Ermənistan siyasətində yeni kurs? - ŞƏRH

Politoloqların
fikrincə, Qarabağ münaqişəsinin bitdiyini anlayan Paşinyan ermənilərin
reinteqrasiyasının tərəfdarıdır. Bu səbəbdən də o, praqmatik siyasət ortaya
qoymağa məcburdur.
Azərbaycan
və Ermənistan dövlət başçılarının Soçi və Brüssel görüşündən sonra post-münaqişə
dövrü ilə bağlı bəzi maraqlı məqamlar diqqəti çəkir. Belə ki, Ermənistanın Baş naziri
Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib və hətta bu məsələnin
onun hakimiyyətə gəlişinə qədər həll olunduğunu deyib. Nikol Paşinyan 2016-cı
ildə, Aprel savaşından sonra Minsk Qrupunun münaqişənin həlli ilə bağlı təkliflərini
dəyişdiyini, Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması qarşılığında
heç bir şərt qoyulmadığını bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağın
statusu bundan sonra BMT-nin nəzarətinə qaytarılacaqdı. BMT isə Dağlıq Qarabağı
Azərbaycan ərazisi kimi tanıyır. Yəni heç bir "müstəqillikdən” söhbət gedə bilməzdi.
Görəsən, Paşinyanın bu etirafı nəyə hesablanıb?
"Paşinyan
onlara başa salmaq istəyir ki...”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, əslində,
Paşinyan bunu çoxdan anlayır və hələ hakimiyyətə təzə gələndə iki dəfə - Düşənbə
və Sankt-Peterburqda Prezident İlham Əliyevlə çaparaq söhbəti olmuşdu: "O, həmin
vaxt Qarabağ məsələsini həll etmək üçün möhlət istəmişdi. Sadəcə "şeytan yuvası”nda
olduğuna görə, ətrafı - radikal qruplar,
qüvvələr, siyasi partiyalar buna imkan vermirdilər. Paşinyan təkbaşına belə bir
addım ata bilmirdi. Sonra gördü ki, daha o yükü daşıya bilmir, qayıdıb dedi ki,
"Qarabağ Ermənistandır”. Ona görə də, müharibə qaçılmaz oldu. Belə başa düşürəm
ki, indiki şəraitdə o, cəmiyyəti, ətrafını bu prosesə hazırlayır. Paşinyan onlara
başa salmaq istəyir ki, bizim qarşıdurmaya gücümüz yoxdur və ancaq Ermənistanı düşünməliyik”.

"Ermənistanın
daxilindəki vəziyyətə kənar müdaxilədaim olub”
Politoloq
qeyd etdi ki, bu etirafdan sonra Qarabağda qalmış bir yığın terrorçu Paşinyana meydan
oxumağa çalışır: "Belə anlaşılır ki, onlar ya qəflət yuxusundadırlar, ya da özlərini
avantüristliyə vurublar. Belə bir məqamda Koçaryan bəyanat verərək deyir ki,
delimitasiyanın gündəmə gəlməsi bizə lazım deyil, çıxış yolu kimi bundan imtina
edək. Koçaryan anlamır ki, artıq proseslərin, ümumiyyətlə, oyunun qaydalarını
daha Ermənistan yox, Azərbaycan həll edir. Çünki qalib dövlət Azərbaycandır.
Paşinyan bu reallığı qəbul edir və vaxtaşırı konstruktiv fikirlər səsləndirir.
Amma o da bəllidir ki, Ermənistanın
daxilindəki vəziyyətə kənar müdaxilə daim olub. O cümlədən diaspor və kilsə tərəfindən.
Bu qüvvələr hərc-mərclik yaratmaqla çalışırlar ki, Ermənistan Azərbaycan və
Türkiyə ilə həmişə savaş vəziyyətində olsun”.
"Bu proses
tez ərsəyə gəlməyəcək, amma...”
T.Abbasovun
sözlərinə görə, Paşinyan indiki proseslərdə öz taktikasını elə bir tərzdə həyata
keçirməlidir ki, onun hökuməti iş qabiliyyətini nümayiş etdirə bilsin: "Burada
söhbət həm də demarkasiya, delimitasiyadan gedir. Təbii ki, indiki halda
Paşinyanın çıxış yolu yoxdur. Prezident İlham Əliyev də vurğulayıb ki, bizim
üçün Qarabağ məsələsi yoxdur, bu, artıq keçmişdə qalan məsələdir və heç bir
statusdan söhbət gedə bilməz. Ona görə də, Paşinyan gözəl başa düşür ki, çıxış
yolu yalnız barışıqdan, kommunikasiyaların açılmasından və sülh müqaviləsinin
bağlanmasından gedir. Bu proses tez ərsəyə gəlməyəcək, amma qaçılmazdır. İndiki
halda bu, Ermənistanın daxili vəziyyətindən asılıdır”.

"Yeni
reallıqlar formalaşıb”
Politoloq
Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın
ərazi bütövlüyü və Qarabağla bağlı verdiyi açıqlamalar xüsusi önəm kəsb edir: "Çünki
30 il ərzində Ermənistan rəhbərliyi anneksiya və işğal siyasəti yürüdərək Azərbaycan
ərazilərinin qaytarılmaması siyasətini aparıb. Amma İkinci Qarabağ müharibəsindən sonra yeni
reallıqlar formalaşdı. Nikol Paşinyanın da qarşısında duran əsas məsələ ölkəsini
iqtisadi blokadadan çıxarmaq, Türkiyə və Azərbaycanla kommunikasiya əlaqələrini
bərpa edib Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməkdir. Deməli, 10 noyabr
2020-ci il, 11 yanvar 2021-ci il və Soçi bəyannaməsi, həmçinin Brüssel görüşlərində
əldə edilən razılaşmalara əməl edilməlidir. Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü tanımalıdır. Paşinyan yaxşı bilir ki, Qarabağ məsələsini növbəti mərhələdə
gündəliyə gətirərsə, nə Türkiyə, nə də Azərbaycanla əlaqələrin qurulması baş
verməyəcək. Demək olar ki, Ermənistan iqtisadi blokadada qalacaq”.
"Paşinyan
artıq bunu bilir”
M.Əsədullazadə
vurğuladı ki, Nikol Paşinyan beynəlxalq hüquqdan əlavə bir söz demir: "O, beynəlxalq
təşkilatların, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri
dilə gətirir və onu qəbul edir. BMT TŞ-nin qətnamələrində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir, həmçinin, münaqişənin yekun həllinin Azərbaycan
konstitusiyasına uyğun olması vurğulanır. Belə deyək ki, sadəcə olaraq Paşinyan
reallıqları qəbul edir və hüququn Azərbaycanın yanında olduğunu dilə gətirir. Qarabağ
münaqişəsi bitib, bunu bilən Paşinyan artıq ermənilərin reinteqrasiyasının tərəfdarıdır.
Bu səbəbdən də o, praqmatik siyasət ortaya qoymağa məcburdur”.
Bəxtiyar Məmmədli
