələn seçkilərdə namizədini irəli sürməyəcək. Daşnaksütyunun funksioneri Armen Rustamyan bəyan edib ki, onun partiyası müxalifət cəbhəsini birləşdirmək üçün əlindən gələni edəcək. Lakin hələ ki bunu edə bilməyib. Buna səbəb hər bir siyasi qüvvənin öz yolu ilə getməsi ilə bağlıdır. Yerli analitiklər yaranmış durumda gözlənilən prezident seçkilərinin əslində qeyri-rəqabət şəraitində keçəcəyini və nəticələrinin "həll olunduğunu" hesab edir və bu halın Ermənistanın imicinə xələl vuracağını qeyd edirlər. “Nə gərgin mübarizə olacaq, nə də qanun pozuntuları. Ölkə qarşısında duran yeganə vəzifə seçkilərin demokratiya qaydalarına uyğun keçməsidir. Lakin bu, məhz rəqabət tələb edir. Serj Sarkisyan 97 faizlə qalib gələ bilər və bu, Ermənistanın beynəlxalq imicinə mənfi təsir edər” – deyə Qlobalizasiya və Regional Əməkdaşlıq Üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryan deyir. Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryanın sözlərinə görə, bu gün ölkənin siyasi səhnəsində hakim Respublikaçılar Partiyasına və onun namizədinə rəqabət təşkil etməyə qabil olan heç bir qüvvə yoxdur. Odur ki, seçkilərin nəticələri qabaqcadan həll olunub və qalibin adı ilk turdan sonra məlum olacaq. Politoloqun fikrincə, bu gün hakim Respublikaçılar Partiyası çətin bir vəziyyətə düşüb: indi onlar çalışmalıdırlar ki, onların namizədinə verilən səslərin sayı 88 faizə çatmasın. Belə nəticələr, İskandaryanın sözlərinə görə, diktator rejimlərinə xasdır.

Ekspertlər qeyd edir ki, hazırda Ermənistanda yeni siyasi sensasiya yaranıb. Ter-Petrosyanın seçkilərdə iştirakdan imtinası ekspertlərdə seçkilərin nəticələrinin alternativsiz olacağı qənaətinə gətirib. Politoloq Stepan Qriqoryan da hesab edir ki, 2013-cü il seçkiləri çox zəif rəqabət şəraitində keçiriləcək. «Tsarukyanın namizədliyindən imtina etməsi də bu fikri möhkəmləndirmiş oldu. Ciddi mübarizə olmayacaq, ciddi pozuntular da» - deyə Qriqoryan vurğulayıb. Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan isə öz fikirlərində daha sərtdir. Onun qənaətincə, Ermənistanda prezident seçkiləri yeni il qabağı klounadaya bənzəyir. Və bunun nəticələri hamıya məlumdur: Mən bunu üçlərin qəsdi hesab edirəm. Bu, Petrosyan, Tsarukyan və Sarkisyanın ölkəsinə qarşı qəsdidir».

Azər NURİYEV