AZE | RUS | ENG |

Ermənistanda həbslərin yeni dalğası başladı

Ermənistanda həbslərin yeni dalğası başladı
Politoloqların fikrincə, Paşinyan hökumətinin bu addımı ondan narazı olan siyasi qüvvələrin birləşməsinə gətirib çıxaracaq

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra "Qarabağ klanı”nda yer almış sabiq məmurlara qarşı cinayət işi açıldı. Hətta Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürüldü və indi o, həbsdədir. Bundan başqa sabiq baş nazir Serj Sarksiyanın ətrafındakı şəxslərin də həbsi davam etdirildi. Təbii ki, Paşinyanın bu addımı keçmiş iqtidar üzvləri və oliqarxiya tərəfindən birmənalı qarşılanmadı. Həbslərə bir müddət ara verilsə də,  artıq yeni dalğa başlayıb. Belə ki, Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs edilib. Bu barədə Ermənistan dövlət təhlükəsizlik orqanlarının yaydığı məlumatda qeyd edilib. O, külli miqdarda korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Onu da xatırladaq ki, Xaçatryan 2008-2018-ci illərdə Serj Sarkisyan iqtidarının əsas fiqurlarından biri olub. Bu müddət ərzində o, keçmiş maliyyə naziri vəzifəsindən əlavə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi də fəaliyyət göstərib.
 
 

Göründüyü kimi, Ermənistanın indiki hakimiyyəti bu həbslərlə ölkədə yeni siyasi kataklizmlərin əsasını qoymuş oldu. Ümumiyyətlə, Paşinyan həbslərin yeni dalğasını başlatmaqla nəyə nail olmaq istəyir? Keçmiş hakimiyyət üzvlərinin həbsi Ermənistan üçün nə vəd edir? Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Paşinyan hökuməti özündən əvvəlki iqtidar nümayəndələrini "vuraraq” erməni cəmiyyətinə guya ədalətli olduqlarını sübut etmək istəyir: "Onlar xalqa göstərmək istəyir ki, sizin qanınızı soranlar, pulunuzu yeyənlər əvvəlki hakimiyyətin nümayəndələridir. Bununla yanaşı, Paşinyan hökumətində təmiz insanların toplaşdığını və guya ki, ciddi şəkildə Ermənistanın iqtisadi inkişafına nail olmaq üçün planların olduğunu göstərməyə çalışırlar. Əlbəttə ki, Ermənistanın keçmiş prezidenti, baş naziri və digər nazirləri korrupsiyaya bulaşmış insanlardır. Onların hamısını birdəfəlik həbs etsələr, fikrimcə, səhv etməzlər. Lakin görünən odur ki, Paşinyan hökuməti özünə sərf etməyən fiqurları vurur. Keçmiş hökumətdən bir neçə nəfəri həbs edərək cəmiyyətə açıq olduqlarını və geniş miqyaslı mübarizə apardıqlarını göstərməyə çalışırlar. Guya ki, Paşinyan hökuməti bundan sonra da bu yolla gedəcək və əgər lazım olarsa, digər siyasətçiləri də həbs edə biləcəkləri mesajını vermiş olurlar”.
 
 

F.Sadıxov qeyd etdi ki, Paşinyan hökuməti tərəfindən həyata keçirilən həbslər Ermənistanda onlara qarşı olan siyasi qüvvələrin birləşməsinə gətirib çıxaracaq: "Düşünmürəm ki, burada tək "Qarabağ klanı” fəal iştirak edəcək. Görünür ki, digər siyasi qüvvələr də "Qarabağ klanı”na qoşulacaq. Çünki indiki halda Ermənistandakı mövcud hakimiyyətə qarşı narazılıq artır. Hətta parlamentdə belə Paşinyanın keçmiş tərəfdarları onun özünə qarşı çıxışlar edirlər. Bundan başqa, Paşinyanın bir sıra bəyanatları erməni cəmiyyətində qıcıq yaradır. Xüsusilə, iqtisadi inqilab barədə fikirləri, Ermənistanı qabaqcıl dövlətə çevirmək planları, əhalinin sayının 5 milyon nəfərə çatdırmaqla bağlı səyləri və digər məsələlər erməni xalqı tərəfindən ciddi qəbul edilmir. Ona görə də, düşünürəm ki, qeyd etdiyim məsələlər Ermənistanda müəyyən qarşıdurmaya səbəb ola bilər”. 
 


Politoloq Natiq Miri bildirdi ki, Paşinyan hakimiyyətə gəlməmişdən öncə etiraz mitinqlərində iqtidara gələcəyi təqdirdə Ermənistanda korrupsiyanı tamamilə ləğv edəcəyini vəd etmişdi: "Bir ilə yaxındır ki, Paşinyan bu siyasəti yürüdür və çox ciddi hakimiyyət adamları, eyni zamanda bəzi oliqarxlar artıq həbs olunub. Hətta bu həbslər sabiq prezident və baş nazir olmuş Sarkisyan və Koçaryanın yaxın adamlarına qədər yaxınlaşıb. Bu baxımdan hesab edirəm ki, bu həbslər düşünülmüş siyasətin tərkib hissəsidir. Təbii ki, keçmiş maliyyə naziri Qaqik Xaçatryanın da bilavasitə "Qarabağ klanı” hakimiyyəti dövründə korrupsioner sisteminin tərkib hissəsi olduğu üçün həbs edilməsi də normal qarşılanmalıdır. Çünki korrupsiyaya və cinayətə qurşanmış insanlardan biri də məhz sabiq maliyyə naziridir. Əvvəla, bu həbsləri ilk növbədə korrupsiya sisteminin tamamilə dağıdılmasına yönəlik bir siyasət kimi qəbul etmək lazımdır. Ancaq düşünürəm ki, bu, yetərli deyil. Çünki sistemi dağıtmaq mümkündür, hansı ki, bu yöndə siyasət yürüdülür və həbslər davam edir. Lakin bu sistemi dağıdan şəxs, onun yerinə yeni idarəetmə sistemi yaradıb, tətbiq etməlidir”. 
 


N.Miri vurğuladı ki, ciddi islahatlar aparılmadıqca, korrupsiya sisteminin dağıdılması və bu cür həbslərin davam etməsi Ermənistanın inkişafına heç nə verməyəcək: "Mütləq mənada siyasi, iqtisadi, sosial istiqamətdə yeni idarəetmə sistemi mövcud olmalıdır. Bu da mütləq mənada ciddi konstitusiya dəyişiklikləri ilə mümkündür. Artıq Ermənistanda bu istiqamətdə bəzi müzakirələr aparılır və 2020-ci ilin fevralında konstitusiyada ciddi dəyişikliklərin edilməsi ilə bağlı konkret qərar da qəbul edilib. Paşinyan ölkədə sistematik dəyişikliklər aparmasa, yeni siyasi idarəetmə, iqtisadi sistem bərqərar etməsə, əmin olun ki, bu həbslərin və korrupsiya sisteminin dağıdılmasının müsbət mənada heç bir nəticəsi olmayacaq. Fikrimcə, bir sistemi dağıdarkən mütləq mənada onu yenisi ilə əvəzləmək lazımdır. Hələlik bu istiqamətdə Ermənistanda heç bir ciddi addım atılmayıb. Onu da qeyd edək ki, bu gün Ermənistanda təkcə siyasi və iqtisadi idarəçilik yox, həm də hüquq sistemində axsaqlıqlar mövcuddur. Bu mənada düşünürəm ki, Ermənistanda sistemli dəyişikliklərə ehtiyac var ki, yalnız bundan sonra ciddi demokratik idarəetmədən danışmaq mümkündür. Əks təqdirdə erməni cəmiyyəti heç nə görməyəcək. Sadəcə bu həbslər davam edəcək. Son nəticədə də sanki o görünəcək ki, Paşinyan öz rəqiblərini sıradan çıxartmaq üçün əsasən maliyyə mənbələrini vurmaqla məşğuldur. Təbii, Paşinyan da anlayır ki, bu maliyyə mənbələri, korrupsiya sistemi tamamilə ləğv olunmadan yeni hökumətə təhlükə aradan qalxmayacaq. Çünki milyardlarla dollar həcmində oğurlanmış pullar var ki, onun vasitəsilə hər an Ermənistanda ciddi kataklizmlər yaratmaq mümkündür”.

BƏXTİYAR    


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873