• çərşənbə axşamı, 19 mart, 09:38
  • Baku Bakı 8°C

Ermənistan müxalifəti Paşinyanı ittiham edir

05.06.20 20:05 732
Ermənistan müxalifəti Paşinyanı ittiham edir
"Nezavisimaya qazeta”: "Koronavirus Ermənistanı fəlakətə gətirib çıxarıb”
Ermənistanın parlament müxalifəti hökumət qarşısında sərt tələblə çıxış edib. Müxalifət koronavirus pandemiyası ilə bağlı ağır vəziyyətin yaranma səbəbləri barədə hökumətdən izahat, eyni zamanda xəstəliklə mübarizədə müsbət tendensiyanın hiss olunmamağının səbəblərini izah etməyi tələb edib. Qeyri-parlament müxalifəti baş verənlərə görə məsuliyyətin Nikol Paşinyan və onun hökumət üzvlərinin üzərinə düşdüyünü bəyan edib.
"Nezavisimaya qazeta” yazır ki, istefa tələbinə baş nazirin hökumətində bir vaxtlar çalışmış şəxslər də qoşulub. Baş nazir növbəti videomüraciətində vətəndaşlardan Səhiyyə Nazirliyinin bütün tələblərinin yerinə yetirilməsinə şağırıb. Bu ərəfədə koronavirusdan müalicə alan baş nazir, baş verənlərə görə məsuliyyəti əhalinin üzərinə atıb. Onun qənaətincə, əhali baş verənlərə məsuliyyətsiz yanaşır və təhlükəsizlik normalarını pozur. Hüquq-mühafizə orqanlarının əməkdaşları da tənqidlərdən kənarda qalmayıb. Onları karantin qaydalarını pozan insanlara qarşı cəza tədbirləri görməməkdə ittiham edib. Bu iradları ilə də Nikol Paşinyan odun üstünə yağ səpmiş olub.
"Çiçəklənən Ermənistan” Partiyasından olan nüfuzlu deputat Naira Zohrabyan baş naziri sərt tənqid edən bəyanatla çıxış edib. "Biz koronavirus pandemiyasının sürətlə yayılmasına görə, günahın "məsuliyyətsiz vətəndaşların” üzərinə atıldığının şahidi oluruq. Lakin hökumətin bunu bəyan etməyə mənəvi hüququ yoxdur”, - deyə deputat vurğulayıb. Onun sözlərinə görə, vətəndaşlar qaydalara əməl etməli, qanunpərəst olmalıdırlar:
"Lakin başa düşmək gərəkdir, bəs epidemiyanın qarşısının alınmasına məsul olan insanlar, müvafiq orqanlar nə ediblər? İndi də durub insanlara qarşı xüsusi təyinatlıların tətbiqi və dəyənəklərdən istifadə etməkdən danışırlar”. Zohrabyan hesab edir ki, məmurların ziddiyyətli bəyanatlarına qulaq asa-asa, vətəndaşlar hər şeyə şübhə etməyə başlayırlar. Onlardan nələrin tələb edilməsini, artıq anlamırlar. Sərt tənqidlərə məruz qalanlar arasında səhiyyə naziri Arsen Torosyan da olub. Müxalifət, epidemiya siyasətinin iflas olmasında əsas məsuliyyəti onun daşıdığını bildirib. Onu səhvləri etiraf etməməkdə, eləcə də, onları düzəltməməkdə, bütövlükdə üzərinə düşən öhdəlikləri yerinə yetirtməməkdə günahlandırıblar. "Buraxılan səhvlər nəticəsində ölüm sayına görə antirekord və çoxsaylı ölüm halları yaşanıb”, - deyə özünün "Facebook” səhifəsində "İşıqlı Ermənistan” Partiyasının parlament fraksiyasının katibi Gevork Qorqisyan bəyan edib.
Torosyan bu günlərdə koronavirus məsələsində Gürcüstanın ünvanına qəribə bir bəyanat səsləndirməklə, beynəlxalq qalmaqala səbəb olub. Ardınca da qonşu dövlətdən üzr istəməli olub. Bu dəfə isə baş verənlərdə müxalif deputatları ittiham edib. Onları fövqəladə vəziyyət rejiminin qaydalarını pozmaqda, nəqliyyatın və müəssisələrin fəaliyyətini bərpa etməyə çağırışlar etməkdə israr etdiyini bildirib. Nazir bildirib ki, zəif inkişaf edən və onilliklər ərzində tam maliyyələşməyən Ermənistan səhiyyəsi, indiki haldan on dəfə yaxşı özünü saxlayırdı.
"Nezavisimaya qazeta” yazır: "Yaxşı idi, ya pis, bununla bağlı saatlarla mübahisə etmək olar. Lakin əhali sayı 2 milyondan bir qədər çox olan ölkədə koronavirus statistikası hamını təşvişə salır. İndiyə qədər ümumi xəstə sayı 11 minə çatıb, 3454 nəfər sağalıb, 229 nəfər isə ölüb. İyunun 4-də baş nazir sosial şəbəkə vasitəsilə müraciətini bu sözlərlə başlayıb: "Vəziyyət günbəgün pisləşir, çox pis xəbərlər var. Bir gün ərzində 697 koronavirus xəstəsi aşkarlanıb”. Onun sözlərinə görə, tibb müəssisələri artıq insanları yerləşdirmək iqtidarında deyil. Paşinyan hesab edir ki, ölkədə 20 min inan koronavirus xəstəsidir, lakin özləri bunu bilmirlər. Onlar bu virusun əsas yayıcılarıdır. Nəqliyyatdan istifadə edir, kafeyə gedir, işləyir, küçələrdə gəzirlər. Virusun yayılmasının qarşısını almaq üçün insanlar bir-birlərinə virusun potensial yayıcısı kimi baxmalıdırlar”.
Yeri gəlmişkən, epidemiya iqtisadi çətinliklər də yaradıb. Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikayel Melkumyan bildirib ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin iyunun 2-də açıqladığı məlumata görə, aprel ayında 74 min insan gəlir əldə etməyib və 12 300 iş yeri bağlanıb, lakin bu, davamedicidir.
O qeyd edib ki, bunlar hələ ilkin rəqəmlərdir: "İndi hansı obyektlər açılıb, gəlirlə işlədiklərini bilirsiniz? Bu, problemdir və vəziyyəti düzəltmək üçün indi hərbi xarakterli fövqəladə səylər həyata keçirmək lazımdır”. Erməni siyasi-ictimai xadim Mihran Hakobyan öz "Facebook” səhifəsində yazıb ki, epidemiya fəlakətli templərlə yayılır, ölkə sözün əsl mənasında kabusun caynaqlarında qıvrılır: "Baş nazir iddia edir ki, o da yoluxub. Cəmiyyət onun bütün addımlarına qeyri-ciddi yanaşır, Paşinyan istehza obyektinə çevrilib. Baş nazirin müavinlərinin bacarıqlarına çox etibar etmirəm, lakin ən azından bilirəm ki, adekvatdırlar, vəziyyətin ciddiliyini başa düşürlər, beyinləri qaralmayıb”.
Onu da qeyd edək ki, Ermənistanda gərgin vəziyyət qonşu Gürcüstanı da narahat etməyə başlayıb. Bu ölkədəki xəstəliklə bağlı mövcud durum ürəkaçandır- 800 xəstə və 13 ölüm. Qeyd edilir ki, Rusiya artıq Ermənistana kömək etmək istədiyini bildirib. Ölkə rəhbərliyi isə yumşaldılan karantin qaydalarının yenidən bərpasına qayıtmağı düşünür. Ölkənin komendantı təyin edilən baş nazirin müavini Tiqran Avinyan bəyan edib ki, bir sıra məhdudiyyətlər yenidən qaytarıla bilər. Bu, ictimai yerlərdə maska taxmağın məcburi olmasıdır. Eləcə də, hərəkət etməyə qadağaların da qaytarılması bura daxildir. Komendant saatı tətbiq edilə bilər”, -deyə Avinyan xəbərdarlıq edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər