AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan dünya birliyini cinayətkarcasına aldatmaqda davam edir

Ermənistan dünya birliyini cinayətkarcasına aldatmaqda davam edir

Təfsilat
15 İyun 2021, 18:00 206
2020-ci ildə Cənubi Qafqazda baş vermiş hadisələr, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarının azad edilməsi uğrunda müharibədə müzəffər diplomatik və hərbi qələbəsi bir daha göstərdi ki, Odlar Diyarı regionun real liderinə çevrilib. Dünyanın bu mühüm geostrateji və logistik regionunda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilə bilməz.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və "İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin "KAN” ictimai radiosunun populyar "Beynəlxalq gündəlik” proqramına müsahibəsində söyləyib.
Arye Qut vurğulayıb: "Mən işğaldan azad edilmiş bu ərazilərdə ilk dəfə bir neçə ay bundan əvvəl oldum. 1992-1993-cü illərdə Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq bu əraziləri işğal edib, lakin təəssüf ki, ötən 27 il ərzində beynəlxalq hüquq işləməyib, keçən il payızda isə Ermənistanın təhrikləri nəticəsində Azərbaycan öz silahının gücü, öz əsgər və zabitlərinin igidliyi və qəhrəmanlığı sayəsində İkinci Qarabağ müharibəsi dövründə həmin əraziləri özü azad etməyə məcbur olub.
Ermənistan bir faktı qəbul edə bilmir ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı məhz Azərbaycandır və Azərbaycan İsrail ilə hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin əldə edə bilmədiyi texnoloji üstünlüklər qazanır”.
Verilişin aparıcısının Ermənistan tərəfindən Azərbaycanın ünvanına səslənən ittihamlar barədə sualına israilli ekspert sərt cavab verib. O deyib: "Bilirsinizmi, düz iki ay bundan əvvəl mən "İsrael HaYom” qəzetinin müxbiri olan dostumu işğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfərdə müşayiət etmişəm. Ermənilər Azərbaycanı qondarma "soyqırımı” törətməkdə ittiham edəndə mən onlardan soruşuram: siz elə bilirsiniz biz 29 il bundan əvvəl soyuq fevral gecəsində Azərbaycanın Xocalı şəhərində məhz ermənilərin 613 azərbaycanlını kütləvi şəkildə qətlə yetirməklə soyqırımı aktı törətdiklərini unutmuşuq? Siz elə bilirsiniz biz unutmuşuq ki, bu dinc sakinlərin yeganə "təqsiri” onların azərbaycanlı olması idi?
Mən erməni işğalından azad edilmiş bu əraziyə çatanda lap ilk andan belə bir təsəvvür yarandı ki, sanki bu ərazidə dəhşətli taun xəstəliyi yayılıb. İşğaldan azad edilmiş bütün ərazidə demək olar ki, heç bir ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey salamat qalmayıb. İşğalçı erməni ordusu çapovulçuluq və vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərini yerlə-yeksan edib. Vaxtilə küçələrin və evlərin olduğu yerdə indi yalnız qapı yerləri və sütunlar görünürdü, pəncərə çərçivələri ətrafa səpələnmişdi.
Əgər ermənilər bu əraziləri "özününkü” hesab edirlərsə, nə üçün məhz erməni işğalından sonra bu ərazilər kabus şəhərlər kimi görünür?”.
Ekspertin sözlərinə görə, ermənilər tərəfindən günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilmiş bu misli görünməmiş qəddarlığın və vandalizmin, habelə ərazilərin Ermənistan tərəfindən qəddarlıqla minalanmasının heç bir əsası və izahı yoxdur.
Arye Qut deyib: "Ermənistan tərəfindən müxtəlif tipli minalar və digər partladıcı qurğular yerləşdirilməsi nəticəsində 120-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq təqribən 100 milyon kvadrat metrlik ərazidə mina qurbanlarının sayının artması davam edir, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ermənistan həmin xəritələri verməkdən qəsdən imtina edir.
Mən İsraildə çalışan siyasi ekspert kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəsi və "İsraildə Azərbaycan evi”nin icraçı direktoru kimi İsraildəki və bütün dünyadakı həmkarlarımı Ermənistan Respublikasına təcili təzyiq göstərməyə çağırıram, o, minalanmış sahələrin xəritələrini təqdim etməyə borcludur.
Azərbaycanın heç bir təqsiri olmayan daha neçə dinc sakini, o cümlədən bizim jurnalist həmkarlarımızdan daha neçəsi həlak olmalıdır ki, belə laqeyd münasibətə və susqunluğa son qoyulsun? Bu insanların təqsiri nədir?
İsrailli ekspert müsahibəsində qeyd edib ki, bir neçə gün bundan əvvəl Azərbaycan terrorizmdə ittiham üzrə həbs edilmiş 15 nəfər ermənini Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin təqdim edilməsi müqabilində Ermənistana təhvil verib. Bu xəritələrdə Ağdam rayonunda 97 min tank əleyhinə və piyadalar əleyhinə minanın qoyulduğu yerlər göstərilib.
Arye Qut sonda deyib: "Mina xəritələrinin alınması on minlərlə Azərbaycan vətəndaşının, o cümlədən minaların təmizlənməsi üzrə mütəxəssislərin və jurnalistlərin həyatını və sağlamlığını xilas edəcək, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ağdamda bərpa layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıtmasını sürətləndirəcək.
Ermənistan Ağdam rayonunda ərazilərin minalanması xəritələrini Azərbaycana verib. Şübhəsiz, bu, erməni saxtakarlığının, dünya birliyinin diplomatik, hətta cinayətkar şəkildə aldadılmasının növbəti təsdiqidir. Rəsmi Bakının dəfələrlə müraciət etməsinə baxmayaraq Ermənistan rəhbərliyi əvvəlcə minalanmış sahələrin xəritələrini verməkdən imtina edirdi.
Bütün bunlardan sonra Ermənistan İsrail ilə strateji münasibətlər qurmaq istəyir. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bizim dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlığımız ən yüksək səviyyədədir. Bizim münasibətlərimiz bizim tərəfdaşlığımıza həsəd aparan qüvvələrə real cavabdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra biz yeni dövrə, müharibədən sonrakı dövrə qədəm qoymuşuq. Bu mərhələdə Azərbaycanda dost ölkələr üçün, xüsusən İsrail dövləti və İsrail şirkətləri üçün yer var. İsrail Azərbaycan ilə kənd təsərrüfatı, innovasiyalar, kibertexnologiyalar və artıq işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhərlər” yaradılması sahəsində əməkdaşlığı daim davam etdirməyə hazırdır. Qalib Azərbaycan dövləti və onun Müzəffər Prezidenti keçmiş barədə deyil, gələcək haqqında düşünür. Mən çox ümid edirəm ki, artıq gələn il biz dövlətlərarası münasibətlərimizin daha da dərinləşməsinin və genişlənməsinin şahidi olacağıq”.