AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda ara qarışdı

Ermənistanda ara qarışdı

Siyasət
21 Fevral 2013, 09:04 1509
Ermənistanda heç kimin gözləmədiyi halda sabiq xarici işlər naziri Raffi Ovanisyanın 37 faiz səslə seçkilərdə ikinci olması əsl şok effekti yaradıb. Ovanisyan isə belə görünür, bu nəticə ilə barışana oxşamır. Seçkilərin rəsmi nəticələrini qəbul etməyən və kütləvi etiraz aksiyaları keçirməyə hazırlaşan eks-nazir tələb edib ki, Serj Sarkisyan “iradə nümayiş etdirib xalqın qələbəsini sahibinə qaytarsın”.

Dünən növbəti etiraz aksiyası keçirən Ovanisyanın tərəfdarları MSK qarşısında “Raffi - prezident, Serj - get” şüarı səsləndiriblər. Yerevanın mərkəzi meydanına toplaşan 20 mindən artıq adam keçirilmiş prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı etirazlarını bildirib. Aksiyanın sonunda “İrs” partiyasının idarə heyətinin üzvü Stepan Safaryan aksiya iştirakçılarını İrəvanın Azadlıq meydanında toplaşmağa çağırıb. “Vaxtından əvvəl şampan şərabı içənlər və saxtakarlığı bayram edənlər təəssüf etməli olacaqlar” - deyən Ovanisyan əlavə edib ki, heç bir inauqurasiyaya getməyəcək, yalnız xalqın inauqurasiyasına gedəcək. O, Sarkisyanı təbrik edən Putini hədələməkdən də çəkinməyib. Ovanisyan «Vladimir Vladmiroviç qoy yaxşı düşünsün. Mən ABŞ-da anadan olmuşam və babalarım Türkiyədə yaşadıqları “soyqırım”dan qaçaraq ora gediblər” deyib. Meydana toplanan tərəfdarlarına "Sabah yanınıza gəlib Sarkisyanın zəfərimi təbrik etdiyini sizlərə söyləmək istəyirəm" deyə səslənən Ovanisyan Sarkisyanın xalqın qələbəsini qəbul edəcək cəsarətə sahib olduğunu söyləyib.

Bir qrup mülki fəal isə MSK binası qarşısına əklil qoyub. Aksiya iştirakçılarından olan Saro Saroyanın sözlərinə görə, mülki fəallar bu jest ilə “Ermənistanda doğulmayan demokratiyanın məhv olmasını” qeyd etmək istəyiblər. Yenidən Ermənistan prezidenti seçilən Serj Sarkisyan “İrs” Partiyasının lideri Raffi Ovannisyanın görüşmək təklifini qəbul edib. Ovanisyan bu təklifi dünən Yerevandakı Azadlıq meydanında keçirilən mitinqdə səsləndirib. Bu barədə prezidentin mətbuat katibi Armen Arzumanyan bildirib. “Prezident Ovanisyanı onun üçün uyğun vaxtda qəbul etməyə hazırdır. Üstəlik, Ovanisyanın görüşün məqsədləri barədə olduqca anlaşılmayan fikirlərinə aydınlıq gətirməyə ehtiyac yaranıb” - deyə Arzumanyan vurğulayıb. Serj Sarkisyanın rəqibi Raffi Ovanisyan bütün xalqı meydana çağıraraq kriminal rejimə qarşı mübarizənin önündə gedəcəyini bildirib və özünü Ermənistanın yeni seçilmiş prezidenti elan edib.

Ovanisyan bildirib ki, qələbəyə qədər meydanda qalmaq fikrindədir. O, mitinq iştirakçılarını provokasiyalara uymamağa və qorxmamağa çağırıb. Aksiyaya “İrs” fraksiyasının deputatlarının və Erməni Milli Konqresinin deputatı Nikol Paşinyanın da qoşulacağını açıqlayan Ovanisyan bütün müxalifət partiyalarını birliyə səsləyib.

Öz növbəsində Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresi də fevralın 18-də ölkədə keçirilən prezident seçkilərinin növbəti biabırçı seçki olduğunu bəyan edib. Ermənistan mətbuatının verdiyi məlumata görə, Ermənistan Milli Konqresi 1500 seçki məntəqəsindəki üzvlərinin verdikləri informasiyaya və seçkilərin monitorinqinə əsasən belə nəticəyə gəlib ki, rejim daha böyük saxtakarlıqlara əl atmaq məcburiyyətində qalıb. Bu zaman bütün mexanizmlərdən istifadə edilib. Bura tez yuyulan mürəkkəbdən istifadə, ölkədə hazırda olmayan 700 min vətəndaşın səsindən istifadə, seçicilərin ələ alınması, açıq səsvermə, total qorxutma, seçki komissiyalarının üzvlərinin, jurnalistlərin ələ alınması, səslərin sayılması zamanı dəstə-dəstə bülletenlərin onların arasına atılması daxildir. Beləliklə, seçkinin nəticələri dəyişdirilib. Ermənistan Milli Konqresi hesab edir ki, prezident seçkiləri rejimə və şəxsən Serj Sarkisyana ümumxalq nifrətini ortaya qoyub. Eyni zamanda rejimin xalqın ciddi etirazı və beynəlxalq aləmin müvafiq reaksiyası ilə üzləşməyənə qədər seçki saxtakarlığından imtina etmək niyyətində olmadığı üzə çıxıb: “Beynəlxalq ictimaiyyətin Ermənistandakı rejimin nazı ilə oynamağı dayandırması zamanıdır”.

Öz növbəsində ABŞ Ermənistanda keçirilən prezident seçkilərinə dair ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyinə şərikdir. Rəsmi Vaşinqton seçkilərin dinc şəraitdə keçdiyini və hazırkı prezident Serj Sarkisyanın 58,64 faiz səslə qalib gəldiyini qeyd edir. Bu barədə gündəlik brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland açıqlama verib. “Biz ATƏT/DTHİB müşahidəçi missiyasının ilkin yekun xülasəsini dəstəkləyirik. O mənada ki, seçkilər ümumiyyətlə yaxşı təşkil olunub və əsas insan haqları və azadlıqlarına hörmətlə fərqlənib, o cümlədən, mitinqlər və azad fikir söyləmə baxımından” - deyə Viktoriya Nuland Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib. Viktoriya Nuland, həmçinin ATƏT/DTHİB missiyası tərəfindən bütün namizədlərin kampaniyasını KİV-lərdə balanslı işıqlandırmaq üçün şərait yaranmasının qeyd olunduğuna diqqət yetirib. Eyni zamanda ABŞ Dövlət Departamentinin nümayəndəsi ictimai idarəetmə qulluqçuları tərəfindən qeyri-obyektivlik nümayiş etdirildiyini və inzibati resursların istifadə olunması hallarının narahatlıq doğurduğunu bildirib. Bundan başqa, Nuland seçkilərin gedişi zamanı ATƏT/DTHİB missiyası tərəfindən qeyd olunmuş pozuntuların ciddi araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.
Ermənistanda prezidentliyə namizəd, “Milli müqəddəratını təyinetmə” cəmiyyətinin rəhbəri Paruyr Ayrikyan da son prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Ayrikyanın bəyanatında deyilir:

“Ayrikyançılar, başınızı dik tutun! Həqiqət bizim tərəfimizdədir. Biz açıq terror və onu müşayiət edən böhtan kampaniyası ilə üz-üzə qaldıq. Bizim ağılsızlarımız mənim Ermənistan üçün, onlar üçün etdiklərimi başa düşmədilər və başa düşməyəcəklər də. Biz bilirik ki, bizim seçkiqabağı kampaniyamız yanvarın 31-dən başlayıb və fevralın 18-nə qədər biz bunu sadəcə görünüş olaraq davam etdirdik. Biz terrorçuluğa qarşı çıxdıq. Ermənistanın dövlət və siyasi həyatında biz özümüzü yad hiss etdik. Maraqlıdır ki, dünən Ayrikyanı hakimiyyətin əlaltısı hesab edənlər bu gün nə deyəcəklər. Mən kədərlənmirəm, siz də kədərlənməyin, bizə qarşı intriqa aparanlar bilmirlər ki, onları nə gözləyir”.

Öz seçkiqabağı kampaniyasını vaxtından əvvəl dayandıran və səsverməni boykot etməyə çağıran Ermənistan prezidentliyinə keçmiş namizəd Arman Melikyan isə seçkilərin nəticələrinə etiraz etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. O, öz addımını KM-ə etibar etməməsi ilə deyil, beynəlxalq instansiyalara müraciət üçün əsas əldə etmək zərurəti ilə əlaqələndirib. Melikyan bəyan edib ki, ötən "seçki sirki"ndə bu cinayəti qanuniləşdirən beynəlxalq müşahidəçilər də iştirak edib: "Onların müəyyən hissəsi bundan daimi qazanc əldə edirlər". Raffi Ovanisyanın Azadlıq meydanında təşkil edəcəyi mitinqə gəldikdə, Melikyan orada iştirak etməyə hazırlaşmadığını bildirib. "Raffi Ovannisyan və bəzi başqa namizədlər bu sirkdə iştirak etdilər və onu qanuniləşdirdilər. İndi onlar davadan sonra yumruqlarını yellətmək istəyirlər, amma artıq onlarda heç nə alınmayacaq. Onlar bilirdilər ki, seçkilər saxtalaşdırılacaq, amma iştirak etməyə hazır idilər" - deyə Melikyan bildirib.

Azər NURİYEV