Ermənistanda “etibarı” qalmayan nazir postu - ŞƏRH
Əvvəllər
ordunun başında "Qarabağ klanı”ndan olan qüvvələr, eyni zamanda bir sıra xarici dövlətlərin
xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxslər dururdu. Məhz buna görə də Ermənistan
ordusu kənardan edilən diktə nəticəsində idarə olunan xaotik bir orduya
çevrilib.
Ermənistan
44 günlük müharibədən sonrakı bir il ərzində 3 müdafiə nazirini istefaya göndərib.
Son olaraq isə Xankəndinə səfər etdiyi iddia edilən Arşak Karapetyan baş
nazirin qəzəbinə tuş gəlib və nazir postu ilə vidalaşıb. Paşinyan onun atdığı
addımlardan xəbərsiz olduğunu bəyan edib. Ermənistanda müdafiə naziri postuna
"etibar”ın qalmamağı nəyin göstəricisidir?
"Nazirlərin
heç birini idarə edə bilməyib”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyevbildirdi ki, Nikol Paşinyan son bir ildə dəyişdirdiyi müdafiə nazirlərinin heç
birini idarə edə bilməyib: "Ona görə ki, ordunun özündəki xaotik vəziyyət, eyni
zamanda müxtəlif revanşist qüvvələrə xidmət edən generalitet birmənalı şəkildə Paşinyanı
Ali Baş Komandan kimi qəbul etmir. Eyni zamanda, "Qarabağ klanı”na bağlı olan generalitet,
ümumiyyətlə, Paşinyan hakimiyyətindən heç
vaxt razı olmayıb. Baxmayaraq ki, Paşinyan məğlub bir dövlətin, necə deyərlər,
baş naziri kimi seçkilərdə qalib oldu. Amma onun qalib gəlməsini də həmin qüvvələr
qəbul etmirdi. Çünki əvvəllər ordunun başında "Qarabağ klanı”ndan olan qüvvələr,
eyni zamanda bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəsi
olan şəxslər dururdu. Məhz buna görə də Ermənistan ordusu kənardan edilən diktə
nəticəsində idarə olunan xaotik bir orduya çevrilib. Bu səbəbdən də, Paşinyan
çalışır ki, özünün ən yaxın adamlarını orduya rəhbər gətirsin”.
"Papikyanın
da cinayət işi var…”
A.Nağyev
qeyd etdi ki, son vaxtlar müdafiə nazirliyinin yüksək çinli rəhbərliyinin
separatçı qüvvələrlə görüşü də nazirin dəyişdirilməsinə rəvac verdi: "Çünki
Paşinyandan icazəsiz olaraq separatçılarla görüşür, öz bildiklərini edirdilər. Eyni
zamanda, deyərdim ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində də
ordu özünü çox aşağı səviyyədə göstərdi. Yəni Ermənistan ordusu dağılmış bir
ordudur və faktiki olaraq təminatı tənəzzülə uğrayıb. Ermənistanda çalışırdılar
ki, kimlərinsə hesabına ordunu düşdüyü vəziyyətdən çıxarsınlar. Yəni Paşinyan
birmənalı şəkildə orduya nəzarəti itirmişdi. Ona görə də indi müxtəlif addımlar
atır ki, ordu rəhbərliyinə özünə sadiq şəxsi gətirsin. Bildiyimiz ki, yeni
müdafiə naziri Papikyanın da cinayət işi var və buna qədər baş nazirin müavini olub.
35 yaşında nazir təyin edilib, amma onun hansı səriştəyə malik olması, hərbi
sahəyə rəhbərlik edə biləcəyi sual altındadır. Düşünürəm ki, bu da adi bir bəyanatla
yola salınacaq”.
"Erməni hərbiçilər
əmrləri yerinə yetirmir”
Hərbi
ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistanda vəziyyət
o həddədir ki, baş nazir mütəmadi olaraq müdafiə nazirlərini dəyişməli olur:
"44 günlük savaşdan sonra bu, gözlənilən idi. Amma daha sonra müdafiə nazirlərinin
ard-arda dəyişməsi o deməkdir ki, baş nazir normal bir adam tapıb vəzifəyə təyin
edə bilmir və ordu da nəzarətdən kənardır. Paşinyanın seçdiyi sonuncu kadr
Suren Papikyana diqqət edin. Onun heç
bir hərbi savadı, hazırlığı yoxdur, bu adam, sadəcə tarix müəllimidir. Olsun, amma
indiki məqamda, yəni 44 günlük savaşdan sonra ağır məğlubiyyətlə baş-başa qalan
ordunun başına peşəkar hərbiçi qoymaq lazım idi ki, heç olmasa, nizam yarada
bilsin. Yəni düşdükləri vəziyyəti yığıb-yığışdıra bilmirlər. Ona görə də, belə
çaşqın qərarlar verirlər. Həm də ki, hərbiçilər əmrləri yerinə yetirmirlər”.
"… özlərinə
post qurmuşdular”
Hərbi
ekspert vurğuladı ki, Arşak Karapetyan öz davranışları ilə Ermənistanın gərginlikdən
qaçması, daxildə işləri həyata keçirmək üçün şərait yaratmalı idi: "Ona verilən
tapşırıqları incələyib ölkə rəhbərliyinə müəyyən məsləhətlər verməli idi. Amma
bütün bunlar baş vermədi. Əksinə, ağılsız şəkildə Azərbaycan ərazisinə gələrək medal
payladı. Sözsüz ki, bu da Azərbaycanda qıcıq yaradır və ölkəmiz buna kəskin şəkildə
etirazını bildirir. Son vaxtlar Ermənistan ordusunun içərisində də çox ciddi proseslər
gedir. Baxın, sovetlər dönəmində bizim haradasa boşluğa yol verməyimizdən
istifadə edən ermənilər gəlib oturmuşdular ərazilərimizdə, özlərinə post
qurmuşdular. Bunlar hamısı SSRİ dönəmindən Azərbaycan əraziləri idi. Amma son
günlər Azərbaycan silahlı qüvvələri həmin o mövqelərdən erməniləri haqlı olaraq
uzaqlaşdırıb”.
"Ermənilər
gündə bir nazir dəyişəcək deyə…”
Ü.Cəfərovun
sözlərinə görə, Azərbaycan tərəfi də çox ağıllı şəkildə qətiyyətli addımlar atdı:
"Bu addımlar da Ermənistan cəmiyyətində çox böyük səs-küyə səbəb oldu. Paşinyan
da narazılığı yatırmaq üçün Arşak Karapetyanı Suren Papikyanla əvəzlədi. Papikyanın
özü də heç nəyi həll edə bilməyəcək. Sadəcə indi çalışmaq lazımdır ki, biz digər
məsələlərə diqqəti yönəldək. Yəni bu məsələlər ciddidir və üzərində işləmək
lazımdır. Ermənilər gündə bir nazir dəyişəcək deyə, biz də bundan təskinlik tapmamalıyıq.
Yəni işimizi dərindən və kökündən görməliyik ki, bəziləri bundan öz xeyirləri
üçün istifadə etməsin. Çox ciddi məsələlər ətrafında gücümüzü sərf etməliyik
ki, ondan başqa istiqamətdə istifadə edənlər olmasın”.
Bəxtiyar Məmmədli