Ermənistanda peyvənd xaosu
Köçəryan "peyvəndləmə” narazılığından yararlanmağa çalışır
Bir tərəfdən müharibənin
nəticələri, digər tərəfdən sosial-iqtisadi problemlərin günbəgün artması Ermənistan
hakimiyyətini ciddi problemlərlə üz-üzə qoyub. Qərbin vəd etdiyi milyonlarla
dollar investisiyadan xəbər yoxdur, miqrasiya isə sürətlə artır. Neçə müddətdir
ki, mövcud problemlərin sırasına daha biri də əlavə edilib. Koronavirus
pandemiyasına qarşı peyvəndlənmə kampaniyası ölkəni ciddi narazılıqla üz-üzə
qoyub.
Ölkə rəhbərliyi dövlət
orqanlarında çalışan hər kəsin COVID əleyhinə peyvənd olunmasını məcburi etsə
də, statistika ən aşağı həddədir: sentyabrın əvvəlində yeni qanun elan
edildikdə bəlli olub ki, ermənilərin cəmi beş faizi peyvənd olunub.
Yeni qanun narazılıq doğurub
Qərbin nüfuzlu
"Eurasianet" nəşri yazır ki,
bu həftədən qüvvəyə minən qanun bəzi siyasətçilərin, əhalinin müəyyən
təbəqəsinin ciddi narazılığı və müqaviməti ilə üzləşib: nəticədə peyvənd
əleyhinə kampaniyanın yeni dalğası başlayıb. Yeni qaydalara görə, işçilər ya
işəgötürənlərə peyvənd sertifikatı göstərməli, ya da hər 14 gündən bir mənfi
PCR testi təqdim etməlidirlər. Testlər üçün xərclənən məbləğ əksər ermənilərin
aylıq maaşlarının əhəmiyyətli hissəsinə bərabərdir.
Köçəryan narazıları öz tərəfinə çəkir
Parlamentdəki ən böyük müxalif
qüvvə - keçmiş prezident Robert Köçəryanın başçılıq etdiyi "Ermənistan
İttifaqı” qanunu pisləyən bəyanat yayaraq "peyvəndləmə hər kəsin məcburi
deyil, düşünülmüş qərarının nəticəsi olmalıdır" fikrini ifadə edib.
Hökumət isə PCR testlərinin dəyərini ödəməlidir. İttifaq Konstitusiya
Məhkəməsindən yeni qanunun dayandırılmasını istəyib.
Bu yay keçirilən seçkilərdə
"Ermənistan ittifaqı”nın namizədlərindən olan vəkil Robert Hayrapetyan
"facebook"da yeni qaydaları pozmaq istəyənlər üçün təlimat
yerləşdirib: "Əgər peyvənd və ya PCR testi olmadan işə gəlsəniz,
işəgötürənin sizi işdən çıxarmaq haqqı yoxdur. Unutmayın ki, heç kimin, xüsusən
də nazirin əmri ilə peyvəndlənməyə məcbur etmək haqqı yoxdur. Yalnız istəsəniz
peyvənd oluna bilərsiniz".
Qanun yüksək rütbəli
məmurlara şamil edilmir
Hökumətin bu qaydaların baş
nazir, prezident və ya millət vəkilləri kimi yüksək rütbəli məmurlara şamil
edilməyəcəyi ilə bağlı açıqlaması da narazılığı artırıb. Ədliyyə Nazirliyi bu
cür istisnaları nəzarət səlahiyyətləri olmayan vəzifəli şəxslərə müraciətlərin
hüquqi mürəkkəbliyi ilə izah edib. Məsələn, peyvənd olunmayan prezidenti işdən
çıxara biləcək heç kim yoxdur. Bu da ikili standartlar görən ermənilər arasında
mənfi reaksiyaya səbəb olub. Bu arada, radikal sağ hərəkatlar peyvəndləmə
prosesinə qarşı etiraz dalğası başlatmaq fürsətindən istifadə etmək qərarına
gəliblər.
Küçə mitinqlərinə start verilir
Məsələn, özünü "İşıq
Ordusu" adlandıran qrup mütəmadi olaraq küçə mitinqləri təşkil
edəcəklərini açıqlayıb. Sağçı siyasətçilər də hökumətin peyvəndləmə səylərinə
qarşı qruplar və təşəbbüslər yaradıb. "İradə Azadlığı" adlı təşkilat
erməniləri peyvəndlərlə bağlı "ciddi fəsadlar və ölüm" halları
haqqında məlumatları göndərməyə çağırıb. Bu məlumatlar təşkilata üzv həkimlər
tərəfindən araşdırılacaq.
Qrup müxalifətin başçılıq
etdiyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Daimi Parlament Komissiyasına
da müraciət edərək səhiyyə naziri Anahit Avanesyan ilə görüşüb. Görüş zamanı Avanesyan koronavirusun daha
yoluxucu Delta növünün yayılması səbəbi ilə peyvənd edilənlərin də maska
taxmalı olduqlarını söyləyib. Bir çox xəbər agentliyi, xüsusən də müxalifət mətbuatı
bundan istifadə edərək "Peyvənd yoluxmanı istisna etmir: Anahit
Avanesyan" başlıqlı yazılar dərc edib.
İşəgötürənlər naçar qalıb
"Hüquqi baxımdan,
normativ hüquqi aktlar təsirsizdir, üstəlik, hökumət əmək qanunvericiliyinə
riayət olunmasını təmin etmək üçün lazımi dəyişikliklər etməyib" - deyə
Ermənistan İşəgötürənləri Respublika Birliyinin rəhbəri Qaqik Makaryan İctimai
Televiziyanın efirində bəyan edib. Əlavə edib ki, artıq ikinci ildir ki,
koronavirus xaosundayıq, lakin müvafiq hökumət idarələri bu məsələləri həll
etmir, əmək qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilməyib: "Bunun
nəticəsində qaydalar işəgötürənlər üçün əhəmiyyətli risklər yaradıb: bir
tərəfdən qaydalara riayət etmədikləri üçün dövlət tərəfindən cərimələnə
bilərlər. Digər tərəfdən, tələbləri yerinə yetirdikləri üçün işçilər tərəfindən
mühakimə oluna və məhkəmə tərəfindən cərimələnə bilərlər”.
Səlahiyyətlilər,
işəgötürənlərin qaydalara riayət etməyən işçiləri işdən çıxarmaq hüququnun
olduğunu israr edirlər. Səhiyyə və Əmək Müfəttişliyi, lazım gələrsə, gündə iki
dəfə müəssisələrdə yoxlama aparmaq hüququna sahib olduğunu və qanun
pozuntularına görə müəssisələri 120 min dram (təxminən 240 dollar) məbləğində
cərimələyə biləcəyini bildirib.
Saxta peyvənd sertifikatı satılır
Bu arada, saxta peyvənd
sertifikatları ilə genişmiqyaslı alver haqqında söz-söhbətlər ölkəni bürüyüb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda saxta peyvənd sertifikatı
hazırlamaqla bağlı iki halın araşdırıldığını bəyan edib. İnternetdə həkimlərin saxta
sertifikat verməsi ilə bağlı geniş müzakirələr gedir və bəzi sosial media
istifadəçiləri peyvənd olunmaq əvəzinə, saxta sertifikatı necə əldə etməyi
məsləhət görürlər.
Azər NUR