• şənbə, 20 Aprel, 11:17
  • Baku Bakı 14°C

Ermənistan tarixinin ən biabırçı seçkisi

10.12.18 18:35 567
Ermənistan tarixinin ən biabırçı seçkisi
Proqnoz edilənlər özünü doğrultdu. Ermənistanda bazar günü keçirilən növbədənkənar parlament seçkiləri total saxtakarlıq və qanunsuzluqlar şəraitində keçirildi. Əvvəlki dövrlərdə keçirilən seçkilərdən də biabırçı bir tamaşa reallaşdırıldı. Nikol Paşinyan ona qarşı müxalif olan qüvvələrin parlamentə düşməsinə imkan yaratmadı, özünün mütləq hakimiyyətini formalaşdırmış oldu. Nəticələr isə belədir ki, parlamentdə "Mənim Addımım” Bloku 86 deputat, "Çiçəklənən Ermənistan” Partiyası 25 deputat, "İşıqlı Ermənistan” Partiyası 18 deputatla təmsil olunacaq. Qeyd edək ki, "Mənim Addımım” Bloku 70,43 faiz, "Çiçəklənən Ermənistan” Partiyası 8,27 faiz, "İşıqlı Ermənistan” Partiyası isə 6,37 faiz səs toplayıb. Parlamentə keçid partiyalar üçün 5, bloklar üçün 7 faiz olduğuna görə, parlamentə cəmi 2 partiya və bir blok keçə bilib. Buna görə də yerdə qalan səs faizlərinin 3 siyasi güc arasında bölünməsi nəzərdə tutulub. Ermənistan qanunlarına əsasən, parlamentdə minimum 101 deputat olmalıdır. Buna rəğmən qanun istisna hallarda deputatların sayının 200-ə qədər artırılmasına da izn verir. Bundan öncəki Ermənistan parlamentində cəmi 105 deputat olub.

"Ermənistan tarixinin ən biabırçı seçkisi”

İş o yerə çatdı ki, müxalifət bu "seçkiləri” ölkə tarixində ən biabırçı seçki adlandırdı. "Bu, növbədənkənar parlament seçkiləri – Ermənistan tarixində ən biabırçı seçkilərdir”. Bu barədə jurnalistlərə Ermənistan Respublika Partiyasının proporsional siyahısına daxil edilən David Şahnazryan bildirib. Onun sözlərinə görə, təəssüf ki, seçkiqabağı təbliğat kampaniyası belə az davam edib:"Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir. Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb”. Jurnalistlərin keçmiş seçkilərdə daha ciddi pozuntuların olması ilə bağlı iradlarına cavabında D.Şahnazryan bildirib:"Amma o zaman hakimiyyət demirdi ki, bu, qalaktikada ən ədalətli seçkilərdir”. O vurğulayıb ki, bu gün ölkə üçün çox mühüm gündür:"Mən Ermənistan vətəndaşlarının düzgün seçim etdiyindən şübhə etmirəm. Mən bir seçki bülletenini – çətin ki, hansı bülletenin olduğunu anlayasınız – zərfə, ikisini isə cibimə qoydum. Çünki onları digər 8-i ilə birlikdə zibil vedrəsinə atmaq istəmirdim”.

Paşinyanın qohumları deputat oldu

N.Paşinyan iki yaxın qohumu – qardaşı oğlu və qaynını da parlamentə seçdirə bilib."Lragir” nəşri xəbər verir ki. Tavuş vilayətində 17155 səs toplamış Sipan Paşinyan və 8920 səs toplamış Qraç Akupyan deputat mandatı qazanıblar.
Ermənistanda Müdafiə Nazirliyirəsmi açıqlama yayaraq, nazirliyin seçki ilə bağlı yaratdığı qaynar xəttinə hərbçilərin səsverməsi zamanı39qanun pozuntusu haqda məlumat daxil olduğunu bildirib. Nazirliyin mətbuat katibi Ovannisyan qeyd edib ki, qanun pozuntuları hərbçilərin seçki məntəqələrinə gətirilməsi, seçkinin təşkili, həmçinin məzuniyyətdə olan hərbçilərin səsverməsi ilə bağlıdır.
Ombudsman Arman Tatoyanınofisindən isə 20:30-a qədər qanun pozuntusu ilə bağlı89siqnal daxil olduğu bildirilib. Əsas pozuntular səsvermənin gizliliyinin təmin edilməməsi, seçki məntəqəsinin yerinin dəyişdirilməsi və s. barədədir. Ermənistan polisi20:00-a qədər144qanun pozuntusu haqda məlumat daxil olduğunu bildirib. "Çiçəklənən Ermənistan”Partiyasının namizədi isə Ermənistan polisi Valeri Osipyana Şirak qubernatorunun Paşinyanın "Mənim Addımım” Blokunun xeyrinə inzibati metodlardan istifadə ilə səs toplanması barədə məlumat verib. Respublika Partiyasıseçki vərəqlərinin qeydiyyatında pozuntular və vaxtaşırı olaraq məntəqələrdə onlara aid bülletenlərin olmadığını bildirib. "Hakimiyyətə ayı xidməti göstərənlər seçki qutularına əlavə bülletenlər atırlar. Əgər biz demokratik seçki istəyiriksə, bu kimi hərəkətlərə son qoyulmalıdır”, - deyə partiyanın keçmiş parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan mediaya açıqlamasında deyib. Baqdasaryan seçki təbliğatı zamanı N.Paşinyanın RP-yə qarşı təhdid ritorikalarına da diqqət çəkib: "Paşinyan seçki təbliğatı zamanı haqqımızda "asfalta yaxmaq”, "divara çırpmaq”, "əllərini kəsmək” kimi hədələrdən istifadə edib. Bu ifadələr yaxşı heç nə vəd etmir”.
Seçki pozuntuları barədə Serj Sarkisyanın müavini Armen Aşetyon da danışıb. O bildirib ki, seçicilər "Mənim Addımım” Blokuna səs vermələri üçün ciddi surətdə təlimatlandırılıblar.

Seçicilərin ən az iştirak etdiyi "seçki”

Bu seçkilər həm də Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi səsvermə kimi də tarixə düşəcək. Demək olar ki, iki ermənidən biri seçkiyə getməyib. Seçkilərdə seçici aktivliyi 48,63 faiz olub. N.Paşinyan sosial şəbəkə hesabından buna reaksiya verməyə məcbur olub. "Saat 11:00-a əsasən, seçici fəallığı əvvəlki seçkilərə görə çox aşağıdır. Bunun da izahı var: əvvəllər "Qazel” və avtobuslar seçiciləri məntəqələrə gətirmək üçün reyslərini dəyişirdilər, amma indi belə bir şey yoxdur”, - deyə Paşinyan qeyd edib. Aparılan hesablamalar nəticəsində məlum olub ki, Paşinyanın bloku seçkilərdəki təbliğat-təşviqat kampaniyası üçün 268 milyon 590 min 708 dram (təqribən 558 minABŞdolları) xərcləyib.Ermənistanın bəziKİV-ləri yazır ki, Paşinyanın qələbə üçün xərclədiyi pulun böyük hissəsi dövlət vəsaitləri olub. Bundan əvvəlAŞPA-nın Ermənistandakı seçki müşahidə missiyası da Paşinyanın təbliğat üçün dövlət resurslarını cəlb etməsini tənqid etmişdi.
Mediaya qarşı total hücum

Erməni ictimaiyyəti inqilab zamanı demokratiya sahəsində mühüm addımların atılacağını gözləyirdi, amma hər şey əksinə oldu. Hakimiyyətə gəldiyi vaxtdan rəqiblərinə qarşı siyasi təqiblərə başlayan N.Paşinyan bu gücünü mediadan da əsirgəmədi. Bir neçə gün öncə Ermənistanın ən nüfuzlu saytlarından olan News.am-ın rəhbərliyi ölkənin İstintaq Komitəsi tərəfindən istintaqa dəvət edilib. Səbəb isə saytın Respublika Partiyası ilə bağlı hansısa məlumatı işıqlandırması olub. İstintaq Komitəsi mətbu orqandan məlumatları haradan və necə əldə etmələri ilə bağlı hesabat vermələrini istəyib. Düzdür, sayta hər hansı təzyiq edilməyib. Amma artıq bir neçə gündür erməni mətbuatının Paşinyan qarşısında susqunluğu özünü göstərir. Qeyd edək ki, Paşinyanın hədəf seçdiyi və diasporun nəzarətində olan bu agentlik və saytlar apreldəki küçə mitinqlərində aksiyaçılara ciddi informasiya dəstəyi verənlərdir.
Yeri gəlmişkən, Rusiya və qərb mediası da seçkiləri lağa qoyan, tənqid edən məqalələr dərc edib. Məsələn, "Kommersant” erməni siyasi texnoloqu Karen Koçaryana istinadən yazır ki, seçici fəallığının aşağı olmasına səbəb hava şəraiti olub: "Axı ermənilər şaxtada evdən çıxmağı xoşlamırlar. Digər əsas səbəb odur ki, insanla hər şeyin çoxdan həlini tapdığı qənaətindədirlər”.
"Eurasianet” saytı isə yazır ki, seçki kampaniyası zamanı Paşinyan rəqiblərinə qarşı sərt mövqeyi ilə seçilib: "Hətta kampaniya zamanı rəqiblərini "asfalta sərməklə”, "boğazlarından tutub divara dirəməklə” hədələyib. Güc strukturlarını isə siyasi opponentləri ilə mübarizə aparmağa səsləyib. Avropa Şurasının müşahidə missiyası da öz hesabatında Paşinyanın respublikaçılara qarşı nifrət dolu təhqirlər yağdırmaqda ittiham etmişdi”.
BBC isə yazır ki, Paşinyanın şəxsiyyətinə pərəstiş çoxpartiyalı demokratiyanı zəiflədəcək.

Yekun

Beləliklə, bu seçkilər nəyi üzə çıxardı? Düzdür, erməni xalqı Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atsa da, indiki rejim elə onların yolu ilə getməyə üstünlük verdi. Yəni Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı. Seçkilər göstərdi ki, erməni xalqı idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmir. Odur ki, seçici fəallığı həmişə olduğundan daha aşağı oldu. Küçələrə axışan kütlənin təzyiqi ilə oxlokratik rejim qurmuş Paşinyan öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-isitfadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70%-i, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyət formalaşacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər