• çərşənbə axşamı, 23 aprel, 13:45
  • Baku Bakı 24°C

“Ermənistan rəhbərliyi rusofob kompleksdən qurtulmalıdır, əks təqdirdə...”

24.07.20 16:32 1458
“Ermənistan rəhbərliyi rusofob kompleksdən qurtulmalıdır, əks təqdirdə...”
Rusiya mediası: "Rus telekanallarının yayımını erməni paketində pullu etməyin siyasi səbəbi var”

Forpost Ermənistan nəyin bahasına olursa-olsun Rusiya aslılığından qurtulmaq planını həyata keçirməkdədir. "Məxməri inqilab” nəticəsində onu hakimiyyətə gətirənlərin bu planını reallaşdıran Nikol Paşinyan, ilkin olaraq ölkənin efir məkanını rus telekanallarının üzünə bağlamağa başlayıb. Baş nazirə yaxın erməni mediası rus kanallarını Ermənistanda nifrət toxumu səpməkdə dəfələrlə ittiham edib. İndi də əcnəbi kanalların yayımının dayandırılması adı altında bütün xarici kanalların fəaliyyətinə xitam verilməsini irəli sürüb. Rusiyanın "Svobodnaya pressa” nəşri yazır ki, Paşinyanın bu istəyinə uyğun olaraq, Ermənistan parlamenti prinsipial siyasi qərar qəbul edib: "Məqsəd də ölkənin informasiya məkanında rus dilinin yox olmasıdır. Qonşu dövlətin parlamenti "Audiovizual media” haqqında qanun layihəsini qəbul edib. Bu isə o deməkdir ki, pulsuz dövlət teleməkanından artıq rus dili çıxmış olacaq. Dublyaj isə ancaq erməni dilində və yaxud subtitrlə veriləcək. Son günlərə qədər ölkənin teleməkanında tək CNN və Rusiyanın dörd kanalı – "Birinci kanal”, "Rossiya”, "Kultura” və "Mir” kanalı yayımlanırdı. Bundan sonra artıq bu kanallar olmayacaq”. Rusların və elə ermənilərin də ifadə etdiyi kimi, CNN-ə onsuz da ölkədə baxan yoxdur. Və burada əsas hədəf rus kanallarıdır. "Əcnəbi telekanallar ya dövlətlərarası müqavilələr əsasında, ya da, əgər ictimai mənfətt daşıyırlarsa, ümumbəşəri kontent ötürürlərsə, təmsil etdikləri ölkənin siyasi və yaxud təbliğat komponentlərini yaymlayırlarsa, o zaman efirə qayıda bilərlər”, -deyə Ermənistan Milli televiziya və radio komissiyasının rəhbəri bildirib. Nəşr yazır ki, Rusiya da bu tələbə dərhal reaksiya verib. Bildirilib ki, bu məsələ ilə bağlı danışıqlara başlamağa hazırdır. Rusiya diplomatik idarəsindən bildiriblər ki, dialoqa başlamağa hazırdırlar və erməni tərəfinin cavabını gözləyirlər: "Lakin burada ortaya belə bir sual çıxır – nədən Ermənistan belə bir gözlənilməz demarş edir? Heç kimə sirr deyil ki, bunun səbəbi son günlər Ermənistan-Azırbaycan sərhəddində yaşanan gərginlikdir. Tərəflər qarşıdurmanın baş verməsində bir-birini ittiham edir”.
Rusiya nəşri əlavə edir ki, Yerevanla Bakı arasında son sərhəd qarşıdurması fonunda telekanalların yayımının dayandırılmasına jurnalistlər dərhal reaksiya veriblər. "Kultura” kanalının "Nə etmək” proqramının aparıcısı Vitali Tretyakov bildirib ki, indiki erməni rəhbərliyi özündən bütün rusofob kompleksləri çıxarıb atmalıdır. Əks təqdirdə, Ermənistan sağ qalmayacaq. Hərbi ekspert Vladimir Orlov isə bildirib ki, Ermənistanın indiki rəhbərliyini illər uzunu ölkədən rusofobiyanı uzaqlaşdırmaq üçün yetişdirməyiblər, əksinə, bu hissi daha da gücləndirmək tapşırığı veriblər. "Halbuki, lap əvvəldən Rusiya qızışan münaqişədə tam neytrallığını qoruyub saxlayacağını və yalnız vasitəçi qismində çıxış edəcəyini bildirib”, - Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınov bu qənaətdədir. O iddia edir ki, Rusiya bu münaqişədə vasitəçi qismində çıxış edən yeganə dövlətdir: "Çünki Rusiyanı əvəz edəcək bir dövlət yoxdur. Qısa və aydın”. Məqalə müəllifi daha sonra öz şəxsi qənaətini bölüşür: "Və birdən Rusiyanın media məkanında Azərbaycanın Rusiyadakı səfirinin fikirləri dərc olunur. O bildirir ki, Rusiya Bakı və Yerevanı barışdıra bilər. Bu da erməni siyasətçilərinə rusların Azərbaycanın tərəfində olmalarını başa düşmələri üçün bəs edir. Və həmn yazını tam oxumaq da lazım deyil. Başlıq kifayət edir. Azərbaycan səfiri bəyan edib. Ermənistan yox, məhz Azərbaycan. Şərq çox incə məsələdir”.
Beləliklə də, ermənilər də məhz bundan irəli gələrək ölkə parlamentinə yuxarıda adı çəkilən qanun layihəsini çıxarıb və dərhal da təsdiqləyiblər. MDB ölkələri İnstitutunun Qafqaz bölməsinin rəhbəri, politoloq Vladimir Novikov baş verən qarşıdurmada Ermənistandakı mövcud durumu da əsas gətirib. Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət ağır olaraq qalır. Regionda koronavirusdan ən çox əziyyət çəkən ölkə məhz Ermənistandır. Eləcə də, ölkə daxilində siyasi vəziyyət də ağır olaraq qalır. Hakimiyyət və müxalifət arasında siyasi gərginlik artıb. Beynəlxal, təhlükəsizlik və müdafiə sahələri üzrə rusiyalı ekspert Qriqori Trofimçukun bununla bağlı erməni nəşrlərinə verdiyi açıqlama maraqlıdır. O bildirir ki, Ermənistanın hazırkı hakimiyyəti rus telekanallarını pullu etmək mövzusunu dövriyyəyə gətirməklə, hələ vəziyyəti yoxlayır. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan və onun tərəfdarları sevimli üslublarında fəaliyyət göstərirlər, Moskvanın reaksiyasını gözləyərək heç vaxt mətni sona çatdırmırlar. "Rus telekanallarının yayımını erməni paketində pullu etməyin siyasi səbəbi var, kanallar yoxdursa, bu, inteqrasiyanın zəif olması deməkdir”, - deyə Trofimçuk bildirib.
Beləliklə, vəziyyət getdikcə maraqlı mərhələyə daxil olur. Bu sırada Kremlin hansı addımları atacağı maraq doğurur. Yenə də, Ermənistana qayğı və sayğısını davam etdirəcək, yaxud sərt addımlar atmaqda davam edəcək? Yoxsa yüzillər boyu atalıq etdiyi bu xalqın qədirbilməzliyinə yenə də susmaqla cavab verəcək?

Azər NURİYEV


banner

Oxşar Xəbərlər