• cümə, 29 Mart, 10:27
  • Baku Bakı 5°C

Ermənistanda casus “ovu”

22.01.21 18:15 1457
Ermənistanda casus “ovu”
Erməni cəmiyyətində xaos və ümumi etimadsızlıq güclənir
Biabırçı məğlubiyyətin fəsadları hələ uzun müddət Ermənistanın başı üzərində Domokl qılıncı kimi asılı qalacaq. Erməni cəmiyyətində hərbi və siyasi fiaskodan dərs çıxarmaq əvəzinə, qarşılıqlı ittihamlar səngimir. Maraqlıdır ki, indi də keçirilən aksiyalarda əsas şüarlar hərbi və siyasi rəhbərlikdə satqınların çoxluq təşkil etməsi ilə bağlıdır. Xəstə vəziyyətinə salınmış cəmiyyət hələ də anlamaq istəmir ki, məğlubiyyətin səbəbi və kökünü bunda axtarmaq lazım deyil – səbəb uzun illər aparılan işğal siyasətidir. Bir sözlə, erməni cəmiyyətində iqtidarlı-müxalifətli casus "ovu” gündəmin baş mövzusudur. Kim ki, bir qədər rasional düşüncə, fikir ortaya qoyur, dərhal Türkiyənin, Azərbaycanın casusu olmaqda ittiham olunur. Erməni mediasına nəzər saldıqda bunu aydın müşahidə etmək olur.
Baş nazir Nikol Paşinyan da müxaliflərinin etiraz aksiyalarının effektivsizliyindən cəsarətlənərək fəaliyyətini casus məsələsi üzərində qurub. Həftə içi parlamentdə keçirdiyi görüşdə o, bununla bağlı sensasion faktlar açıqlayıb. Bildirib ki, Qarabağ müharibəsindən sonra Ermənistanda xəyanət, sabotaj, əmrlərin yerinə yetirilməsindən imtina və digər problemlərlə əlaqədar 1300-dən çox cinayət işi açılıb. O, xəyanətlərlə bağlı səslənən fikirlərin bəzilərinin siyasi qiymətləndirmələri ehtiva edə biləcəyini, lakin bütün bunların araşdırılmasına ehtiyac duyduğunu bildirib, məhkəmə proseslərinin olacağını da istisna etməyib.

Nüfuzlu siyasi və hərbi xadimlərin hamısı satqındır?
Rusiyanın "Vestnik Kafkaza” nəşri də yazır ki, Ermənistanı nüfuzlu siyasi və hərbi xadimlərə qarşı ittihamlar dalğası bürüyüb. Öndə isə Vatikandakı keçmiş səfir, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan gedir. O, parlamentin spikeri Ararat Mirzoyanı Türkiyənin xeyrinə casusluq etməkdə ittiham edib. Onun sözlərinə görə, Mirzoyan Türkiyənin və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ikili agenti olub. Minasyan qeyd edib ki, Nikol Paşinyan Ararat Mirzoyanın türk agenti olduğunu bilib. Minasyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinin keçmiş müvəqqəti əvəzedicisi Mikayel Hambarzumyanın Ermənistanın "5-ci kanal” televiziyasına verdiyi müsahibəsinə də toxunub. Minasyan yazıb ki, Mikayel Hambarzumyanın şəxsiyyətinə qarşı münasibətindən asılı olmayaraq, müsahibəni dərin, vacib və savadlı hesab edir. "Bu, Movses Hakobyan və müharibə zamanı Nikol Paşinyanın fəaliyyətlərinə işıq səpən Onik Qasparyandan sonra artıq üçüncü yüksək dərəcəli rəsmidir. Nikol plana sahibdir. O, hakimiyyətə Türkiyə və Azərbaycanın maraqlarını irəli çəkmək üçün gəlib. Bu plan bu gün həyata keçirilir”, - deyə keçmiş səfir qeyd edib.

Öz nvbəsində Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan "Facebook” səhifəsində yazıb ki, Mikayel Minasyanın qalmaqallı açıqlamasından sonra üç şeyi başa düşüb: "Birincisi, niyə parlamentin sədri vəzifəsini tutan şəxs xarici ölkədəki çıxışlarında "erməni soyqırımı”nın (qondarma) beynəlxalq səviyyədə tanınması zərurəti haqqında demək olar danışmırdı. İkincisi, niyə son Qarabağ müharibəsinin başlamasından etibarən o, çox uzun müddət Xankəndidə idi. Nəhayət, nədən noyabrın 9-u gecəsi xəyanətin ən vacib şahidlərindən birini aradan qaldırmağa cəhd edərək başqa bir sui-qəsdçi yaramaz ona qarşı faktiki olaraq sui-qəsd təşkil etdi”.
Erməni vəkil Amram Makinyan öz "Facebook” səhifəsində yazıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin edəcəyi bir şey var: cinayət işi açmaq, Ararat Mirzoyanı deputat toxunulmazlığından məhrum etmək, həbs etmək və xain fəaliyyəti ilə bağlı ifadə götürmək. Ermənistanın "Miabanutyun” klubunun rəhbəri Smbat Karaxanyan bildirib ki, "böyük qovluqlar aparılıb, aktlar tərtib olunub, bu aktlar Ermənistan Milli Təhlükəsizlik Xidmətində var idi və məhv edilib”. Onun sözlərinə görə, bu, qapalı məlumatdır, yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin daxilindədir. Karaxanyan qeyd edib ki, bu qovluqlarda dövlətlə bağlı çox gizli məlumatlar varsa, onda bunlar tam şəkildə məhv edilmə mövzusu deyil. Onun sözlərinə görə, Ermənistan casus şəbəkəsi ilə dolub. "Rus xüsusi xidmət orqanları ayrıca məlumatlara malik ola bilər. Lakin bu, əməkdaşlıq çərçivəsində deyil”, - deyə Karaxanyan əlavə edib.
Maraqlıdır ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ararat Mirzoyan Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin agenti deyil.
Bundan əvvəl isə sosial şəbəkələrdə yüksək rütbəli hərbçilər – polkovnik David Manukyan və general Artur Aqabekyanın casus olmaları barədə xəbərlər dolaşıb. Məhz onların yarıtmaz fəaliyyəti nəticəsində Hadrutda uğursuzluqlar yaşandığı iddia edilib.

Paşinyana qarşı daha bir ittiham

"Politik.am” nəşri isə daha bir sensasiyalı ittiham ortaya atıb. Yazıb ki, Ermənistan hakimiyyəti müharibənin başlayacağı günü bilirdi. Nəşr yazır ki, hakimiyyət 27 sentyabrda müharibənin başlayacağını gizlətmək üçün hər şey edib. "Bu müharibə ilə bağlı ən böyük səhv düşüncə, hakimiyyətin onun başlamasını bilməməsi ilə bağlıdır. Reallıq ondan ibarətdir ki, artıq 23 sentyabrda Ermənistan baş qərargahının kəşfiyyatı müharibənin 27 sentyabrda başlayacağı barədə məlumat verib. Bu məlumatların fonunda Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərimizi necə məhv etməsi aydın deyil. Kazarmadakı yüzlərlə əsgərin öldürülməsi necə baş verdi? Müharibədən xəbərdar olan hərbi-siyasi rəhbərlik Azərbaycan Ordusunun ilk zərbəsinin qarşısını əks-hücumla almaq mümkün olmasa belə, onun bu dərəcədə ölümcül olmaması üçün niyə addım atmadı? Artıq hakimiyyətin müharibə şəraiti ilə bağlı açıq və şəffaf istintaqdan niyə çəkindiyi aydındır. Bu vəziyyətdə Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Arqişti Kyaramyan, keçmiş müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan və baş nazir Nikol Paşinyan bir çox xoşagəlməz suallara cavab verməli olacaqlar", - nəşrdə qeyd edilir.

Cəmiyyətdə xaos və ümumi etimadsızlıq güclənir

Beləliklə, gurultulu və qalmaqallı ittihamlar Ermənistanda xaos və etimadsızlığı gücləndirir. Bu gün tam əminliklə demək olar ki, erməni ordusunun məğlubedilməzliyi mifi tamamilə dağılıb. Lakin sadə erməni vətəndaşı inanmaq istəmir ki, ordu 25 il ərzində mənəvi cəhətdən məhv olub, bədbin və yararsız bir duruma salınıb, potensialı həddən artıq şişirdilib. Müharibə göstərdi ki, köhnəlmiş hərbi texnikanın sayının artırılması və az sayda yeni müasir silahlar alınması yeni taktiki döyüşlər aparmaq üçün kifayət etmir. Qarabağda biabırçı məğlubiyyət bir faktı sübut etdi ki, son 20 ildə Yerevanda yalnız əzələ nümayişi, populist hərbi ritorika əsas xətt olub. Ordunun darmadağın edilməsinin etiraf edilməsi həm də erməniçiliyin məğlubedilməzliyi barədə mifin sonu deməkdir. Bununla da nə vaxtsa revanş əldə etmək cəhdi də puç olmuş olur. Ermənistanın dərin mental böhran keçirdiyi göz önündə olsa da, erməni cəmiyyətinin aktiv və nisbətən canlı siyasi qanadı başqa bir xətt tutmağa çalışır. Onlar müharibədə məğlubiyyətin səbəblərini heç də erməni ordusunda deyil, hakimiyyətdə görür. İddia etməyə çalışırlar ki, müharibə zamanı baş nazir Nikol Paşinyan və digər vəzifəlilər satqınlıq edib. Müxalifət müharibədən sonra məhz bu təsəvvürü formalaşdırmağa cəhd göstərir. Ümid edirlər ki, bununla fəaliyyətlərindəki sonrakı zorakılıqlara haqq qazandıra biləcəklər. Məntiq belədir – satqınlar var və onların sayı çoxdur - ələ keçirilib cəzalandırılmalıdırlar. Guya bunu etmək mümkün olarsa, ölkə və xalq əvvəlki mövqeyinə dönə biləcək. Casusluqda ittiham etmək rəqabətli mübarizənin effektiv metodu hesab edilir və Ermənistanın bütün siyasi qüvvələri də bu siyasi oyunda iştirak edir. Bununla da, bu il ərzində növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq məqsədi güdülür. Hələ bəlli deyil ki, bu, parlament seçkiləri və yaxud baş nazirin seçimləri olacaq. Özü üçün siyasi mənfəət əldə etmək istəyən və yaxud özündən cinayət təqibini uzaqlaşdırmağa çaışan hər kəs, istənilən halda bu və digər formada milli satqınların axtarışında olmalıdır. Növbəti siyasi administrasiyanın da öz fəaliyyətini repressiv tədbirlərdən başlayacağı ehtimalı yüksək olaraq qalır. Bununla da hökumətin xalq qarşısında günahının ədalətlə yuyulması kimi çağırışları təmin etmiş olacaq.
Ermənistan və Azərbaycan arasında qarşıdurmanın davam etdirilməsi artıq Qarabağın hüdudlarından kənarda yeni geosiyasi şəraitdə yeni imkan kimi də nəzərdən keçirilir. Burada erməni xalqının qonşuları ilə daimi mübarizədə mövcudluğu mifi və türk təhlükəsi də rol oynayır. Daim davam edən mübarizə imitasiyasının ideoloji əsasını ermənilərin "qəhrəmanı” Qaregin Njdenin fəaliyyətində də görmək mümkündür. Bu, Ermənistandakı müharibədən sonrakı atmosferə də uyğun gəlir. Məntiq belədir – mübarizə davam edir, lakin əvvəlcə daxili satqınların müəyyənləşdirilməsi başa çatdırılmalı, buna aydınlıq gətirilməlidir. Yalnız bundan sonra qarşıdurma meydanına qayıtmaq olar. Lakin unudurlar ki, casus axtarışı ilə Ermənistan regionda öz qorxusunun əsirinə çevrilmiş duruma düşür. Və ən təhlükəlisi, öz təhlükəsizliyinin təmin edilməsi məsələsində xarici qüvvələrdən daha çox asılı vəziyyətə salınmış olur.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər