• çərşənbə axşamı, 23 aprel, 16:18
  • Baku Bakı 24°C

Ermənistan məhkəmə qarşısında

18.12.20 17:01 834
Ermənistan məhkəmə qarşısında
Beynəlxalq təşkilatlar bu dəfə ədalətin yanında olacaqlar?

Azərbaycanın apardığı 44 günlük müharibə, şübhəsiz ki, dünya hərb tarixinə ən uğurlu müharibələrdən biri kimi düşəcək. Şanlı Ordumuz qısa müddət ərzində ağlasığmaz şücaətləri, əməliyyatları ilə 30 il ərzində qurulan nəhəng istehkamları yarıb keçərək düşmənin belini qırmağa müvəffəq oldu. Hər tarixinə "beşinci nəsil müharibəsi” kimi düşəcək bu müharibədə yeni növ texnikalardan, avadanlıqlardan istifadə əsas rol oynasa da, sözsüz ki, hərbçilərimizin qəhrəmanlığı, şücaəti xüsusi qeyd edilməlidir. Bu müharibə həm də başqa bir mühüm halla yadda qalacaq. Azərbaycan qələbəsini şərəflə, müharibə qaydalarına uyğun şəkildə, dinc sakinləri, mülki obyektləri deyil, hərbi infrastrukturu hədəfə almaqla apardısa, düşmən ölkə haqqında bunu söyləmək olmaz. Ordumuz qarşısında aciz qalan ölkə, ən şərəfsiz formada dinc şəhərləri, insanları hədəf seçdi. Qadağan olunan silahlarla insanları gecə yatdıqları yerdə hədəfə aldı. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək, 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarını kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdi. Beynəlxalq humanitar hüquq normaları münaqişə zamanı qadınlara, uşaqlara, tibbi ekipaja, ümumilikdə, mülki əhaliyə qarşı hücumu qadağan etsə də, işğalçı tərəf həmişəki kimi dövlətlərarası normanı heçə saydı, beynəlxalq arenada silahlı münaqişələrin aparılması ilə bağlı yekdilliklə qəbul edilmiş bütün qaydaları ("Jus in bello” – silahlı münaqişə ilə əlaqədar tətbiq olunan hüquq normalanın məcmusu) bütün dünyanın gözü qarşısında birmənalı pozdu.İkinci Qarabağ Müharibəsi ərzində düşmən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb mülki əhalini, mülki obyektləri ağır artilleriyadan atəşə tutaraq terror əməllərindən çəkinməyib. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 100 dinc sakin həlak oldu, 416 nəfər yaralandı, 4186 fərdi ev, 135 yaşayış binası və 548 mülki obyekt ya tamamilə dağıdıldı, ya da vəziyyətə düşdü.

Etiraf etməli oldular

Ermənistan tərəfi BMT Baş Assambleyasının 44/25 saylı qətnaməsi ilə 20 noyabr 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları haqqında” Konvensiyanı silahlı münaqişələr zamanı uşaq hüquqlarının təminatı hissəsini də tapdaladı. ​​ Təkcə Ermənistan tərəfinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 6 azyaşlı uşağın həlak olması hər kəsə məlumdur. Bu, xalqımızın uşaqlarına qarşı mənfur düşmənin ilk vəhşiliyi deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımında 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76 uşaq əsir götürülüb, 26 uşağın taleyi bu günədək məlum deyil.​​​​ Bəs Ermənistanda bu rəqəm neçədir? Belə bir statistika mövcud belə deyil. Çünki biz, sonunda qələbə qazandığımız müharibəni üsul və qaydalarına uyğun aparmışıq. Bizim əsgərimizin silahı dinc əhaliyə, qadın və uşaqlara çevrilməyib. Təsadüfi deyil ki, illər uzunu ölkəmizə qarşı qərəzli olan İnsan hüquqları üzrə beynəlxalq təşkilat "Human Rights Watch” (HRW) bu dəfə erməni vəhşiliyini etiraf etməli olub. Təşkilat təsdiq edib ki, Ermənistan Silahlı Qüvvələri hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycan ərazilərini hədəfə alaraq raket atəşinə tutub. Məqsədli şəkildə həyata keçirilən bu hücumlara görə Yerevanı beynəlxalq məhkəmələrə cəlb etmək olar. "Human Rights Watch” tədqiqat zamanı müəyyən edib ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın sonlarından noyabrın əvvəlinə kimi, Azərbaycan ərazisinə raket zərbələri endirib. Təşkilat tərəfindən 11 belə hal müəyyən edilib. Onların əksəriyyəti əhalinin sıx məskunlaşdığı əraziləri ballistik raketlər və artilleriya hücumları ilə hədəfə alıb. Ən azı dörd halda döyüş sursatları dinc sakinlərin və yaxud mülki obyektləri, yəni hərbi obyektlər olmayan yerləri hədəfə alıb. "Human Rights Watch”ın təhqiqatları Ağdam, Bərdə, Fizuli, Gəncə, Goranboy, Naftalan, Tərtər rayonlarını, o cümlədən Gəncə şəhəri də daxil olmaqla aparılıb. Hesabatda bu hücumlardan 18-i araşdırılıb. Bu hücumlar zamanı 40 dinc sakin şəhid edilib, onlarla insan isə yaralanıb. Məlumatlar 53 şahidin müsahibələri və 12 telefon müsahibəsi, xəbər məlumatları və hökumətin təqdim etdiyi məlumatlar əsasında toplanıb. Təşkilat peyk rabitəsi vasitəsilə, eləcə də, sosial şəbəkələrdə hadisə yerlərindən olan şəkilləri, foto və videomaterialları tədqiq edib. Bəlli edilib ki, bütün bu hücumların tarixi və vaxtı üst-üstə düşür. Təşkilat bəyan edib ki, yerdə qalan hücumların detalları növbəti hesabatlarda əks olunacaq.

Müharibə qanunlarının kobud şəkildə pozulması göz önündədir

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib ki, erməni qoşunları dəfələrlə raket və ağır artilleriyadan istifadə etməklə şəhər və kəndləri hədəfə alıb və bununla da müharibənin aparılması qaydalarını pozub. Onun sözlərinə görə, erməni qüvvələri Azərbaycan şəhərləri, kəndlərini dağıdıcı və qeyri dəqiq silahlarla atəşə tutub. "Altı həftə ərzində bu hücumlar nəticəsində dinc sakinlərin evləri aramsız atəşə tutulub. Nəticədə, dinc sakinlər həlak olub və bu da dərhal tədqiqat aparılmasını tələb edir” - deyən Uilyamson əlavə edib ki, bu və digər qanun pozuntularında müharibə qanunlarının kobud şəkildə pozulması göz önündədir və əhəmiyyət kəsb edir. O da qeyd edilir ki, Azərbaycanın ikinci ən sıx şəhəri olan Gəncənin yaşayış məntəqələrinin 4, 11 və 17 oktyabr tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya və ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində 32 mülki şəxs öldü və onlarla insan yaralandı. Bundan əlavə, oktyabrın 5-də Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutdu, nəticədə üç nəfər xəstəxanaya yerləşdirildi və 8 oktyabr tarixində 4 saylı məktəb atəşə tutuldu. Bundan əvvəl beynəlxalq təşkilat oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin atəşə tutulması zamanı 21 mülki şəxsin öldüyünü və daha 70 nəfərin yaralandığını bildirmişdi. Şəhərin mərkəzi mərmilərlə atəşə tutuldu, bir çox avtomobillərə və dükanlara ziyan dəydi. Hücum, sentyabr ayının sonlarında işğal olunmuş Dağlıq Qarabağda yeni hərbi əməliyyatların başlanmasından bəri ən çox mülki itkiyə səbəb oldu. Hücumdan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Bərdə bölgəsindəki bir kəndi atəşə tutması nəticəsində bir uşaq da daxil olmaqla ən azı dörd mülki şəxs öldü. Azərbaycan Baş Prokurorluğu silahlı münaqişə zamanı 100 mülki şəxsin öldüyünü, daha 416 nəfərin yaralandığını, 4186 fərdi evin, 135 yaşayış binasının və 548 mülki obyektin qəzalı vəziyyətdə olduğunu bildirmişdi. Azərbaycan hökumət rəsmiləri "Human Rights Watch”-a bildiriblər ki, döyüşlər nəticəsində 40 min insan evlərindən didərgin düşüb. Noyabrın 2-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet yaşayış yerlərinə hücumlardan kədərləndiyini bildirdi və bu cür hərəkətlərin hərbi cinayətlər təşkil edə biləcəyini xəbərdar etdi. Azərbaycan və Ermənistan arasındakı beynəlxalq silahlı qarşıdurmaya tətbiq olunan beynəlxalq humanitar hüquq və ya müharibə qanunları, nisbətsiz və ya nisbət prinsipinə hörmət edilmədən həyata keçirilən hücumları qadağan edir. Münaqişə tərəfləri mülki itkilərin və mülki infrastruktura zərərin qarşısını almaq və ya heç olmasa azaltmaq üçün bütün lazımi tədbirləri görməlidirlər. Cinayət niyyəti, qəsdən və ya səhlənkarlığı olan şəxslər tərəfindən müharibə qanunlarının ciddi şəkildə pozulması hərbi cinayətdir. Hökumətlər bu cür pozuntuları araşdırmaq və bu qanun pozuntularına yol vermiş şəxsləri mühakimə etmək borcundadır.

