• cümə, 26 Aprel, 11:34
  • Baku Bakı 12°C

Ermənistanda daha ciddi qarşıdurmalar olacaq

13.12.18 19:35 649
Ermənistanda daha ciddi qarşıdurmalar olacaq

Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra siyasi gərginlik hələ də qalmaqdadır. Parlamentə düşə bilməyən "Qarabağ klanı” təmsilçiləri seçkilərin saxtalaşdırıldığını və buna görə də Paşinyan və komandasına qarşı erməni cəmiyyətinin etiraz etməli olduğunu bəyan edib. Yaranmış bu durum isə Ermənistanda fəaliyyət göstərən diplomatik korpusların da diqqətindən kənar qalmayıb. Belə ki, bu günlərdə ABŞ-ın Yerevandakı səfirliyi Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilən xəbərdarlıqda Yeni il bayramı günlərində Ermənistana səfər edən ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb.
Diplomatik nümayəndəlik Ermənistandakı vətəndaşlarına bayram günlərində səyahət etdikləri yerlərdə cibgirlərdən tutmuş qarətçilərə, bir sözlə, ətraflarına diqqət yetirmələri barədə xəbərdarlıq edib: "Ekstremistlər turistlər olan yerlərdə - ticarət mərkəzlərində, hava limanlarında, klublarda, restoranlarda, dua edilən yerlərdə, nəqliyyat vasitələrində fəaliyyət göstərirlər”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, ABŞ-ın Yerevandakı səfirliyi tərəfindən Ermənistana səfər edən Birləşmiş Ştatlar vətəndaşlarına təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq etməsi Ermənistandakı sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır: "Seçkinin faktiki olaraq baş tutmaması, sadəcə saxtalaşdırma vasitəsilə yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi, seçicilərin "səssiz etiraz” üsulu ilə seçkini boykot etməsi onsuz da çoxsaylı problemi olan cəmiyyəti sosial partlayış həddinə yaxınlaşdırıb. Belə vəziyyət ciddi qarşıdurma və daxili terrorla daha da şiddətlənə bilər ki, bunun üçün də Ermənistanda ciddi əsaslar və təcrübə var. İşğalçı ölkədə parlamentin gülləboran edilməsindən başlamış, ən müxtəlif terror növlərinə son illərdə rast gəlinib. Çünki bu cəmiyyətin səciyyəvi keyfiyyətlərindən biri terrora meylli olması, yaxud problemi radikal zorakı metodlarla həll etməyə istəkli olması ilə bağlıdır. Belə olan halda əlbəttə ki, ciddi ölkələr öz vətəndaşlarına xəbərdarlıq etməlidirlər”.
H.Məmmədovun sözlərinə görə, ehtimal etmək olar ki, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələr də buna bənzər qərarlar qəbul edə bilərlər: "Ancaq əlbəttə, məsələnin sosial tərəfləri ilə bərabər, siyasi tərəfləri də var. Heç vaxt siyasi müvazinəti qoruya bilməyən və ciddi siyasi dairələrdə küçə siyasətçisi imicini qazanan Paşinyan seçkidən dərhal sonra yenə növbəti anlaşılmaz bəyanatlar verməyə başladı. Onlardan biri də NATO-ya üzvlüyün Ermənistan üçün prioritet olmaması ilə bağlı idi. Həm seçkinin saxtalaşdırılması, həm də birdən-birə anti-qərb əhval-ruhiyyəli hesab edilə biləcək belə bir fikrin səsləndirilməsi kimi məsələlər də görünür ABŞ-ın bu xəbərdarlığı etməsini siyasi zərurətə çevirib. Ona görə də bundan sonra da biz Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edə biləcəyik ki, bu da həm daxili müstəvidə, həm də dövlətlərarası müstəvidə mümkün ola bilər”.
Politoloq Natiq Miri bildirdi ki, ABŞ-ın Yerevandakı səfirliyinin etdiyi xəbərdarlıq bilavasitə Ermənistandakı təhlükənin göstəricisidir: "Adətən ABŞ hansı ölkədə qeyri-stabil vəziyyət olursa və orada müəyyən təhlükələr vəd edən hadisələr gözlənilirsə, bu yöndə zaman-zaman öz vətəndaşlarına ehtiyatlı olmaları haqqında xəbərdarlıq edir. Ermənistanda belə bir potensial təhlükələr mövcuddur. Bildiyiniz kimi, seçkidən dərhal sonra "Qarabağ klanı” xalqı küçələrə çıxmağa, etiraz etməyə, üsyan qaldırmağa çağırmışdı ki, bu da onun göstəricisidir ki, demək hələ də Ermənistanda vəziyyət o qədər də ürəkaçan deyil. Yəni, istənilən zaman təhlükəli qarşıdurma ehtimalı mövcuddur. Bu baxımdan düşünürəm ki, ABŞ bu xəbərdarlıqla iki hədəfi göstərir. Birinci, öz vətəndaşlarına xəbərdarlıq edir ki, Ermənistanda təhlükələr mövcuddur. İkincisi isə, seçkidə qalib gələn güc mərkəzinə xəbərdarlıq edib ki, təhlükə mövcuddur və tezliklə aradan qaldırılmalıdır. Yəni, bu həm də xəbərdarlıq mesajı olaraq dəyərləndirilməlidir. Hesab edirəm ki, seçkidə qalib gələn Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi tədricən bu istiqamətdə tədbirli davranmaqda davam edəcək. Ancaq bilirsiniz ki, prosedur qaydalarına görə, ən azından parlamentin toplanması, yeni hökumətin seçilməsi, formalaşması müəyyən zaman alacaq. Ona qədər isə ABŞ öz vətəndaşlarını bu istiqamətdə xəbərdar etmək məcburiyyətində qalıb”.
N.Miri vurğuladı ki, Ermənistanda mövcud olan "Qarabağ klanı” bəsit bir məsələ kimi qəbul edilməməlidir: "Bu klana daxil olan insanlar böyük maliyyə imkanlarına malikdirlər. Eyni zamanda bu insanların nəzarət etdiyi böyük qrup hərbiçi və Qarabağda fəaliyyət göstərən generalitet var. Bu insanlar istənilən zaman Ermənistanda terror hadisələri, qarşıdurmalar yarada bilərlər. O cümlədən bu məsələdə Rusiya amili də nəzərə alınır. Bildiyimiz kimi, Rusiya "Qarabağ klanı”nı ciddi şəkildə müdafiə edir. Yəni, Ermənistanda vəziyyət bu qədər həssasdır. Hesab edirəm ki, ABŞ bu istiqamətdə həm vətəndaşlarını, həm də gələcək Paşinyan hökumətini xəbərdar edir ki, təhlükələr mövcuddur”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər