• cümə, 29 Mart, 18:33
  • Baku Bakı 14°C

Ermənistan revanşizmi unudub əməkdaşlıq prosesinə qoşulmasa... - Politoloq

12.01.21 15:45 612
Ermənistan revanşizmi unudub əməkdaşlıq prosesinə qoşulmasa... - Politoloq
Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüş ötən il noyabrın 10-da imzalanmış 9 maddədən ibarət Bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq edilməsi ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verən bir görüş oldu. Bir daha sübut olundu ki, münaqişə birmənalı olaraq bitib, bundan sonra diqqəti gələcəyə cəmləşdirmək, kommunikasiyaların açılması və regionun inkişafı barədə düşünmək lazımdır. Ermənistan isə özü seçir – revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə kənarda qalacaq. Yox, əgər Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, bölgədə reallaşdırılan layihələrə cəlb olunması mümkün ola bilər.
Kaspi.az xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib: "Prezident İlham Əliyev də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər gec deyil, bu xalqın yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə, qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real addımlar atmalıdır. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın.
Mühüm amil odur ki, bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin indiyədək səsləndirdiyi fikirlər öz əksini tapıb. Belə ki, burada Azərbaycanın dediyi kimi, status məsələsi barədə heç nə yoxdur və əsas diqqət yolların açılmasına yönəldilir. O ki qaldı Paşinyanın status, münaqişənin hələ bitməməsi barədə iddialarına, onun bu iddiaları Ermənistanın daxili auditoriyası tərəfindən qəzəbə tuş gəlməmək üçün səsləndirdiyi aydın məsələdir. Çünki Paşinyanın Moskvaya gedərkən Yerevanı hansı şəraitdə tərk etdiyi hər kəsə məlumdur. Müxalifət yolları kəsib onu aeroporta buraxmırdı, radikallar, əsasən daşnaklar onun "antierməni sənəd” imzalayacağı təqdirdə ölkəyə buraxılmamasını tələb edirdi. Moskvada da ona qarşı səfirlik önündə aksiyalar keçirildi. Bu səbəbdən də Rusiya polis qüvvələri Ermənistanın Rusiyadakı səfirliyini ciddi şəkildə mühafizə edirdi. Belə gərgin şəraitdə Paşinyanın "status lazımdır, münaqişə bitməyib” kimi bəyanatı ona qarşı radikal mövqedə dayananlara istiqamətlənmişdi. Əsas məsələ isə rəsmi sənəd və birgə Bəyanatdır ki, burada da Paşinyanın yox, həm döyüş meydanında, həm də diplomatik masada müzəffər olan Azərbaycan Prezidenti İlham Əliyevin dedikləri öz əksini tapıb. Bir sözlə, Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir.
Moskva görüşü ilə bağlı birgə Bəyanatın qəbulu zamanı bir daha göründü ki, həm Rusiya rəhbərliyinin, həm də Azərbaycan rəhbərliyinin mövqeləri üst-üstə düşür və bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir. Rusiya və Azərbaycan prezidentlərinin çıxışlarında səslənən fikirlər, regionda yaranmış yeni reallıqlar və imkanlar iki ölkə arasında münasibətlərin inkişafına daha da təkan verəcək. Bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahədə sürətlə inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını şərtləndirən mühüm amillərdən biri də fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etməsidir. Rusiya və Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizindən birgə istifadə edir. Eyni zamanda, Rusiya Şimal-Qərb Nəqliyyat Dəhlizinə qoşulub ki, bu da rusiyalı yükdaşıyanların Azərbaycandan keçməklə Qərb istiqamətində gedən yükdaşıma prosesindən faydalanması üçün əlverişli şərait yaradır”.
banner

Oxşar Xəbərlər