Ən soyuqqanlı insanları belə şoka saldı
Ermənistan, vəhşiliyi tək müharibədə deyil, işğal altında olan Azərbaycan torpaqlarında da həyata keçirməsi ilə yadda qalıb. Azad edilən ərazilərdə rast gəlinən mənzərə hətta ən soyuqqanlı insanları belə şoka saldı. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, işğaldan azad edilən ərazilərin 99 faizi dağıntılara məruz qalıb. Nüfuzlu "Jamestovn Foundation” nəşri yazır ki, erməni işğalına qədər bir milyon insanın yaşadığı şəhər və kəndlər, faktiki olaraq yer üzündən silinib. Bura bütün yaşayış məskənləri, xəstəxana, ictimai binalar, tarixi yerlər, qəbiristanlıq, məscidlər daxildir. Üçtərəfli sazişə uyğun olaraq azad edilən Kəlbəcər və Laçında isə əsl vandalizm yaşandı. Prezident İlham Əliyev dəyən ziyanın qiymətləndirilməsi və Yerevanın məsuliyyətə cəlb olunması məsələsini qabardıb. Dekabrın 1-də Laçının təhvil verilməsindən sonra İlham Əliyev bildirib ki, yaxın vaxtlarda beynəlxalq təşkilatların iştirakı ilə dəyən ziyanın məbləği müəyyən edilməsi prosesinə başlanılacaq. Müvafiq addımlar artıq hüquqi səviyyədə atılır. Lakin prosesin detalları hələ açıqlanmayıb. Bununla belə prezident əlavə edib ki, Azərbaycan beynəlxalq məhkəmələr qarşısında həm fərdi, həm də dövlət səviyyəsində iddialar qaldıracaq. Nəşr erməni funksionerlərindən birinin bununla bağlı fikirlərini də yazıb. Həmin şəxs bildirib ki, Azərbaycan hələ iki il bundan öncə Ermənistanın, işğal olunan Azərbaycan torpaqlarına vurduğu ziyana görə məhkəmə iddiası qaldırıb. Ziyanın qiymətləndirilməsi üçün beynəlxalq təşkilat da müəyyən edilmişdi. O da dəyən ziyanı 50 mlrd. dollardan artıq müəyyən etmişdi. Lakin Azərbaycan hesab edir ki, bu rəqəm xeyli azdır. Dəyən ziyan 100 mlrd. dollardan 1,3 trln. dollara qədərdir. Azərbaycan tərəfi hələ son rəsmi məlumatları təqdim etməyib: Prezident İlham Əliyev bəyan edib ki, son rəqəm dəyən ziyan müəyyən olunduqdan sonra açıqlanacaq. Beləliklə, əksəriyyətin gəldiyi qənaət budur ki, Ermənistan qeyri sabit iqtisadiyyatı ilə böyük problemlə üzləşəcək. Bu məbləğdə reparasiyanı ödəmək qabiliyyətində olmayacaq. Çox da uzaq olmayan tarixdə kompensasiyaların ödənilməsi prosesi olub. BMT İraqı Küveytə müdaxilə etdiyinə görə, 52 mlrd. dollar kompensasiya ödəməyi məcbur edib. Və ümid etmək olar ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı da müvafiq qərarın çıxarılmasında israrlı olacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər