• cümə, 29 Mart, 00:57
  • Baku Bakı 7°C

Ermənistan şokdan qurtula bilmir

09.07.13 08:28 1545
Ermənistan şokdan qurtula bilmir
Ermənistan artıq bir necə gündür ki, yaşadığı şokdan qurtula bilmir. Moldova ombudsmanı Aureliya Qriqoriunun Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransdakı çıxışında Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə günahlandırması ölkəni bir-birinə vurub. Erməni mətbuatı yazır ki, ombusmanın açıqlaması bu həftə Kişinyova edəcək Ermənistan prezidenti Serj Sarksiyanın görüşlərində əsas müzakirə mövzusu olacaq. Ola bilsin Sarksiyan Мoldovа hökumətinin üzr istəməsinə nail də olsun. Bütün bunlara baxmayaraq isə bu ölkənin ən ali tribunasından Ermənistan hakimiyyətinin iç üzünü ortaya qoyması şok effekti doğurub. Heç kimin gözləmədiyi halda ombudsman parlament tribunasından azərbaycanlılara qarşı soyqırımı törədildiyini və Azərbaycan torpaqlarının işğal altında olduğunu bəyan edib. Bu çıxış zalda oturan digər iştirakçıların alqışları ilə qarşılanıb.
Dərhal da ona qarşı təzyiqlər başlayıb. Ombudsmanın çıxışından sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər başlayıb. Hətta Moldovaya qayıtmaq istəyərkən ermənilər ombudsmanı nümayəndə heyətindən ayırıb, heyəti aeroporta aparan avtomobilə mindirməyiblər. Hətta ölümlə də hədələyiblər. Ermənilərin təhdidlərinə məruz qalan Moldovanın ombudsmanı Aureliya Qriqoriu yalnız bir gün sonra İrəvanı tərk edə bilib.
Moldovalı ombudsmana qarşı həyata keçirilən bu vandalizmə ölkəmizdən reaksiyalar daxil olmaqdadır. Ombudsman Elmira Süleymanova bununla bağlı yaydığı bəyanatda bildirib ki, A.Qriqoriunun hüquqları kobud şəkildə pozulub və onun öz ölkəsinə qayıtmasına imkan verilməyib. Bəyanatda qeyd olunub ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları, həqiqəti səsləndirdiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüquqi, demokratik dövlət olmadığını bir daha sübut etdi.
Bəyanatda o da vurğulanıb ki, Qriqoriunun çıxışı zamanı Ermənistanın rəsmi nümayəndələri tərəfindən onun sözünün kəsilməsi, söylədiyi fikirlərə görə səlahiyyətli qurumlar tərəfindən açıq-aşkar hədələrə, təqiblərə məruz qalması Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin kobud şəkildə pozulmasıdır. Ombudsman sonda beynəlxalq təşkilatları, o cümlədən, bütün həmkarlarını Ermənistanda Moldova Ombudsmanına qarşı baş vermiş bu yolverilməz hadisəyə laqeyd qalmamağa və münasibətlərini bildirməyə çağırdığını bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin ədalətli beynəlxalq rezonansı artıq Ermənistanın sərhədlərini yararaq İrəvanda səslənir. Moldovalı ombudsman Aurelia Qriqoriu İrəvanda Ermənistanı işğalçı adlandırmasını mən ilk növbədə belə şərh edərdim. Həqiqətən xanım Aurelia Qriqoriu çox cəsarətli hərəkət edib. Hər şeyi öz adı ilə səsləndirib. Həm də bunu Ermənistanın paytaxtında edib. Mən xanım A.Qriqoriunun cəsarətli hərəkətini hər şeydən əvvəl onun mənəvi qələbəsi sayıram. Bu, cəsarət və ədalətin təntənəsidir. Digər tərəfdən, Moldovalı ombudsmanin cəsarətli addımı bir çox beynəlxalq təşkilatların nümayəndələrinə, üçüncü dövlətlərin siyasətçilərinə xas olan Bakıda Azərbaycanlıların, İrəvanda ermənilərin xoşuna gələn bəyanatlar səsləndirmək vərdişinə ölümcül zərbə vurub. Bu zərərli, münaqişənin həllini çətinə salan praktikadan nəhayət ki, əl çəkilməlidir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov yap.org.az saytına bildirib. O, qeyd edib ki, Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər. Əli Əhmədov İrəvanda ona təzyiqlər edilməsi, böhtanlar atılması ermənilərin davranış məntiqinə tam uyğun olduğunu bildirib. YAP-ın sədr müavini qeyd edib ki, Azərbaycan ictimaiyyəti, diaspora təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır: “Yeni Azərbaycan Partiyasının gəncləri xanım Aurelia Qriqoriuna dəstək aksiyasına başlayıb. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək”.
Milli Məclisinin deputatı Aydın Mirzəzadə isə ona müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Moldovanın parlament vəkili beynəlxalq tədbirdə çıxışı Azərbaycanda böyük maraqla qarşılanıb. Millət vəkili müraciətində qeyd edib ki, “Ermənistan parlamentindəki beynəlxalq tədbirdə həqiqəti söyləməyiniz Sizin siyasi cəsarətinizdən və obyektivliyinizdən xəbər verir. Fərqli fikir söylədiyinizə görə Ermənistanda təhdidlərə məruz qalmağınız, ölümlə hədələnməyiniz, Sizə zor tətbiq edilərək iki gün ölkədən kənara buraxılmamağınız həmin ölkənin insan hüquqlarına olan münasibətini bariz şəkildə sübüt etdi”.
Eləcə də ABŞ-da Azərbaycan Diaspor Təşkilatı (USAN) isə Ermənistan hakimiyyətinin moldovalı ombudsmana qarşı hərəkətlərini pisləmək çağırışı ilə ölkə Konqresinə müraciət edib. USAN-ın Konqresə ünvanladığı müraciətdə bildirilir ki, Ermənistan rəhbərliyi özündə dövlət terrorizmini əks etdirən hədə-qorxu, təqib, həyatına təhlükə yaratmaq yolu ilə xarici ölkənin ombudsmanını şantaj edirdi. USAN üzvləri müraciətdə Ermənistana ayrılan yardımın azaldılmasının zəruriliyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, Ağ Ev, Dövlət Departamenti və ABŞ Konqresi qəti şəkildə Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməyə, öz tarixi ilə barışmağa və Xocalı soyqırımını tanımağa çağırmalıdır.
Müraciətdə bildirilir ki, Ermənistan növbəti dəfə Qərb dəyərlərinə qətiyyən məhəl qoymadığını nümayiş etdirdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər