AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Ermənistan pandemiya ilə bağlı iqtisadi problemləri həll edə bilmir"

Təfsilat
04 İyul 2020, 13:15 208
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun "Modern Diplomacy” portalında "Ermənistan pandemiya ilə bağlı iqtisadi problemləri həll edə bilmir” başlıqlı məqaləsi dərc olunub.
"Report"un məlumatına görə, məqalədə qeyd olunub ki, pandemiya ilə əlaqədar Ermənistanda fövqəladə vəziyyət elan edildikdən sonra iqtisadi aktivlik kəskin azaldığından iqtisadi inkişaf proqnozları pisləşməyə başlayıb. 
Ekspert vurğulayıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına əsasən ilin sonuna Ermənistan iqtisadiyyatı 3.5 faiz həcmində kiçiləcək, lakin Ermənistan hökuməti mənfi 2 faiz həcmində daha pozitiv proqnozla çıxış edir.
Bildirilib ki, İqtisadiyyatın kiçilməsinin yaradacağı əsas iqtisadi problemlərdən biri vergi daxilolmalarının azalmasıdır: "Əgər ÜDM 2 faiz azalarsa, bu vergi daxilolmalarının 10 faizə qədər azalmasına səbəb olacaq. Belə olan halda büdcə gəlirlərinin azalmasına baxmayaraq Ermənistan hökuməti iqtisadi və sosial problemlərin qarşısını almaq məqsədi ilə büdcə xərclərini azaltmaq istəmir. Bu addım bəzi problemlərin qarşısını alsa da büdcə kəsrinin əsaslı formada artmasına səbəb olmaqla uzun müddətli iqtisadi problemlər yaradacaq. Vergi daxilolmalarının 10 faiz azalması büdcə kəsrinin 2 dəfəyə qədər artaraq 676.4 milyon ABŞ dollarına və ya ÜDM-in 5 faizi səviyyəsinə çatmasına səbəb olacaq”.
Müəllif qeyd edib ki, həm büdcə kəsrinin, həm də dəstək proqramlarının maliyyələşdirilməsi üçün Ermənistan hökuməti 546 milyon dollar həcmində xarici borc cəlb etməyə məcburdur. Bu isə Ermənistanın onsuz da yüksək olan xarici borcunun (2019-cu ildə ÜDM-in 40 faizi) daha da artmasına yol açacaq.     
O.Bağırov hesab edir ki, Ermənistan eyni zamanda enerji sektorunda da problemlər ilə qarşılaşmaqdadır: "Qiymətlə bağlı yeni dəyişikliklərə əsasən qazın ölkədə hər min kubmetr üçün orta qiyməti 266.7 dollar səviyyəsində müəyyən edildi. Kənd təsərrüfatı şirkətləri üçün qazın hər min kubmetr üçün qiyməti 212 dollardan 224 dollara, ayda 10 min kubmetrdən çox qaz istifadə edən istifadəçilər üçün isə 242 dollardan 255.9 dollara qaldırıldı. Yeni qiymətlər iyulun 19-da qüvvəyə minəcək. Lakin, bu işsizlik probleminin yaranmasına səbəb olacaq. Belə ki, "Qazprom Ermənistan” qəbul edilmiş qiymətlər əsasında fəaliyyət göstərmək üçün 1500-ə qədər işçisini ixtisar etməli və illik 6 faiz daha az gəlir ilə fəaliyyət göstərməlidir”.
Müəllif vurğulayıb ki, Ermənistanın iqtisadi problemləri öz maliyyə vəsaitləri hesabına həll edə bilməməsi və özünün enerji idxalını şaxələndirə bilməməsi böyük iqtisadi problemlərin yaranmasına yol açacaq: "Xarici maliyyə dəstəyindən asılı olan və müstəqil iqtisadi və enerji siyasəti həyata keçirə bilməyən dövlətlər istər pandemiya dövründə, istərsə də post-pandemiya dövründə ciddi iqtisadi problemlər ilə qarşılaşacaq. Onu da nəzərə alsaq ki, 2018-ci ildə Ermənistanda hökumət dəyişikliyinin baş verməsində sosial və iqtisadi problemlər böyük rol oynamışdı, o zaman yaranacaq iqtisadi problemlərin siyasi nəticələrinin də olacağını deyə bilərik”.