Ermənistanda panika
Prezident İlham Əliyevin
son açıqlamaları düşmən ölkədə geniş rezonans doğurub
İşğalçı dövlət panika içindədir. Ölkə prezidenti İlham Əliyevin Ermənistanda
mövcud durum, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son açıqlamaları
hərbi xunta dövlətinin siyasi dairələrində, mediasında geniş əks-səda doğurub.
Qeyd edək ki, prezident müsahibəsində danışıqlar prosesinin uğursuz olduğu və
bu uğursuzluqda Ermənistan tərəfinin günahkar olduğunu sərt şəkildə bəyan edib.
Rəsmi Bakı Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ümid edirdi ki, Nikol
Paşinyan hökuməti heç olmasa ağlını başına yığıb işğal siyasətindən, yaratdığı
qondarma quruma son qoyacaq. Lakin görünən odur ki, yeni hakimiyyət populist
bəyanatlar səsləndirməkdə davam edir. Hətta, əvvəlki rəhbərlikdən də qabağa
gedərək, işğal altında olan Azərbaycan torpaqlarını qanuni don geyindirməyə
çalışır. Son Tovuz hadisələri də bu avantürizmin nəticəsidir. Sosial, iqtisadi
və digər problemlərdən diqqəti yayındırmaq üçün sərhəd bölgəsində təxribatlara
yol verir. Sərsəm, avantürist bəyanatlar səsləndirməkdə davam edir. Erməni
mediasında dərc olunan materiallarda prezidentin Ermənistanın ünvanına
səsləndirdiyi bəyanatlar və Nikol Paşinyanın bütün bunlara susqunluğa alması,
hakimiyyətin səriştəsizliyi ciddi şəkildə qabardılır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Ermənistanda artıq
söz sahibi xarici qüvvələrdir. Daha dəqiq ifadə etsək, Sorosdur. Onun yaxından
köməyi ilə hakimiyyətə gələn Paşinyan, faktiki olaraq müstəqil siyasət yürütmək
imkanından məhrumdur. Ölkə prezidentinin vurğuladığı kimi, Ermənistanın
müstəqilliyi formal xarakter daşıyır. Ona görə də, erməni cəmiyyəti bu yarıtmaz
siyasətin iflasa uğrayacağını dərk edir.
Elə həftə olmur ki, paytaxt İrəvanın küçələrində erməni xalqının
Paşinyana qarşı küçə yürüşləri, etirazları baş verməsin. Ən əsası artıq bu
aksiyalarda "müharibəyə yox” çağırışları səslənir. Erməni anaları öz
övladlarını günahsız yerə ölümə göndərmək istəmədiklərini, başqa bir dövlətin
torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər.
Yeri gəlmişkən, ölkə prezidentinin Ermənistana ünvanlanan sərt
açıqlamaları qarşı tərəfin media orqanlarında, siyasi dairələrində geniş
müzakirə olunur. Məsələn, "168.am” nəşri
yazır ki, problem İlham Əliyevin dediklərinin doğruluğunda deyil. Paşinyan və
komanda yoldaşları son iki il yarım ərzində keçmişin bütün qələbələrini
alçaltmaq, Qarabağ müharibəsi "qəhrəmanlıqlarını” və "qəhrəmanlarını” dəyərdən
salmaq üçün əllərindən gələni etdilər.
Öz növbəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini
Armen Aşotyan deyib ki, Azərbaycan Prezidentinin bəyanatları aydın siyasi
məqsədə malikdir: "Türkiyə tərəfinin də bəyanatlarını nəzərdən keçirsək, başa
düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və
Qarabağı istəyir”. O qeyd edib ki, İlham Əliyevin bəyanatlarının arxasında
aydın şəkildə tanklar və toplar görünür. "Müharibə olsa, Ermənistan bu
müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan Baş naziri - Xarici işlər
naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması
təəccüblüdür”, - deyə o qeyd edib. Aşotyanın sözlərinə görə, Azərbaycan
Prezidenti İlham Əliyev qeyd edib ki, Nikol Paşinyan keçmiş hakimiyyətin
nümayəndələrinin geri qayıtmaması üçün ondan atəş açmamağı xahiş edib. O qeyd
edib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hər ay və ilin hər fəsli
istidir. Aşotyan Ermənistanda baş verən bütün prosesləri Qarabağ məsələsi,
eləcə də 2016-cı ildə "Sasna Tsrer” qruplaşması tərəfindən polis post-patrul
alayı üzərinə edilmiş silahlı hücum və alayın ələ keçirilməsi ilə
əlaqələndirib. "Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını
cırır”, - deyə o vurğulayıb. Aşotyan Qarabağ məsələsinin həlli haqqında
danışarkən deyib: "Proses hələ başlamamış biz potensial günahkarıq. Niyə? Çünki
Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılmışdılar, iki il
yarım ərzində bizi dinləmirlər”. Respublikaçılar partiyasının sədr müavini
deyib ki, Nikol Paşinyan cavab verməlidir. "Nikol Paşinyan Qarabağ danışıqları
məsələsi üzrə elə bir günah toplayıb ki, bu günahdan təmizlənə bilməz, günah
çantasını götürməli və getməlidir”, - deyə Aşotyan vurğulayıb. Aşotyan qeyd
edib ki, hazırda Azərbaycanın təbliğatı qalib gəlir. Onun sözlərinə görə,
Ermənistanda narazılıqlar gündən-günə artır və bu da siyasi proseslərin
əsasında olmalıdır. Aşotyan bildirib ki, iqtisadi böhranın səbəbi yalnız
pandemiya ilə əlaqədar məhdudiyyətlər deyil. "Ermənistan-Qarabağ (qondarma
qurum) münasibətlərində heç vaxt bu cür xaos olmayıb”, - deyə Aşotyan qeyd
edib.
Başqa bir siyasi xadim Arman Melikyan
prezident İlham Əliyevin son bəyanatlarını şərh edərkən bildirib ki, indi
beynəlxalq reaksiya gözləmək lazım deyil. Onun sözlərinə görə, hazırda vəziyyət
"Madrid prinsipləri”nin məntiq dairəsində nəzərdən keçirilir: "Üstəlik,
məsələnin dinc həllinə qədər Qarabağ Azərbaycanın hissəsi kimi nəzərdən
keçirilməyə davam edir”. Erməni politoloq Karen Köçəryan isə "Çiçəklənən
Ermənistan”, "Vətən” və Daşnaksütun partiyalarının oktyabrın 8-nə
planlaşdırılan mitinqini "aydın müxalif qütblərin formalaşması”na yönəlmiş
addım kimi nəzərdən keçirir. Karen Köçəryanın sözlərinə görə, son altı ayda
olanlar Ermənistan sakinləri üçün sərfəli deyil. Erməni politoloq heç bir
inkişafı istisna etməyib.
Erməni ekspert Anjela Elibeqovanın sözlərinə görə, İlham Əliyev,
faktiki olaraq Ermənistanı müharibəyə hazırlaşmaqda ittiham edib. "Çox istərdim
ki, baş nazir İlham Əliyevin Düşənbə liftində sövdələşməsi olması ilə bağlı bəyanatını
təkzib etsin”, - deyə Elibeqova qeyd edib. Ümumiyyətlə, əksər erməni
ekspertləri hesab edir ki, danışıqlar prosesi durğun vəziyyətdədir və münaqişə
tərəflərinin maraqlarından bərabər şəkildə qaynaqlana bilmək mənasında dönüş
nöqtəsi ola bilən yeni ideyalar yoxdur. Onlar qeyd edir ki, danışıqların bu cür
vəziyyəti fəaliyyətlərin yavaşlaması ilə əlaqədardır.
Beləliklə, artıq zaman Ermənistanın əleyhinə işləyir. Erməni
cəmiyyəti anlayır ki, indiki rejimlə əvvəlkinin heç bir fərqi yoxdur.
İnsanların güzəranı yaxşılaşmaq əvəzinə, günbəgün pisləşməyə doğru gedir. Bütün
bunlar isə küçədən hakimiyyətə gələn Nikolun sonunu daha da yaxınlaşdırır.
Vəziyyətdən çıxış yolu isə ya cəbhə zonasına növbəti təxribatlar törətmək, ya
da hakimiyyəti təhvil verməkdir. Çox güman ki, iyulda olduğu kimi, yenə də
avantürist addımlar atmağa çalışacaq. Lakin bu addım da ona yaxşı heç nə vəd
etmir.
Azər NURİYEV