• çərşənbə axşamı, 19 mart, 10:39
  • Baku Bakı 8°C

Ermənistan dövlətçiliyinin çökməsinin növbəti mərhələsi

20.05.19 18:18 511
Ermənistan dövlətçiliyinin çökməsinin növbəti mərhələsi
Ermənistanda siyasi vəziyyət yenidən gərginləşib və faktiki olaraq, Paşinyan keçmiş iqtidar nümayəndələri, Qarabağ separatçıları ilə üz-üzə qalıb. Mayın 18-də məhkəmənin eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma "prezident”lərinin müraciəti əsasında zaminə buraxması gərginliyi daha da artırıb. Köçəryanın həbsdən çıxmasını bayram edən tərəfdarları küçələrə çıxaraq yürüş ediblər. Eləcə də bu qərara etiraz edənlər küçələrə çıxıblar və Koçaryanın yenidən həbs olunmasını tələb ediblər. Etirazçılar hədələyiblər ki, əgər Baş prokurorluq qərardan protest verməsə və Köçəryan yenidən həbs olunmasa ölkə boyu itaətsizlik aksiyalarına başlayacaqlar.
Bundan sonra N.Paşinyan Ermənistanda inqilabın "ikinci mərhələsini” başlatdığını elan edib. O, tərəfdarlarını bütün məhkəmə binalarında giriş-çıxışı bağlamağa çağırıb, bildirib ki, məhkəmə sistemində inqilabi qərarlar verəcək.
Paşinyanın bu addım heç şübhəsiz ki, ölkə daxilində iğtişaşlara gətirib çıxaracaq. Belə olan təqdirdə baş nazir ölkəyə nəzarəti əlində saxlaya biləcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, vəziyyət belə davam edərsə, Paşinyan ölkəyə nəzarəti itirə bilər: "Əvvəla, onu deyim ki, hazırda Ermənistanda baş verənlər heç də yeni proses deyil. Yəni, indi Yerevanda olanlar Azərbaycan torpaqlarının işğalının yaratdığı vəziyyətin təzahürü və davamdır. Serj Sarkisyan Dağlıq Qarabağ problemini tənzimləmədi. Ardınca Nikol Paşinyan hakimiyyətə gəldi və o da bu problemi tənzimləyə bilmir. Prezident İlham Əliyevin fikri var ki, Ermənistanda baş verənlər Azərbaycanın gördüyü işlərin nəticəsidir. Azərbaycan da həmin işləri ona görə edib ki, torpağı işğal altındadır. Nə qədər ki, işğal davam edir Azərbaycan bu siyasəti davam etdirəcək. Ona görə də Ermənistanda baş verənlərə bu ölkənin dövlətçiliyinin çökməsi və erməni cəmiyyətinin bərbad vəziyyətə düşməsi istiqamətində növbəti bir mərhələ kimi yanaşmaq lazımdır. Paşinyan özü bu proses nəticəsində hakimiyyətə gəldi, lakin artıq vəziyyətə nəzarət edə bilmir, onu ələ salırlar. Qondarma rejimin Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan mayın 9-da Paşinyana yaxınlaşır və istehza ilə deyir ki, Koçaryanı nə vaxt buraxacaqsan? O, bu fikirlərini normal qaydada deyil, küçə uşağı kimi dilə gətirib. Söz yox ki, onlar sonradan Balasanyanı da cəzalandırdılar. Yəni, erməni mətbuatının yaydığı məlumata görə, gecə ikən Balasanyanın avtomobili polis tərəfindən saxlanılıb və o, gecəni polis idarəsində keçirib. Bütün bunlar onu göstərir ki, Ermənistan artıq dövlət deyil. Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri olmuş Naira Zöhrabyan bəyan edir ki, dövlətçilikləri dağıla bilər”.
M.Əhmədoğlu əlavə etdi ki, əgər Paşinyan Azərbaycanla dil tapmayacaqsa, Dağlıq Qarabağ problemini həll etməyəcəksə, belə hadisələr təkrarlanacaq.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, artıq Ermənistanda Paşinyana qarşı qüvvələr formalaşır: "Əgər bir az əvvələ qədər ancaq Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası ona qarşı idisə, artıq bu mövqedə olan siyasi təşkilatların və şəxslərin sayı artır. Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının nümayəndələri də ona qarşı olan qüvvələr siyahısına daxildir. Onlar sadəcə, gizli şəkildə Paşinyana və onun tərəfdarlarına müqavimət göstərir. Keçmiş prezident Robert Koçaryanın azadlığa buraxılması faktı da bu dediklərimizin göstəricisidir. Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri bu addımla sübut edirlər ki, onlar tam mənada Paşinyana tabe olmayacaqlar. Əslində bu, mesaj idi ki, sən saxta demokrat olduğun üçün biz də Koçaryanı azad edirik”.
F.Sadıxovun sözlərinə görə, digər bir reallıq ondan ibarətdir ki, artıq çoxları Paşinyanın Koçaryandan qisas aldığını yaxşı anlayır: "Koçaryanı ona görə həbs etməyiblər ki, o, ölkəni tənəzzül etdirib, Dağlıq Qarabağ məsələsini həll edə bilməyib, Azərbaycana qarşı etnik təmizləmə aparıb. Ona görə həbs ediblər ki, Paşinyan ondan qisas alsın. Çünki 2008-ci ilin mart ayında Paşinyan küçələrdə idi və silahlı müdaxilə nəticəsində 10 nəfər etirazçı öldürülüb. Düşünürəm ki, Paşinyanın qisas motivli addımı baş verən etirazların daha da böyüməsinə gətirib çıxaracaq. Amma deyə bilmərəm ki, yaxın vaxtlarda Paşinyan ölkəyə nəzarət edə bilməyəcək. Lakin indiki halda Ermənistanda baş verənlər həmin proseslərin başlanğıcı kimi qiymətləndirilə bilər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər