AZE | RUS | ENG |

Ermənistanda anti-Rusiya triada formalaşır

Ermənistanda anti-Rusiya triada formalaşır
Bu addım Yerevanı Moskvadan ayıra biləcək?

Ermənistan hökumətində, xüsusən də, Xarici İşlər Nazirliyində ciddi dəyişikliklərin baş verəcəyi barədə xəbərlər neçə gündür ki, müzakirə mövzusuna çevrilib. Media yazır ki, yeni hökumətə birinci prezident Levon Ter-Petrosyanın komandasından olan "latent rusofob”lar gələ bilər. Rusiya mediası da bu məsələyə toxunub və yazır ki, bu dəyişiklik Yerevanın Moskvadan ayrılmasına hesablanıb. "Svobodnaya pressa”  Ermənistan hakimiyyətində olan anti-rus qüvvələrə Vladimir Karapetyan, Levon Xaçatryan və Viktor Biyaqovun rəhbərlik etdiyini bildirib. Belə ki, bu qrupun üzvü olan Vladimir Karapetyanın (Paşinyanın mətbuat katibi) tezliklə Ermənistanın xarici işlər naziri təyin olunacağı, Biyaqovun isə XİN rəhbərinin müavini Şavarş Koçaryanı əvəzləyəcəyi və Rusiya ilə münasibətləri kurasiya edəcəyi vurğulanıb. Levon Xaçatryanın isə Sankt-Peterburqa baş konsul olaraq göndəriləcəyi bildirilib.
 
Rusiyanın "Svobodnaya pressa” qəzeti yazır ki, yeni vəzifəyə gətiriləcək şəxslər birmənalı şəkildə antirusiya əhval-ruhiyyəlidirlər. Onların təyinatının fəlakətli nəticələrə gətirib çıxara biləcəyi təkrarlanır. Rusiya nəşri xatırladır ki, Ermənistan Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) üzvüdür və Gümrüdə 102-ci hərbi baza mövcuddur. Bundan əlavə Rusiya respublikanın ən iri iqtisadi tərəfdaşlarından biridir. Tək bu il Ermənistan iqtisadiyyatına yatırılan investisiyanın 51 faizi Rusiyanın payına düşür. Avrasiya İqtisadi İttifaqı istiqamətində, xüsusən də Rusiyaya ixrac əməliyyatlarında artım qeydə alınıb. Ermənistan, bundan əlavə rus turistlərin ən çox getdiyi ölkələr sırasındadır.
 
Nəşrin fikrini soruşduğu ekspertlər vəziyyəti tez bir zamanda qiymətləndirmənin əleyhinədirlər. Şərqşünas Stanislav Tarasov coğrafiya xəritəsinə diqqətlə baxmağa və Ermənistanın yerləşdiyi məkana diqqət yetirilməsini zəruri sayır. "Dörd sərhəd və onlardan ikisi də bağlıdır. Və Dağlıq Qarabağ münaqişəsini nizamlamadan bu vəziyyətdən çıxmaq çətindir. Ola bilsin, xarici işlər naziri dəyişilsin, lakin bununla vəziyyət dəyişməyəcək. İndi Nikol Paşinyan erməniçilik, diaspor haqqında səs-küylü bəyanatlar səsləndirir. Lakin baş nazirin, əksəriyyəti utopik olan ideyalarının konkret icraçıları praktiki olaraq mövcud deyil. Onların bir çoxu hələ Serj Sarkisyan zamanında təyin ediliblər. İndi isə müəyyən rotasiya aparılır. Lakin əgər bunlar siyasi sifarişlə irəli çəkilən şəxslər - küçə qəhrəmanları olacaqsa, təbii ki, onda xarici siyasətin deqradasiyasını gözləmək lazım gələcək, Qərbə doğru istiqamətlənmiş siyasət müşahidə edəcəyik. Lakin Paşinyanın hələ ki, indiyə qədər bir ciddi xarici səfərini müşahidə etməmişik”, - deyə ekspert vurğulayıb.
 
Nəşrin "Ermənistan hansı formada Qərbə doğru istiqamət götürəcək” sualına "məsələn, Rusiyanı Gümrüdəki hərbi bazadan çıxmağa məcbur edə bilər. Lakin bu baza ona hava-su kimi gərəkdir. Çünki, onun Türkiyə və Azərbaycanla bağlı münasibətləri sadə deyil. Rusiya elementinin Ermənistanda olmaması isə bu ölkənin parça-parça olmasına gətirib çıxara bilər. Onlar bunu başa düşürlər” formasında cavablandırıb. Qəzetdə dərc olunan materialda vurğulanır ki, belə bir təsəvvür yaranır ki, Ermənistan Rusiya ilə münasibətlərində öz əhəmiyyətini və təsirini o qədər də identik qiymətləndirmir: "Onlar erməni mərkəzçiliyini elan ediblər və hesab edirlər ki, Ermənistan Rusiya siyasətində aparıcı – forpost, platsdarm, Yaxın Şərq siyasətini həyata keçirmək roluna malikdir”. Lakin rusiyalı ekspert hesab edir ki, bu, heç də belə deyil: "Rusiyanın Türkiyə ilə münasibətləri az qala strateji tərəfdaşlıq münasibətlərə yaxınlaşıb. Bizim Türkiyə ilə heç bir problemimiz mövcud deyil, Suriya istiqamətində problemlər həllini tapır. Azərbaycanla balansı qoruyub saxlayırıq. Tehranla tamam başqa münasibətlərdir. Təəssüf ki, bizim xristian dünyası - Gürcüstan və Ermənistanla münasibətlərimiz yaxşı getmir. Gürcüstan əbədi eksperiment yeridir - Avropada ikinci tarixi vətən axtarışı onları rahat buraxmır. Ermənilər də hardasa Qərbdə tarixi vətən axtarırlar. Halbuki, bu ev onların yanındadır. Mənim qənaətimcə, Ermənistanda inqilab, haradasa 8-10 il gecikib. İndi Avropada, dünyada "rəngli inqilab”lar tamam başqa cür qəbul edilir”.
 
Öz növbəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Nikolay Silayev qəzetə müsahibəsində deyib ki, Nikol Paşinyanın gücü tək ideoloji tərəfdarlarının dəstəyində deyil, həm də Müdafiə Nazirliyi, polis və Xarici İşlər Nazirliyindəki kadr bürokratiyasında idi: "İstisna deyil ki, zaman-zaman o, kadr bürokratiyasını ona ideyaca yaxın şəxslərlə əvəzləyəcək. Burada sadəcə bu insanların dövlət idarəçiliyi məsələlərinin öhdəsindən necə gələcəkləri məsələləri öz əksini tapa bilər. Əvvəlcə onların elə də təcrübələri yox idi, bu bir il yarım ərzində də elə ciddi dəyişiklik olmayıb, bu səbəbdən də ehtiyatlılıq üçün əsas var. O ki qaldı Ermənistanın Qərbə və yaxud Şərqə doğru yoluna - hələ Serj Sarkisyan Avropa İttifaqı ilə saziş imzalamışdı. Bu saziş Assosiativ üzvlük haqqında sazişi kölgədə qoymuşdu. O, hətta Gürcüstanda ABŞ-Gürcüstan təlimlərinə hərbi heyət də göndərirdi. Digər tərəfdən Ermənistanda yaxşı başa düşürlər ki, ölkə Rusiya ilə sıx münasibətlər, o cümlədən inteqrasiya əlaqələri qurmalıdır. Çünki, iqtisadi artım və onun keyfiyyəti məhz bu amildən asılıdır. Bütün bunlarla yanaşı,
Nikol Paşinyan və onun tərəfdarları Rusiyaya elə də böyük rəğbət bəsləmirlər. Lakin onların simpatiya və antipatiyasını saxlayan şərait və vəziyyətlər var. Onların gələcəkdə nə qədər rasional, ağıllı və məsuliyyətli olacağını gözləmək gərəkdir. Ermənistan KTMT-nin üzvüdür və onlarla bizim ciddi iqtisadi əlaqələrimiz mövcuddur”.
 
 "Anti-Rusiya mövqenin mümkün güclənməsi ciddi narahatçılıq doğura bilərmi” sualına "indiki mərhələdə Ermənistanın anti-Rusiya adlanan mövqeyi sadəcə, sözdədir, maraqlı olan fəaliyyətdir. Mənim qənaətimcə, Rusiya ilə münasibətlərin kəsilməsi nəticəsində  ( hansısa xırda, böyük bəyanatlar formasında deyil, məsələn, KTMT-dən, Aİİ-dən çıxma, Rusiya hərbi bazasının çıxarılması və yaxud təhlükəsizlik üzrə ikitərəfli sazişdən çıxma) bir çox mənada Rusiya yox, Ermənistan məğlub vəziyyətə düşəcək. Mənə elə gəlir ki, ən azından indiki vəziyyətə qədər bunu gözəl anlayırdılar” cavabını  verib.
 
Başqa bir ekspert – Rusiya Federasiya Şurası yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru Aleksandr Mixaylenko isə iddia edir ki, Ermənistanda anlayırlar ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təhlükəsizliyin təminatçısı qismində çıxış edir: "Lakin indi Ermənistanda hakimiyyətə yeni yanaşma ilə yeni şəxslər gəlib, dünyada isə bütövlükdə yeni qaydaların formalaşması prosesi gedir.  Hər zaman yenidənqurma işləri gərginlik, qeyri-müəyyənlik gətirir. Tarix də göstərir ki, dünya nizamının müəyyənləşməsi dövründə dövlətlərin siyasətində ya  müharibələr, ya da ciddi  dəyişikliklər baş verib, koalisiyalar yaranıb. İndi belə bir dövr gedir və bu baxımdan hansısa regionda, ayrı-ayrı ölkələrdə gözlənilməz dəyişikliklər gözləmək mümkündür”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299