AZE | RUS | ENG |

Ermənistan diplomatiyasının iflası

Ermənistan diplomatiyasının iflası
“1in.am” Rusiya ilə çox ciddi siyasi böhran yaşandığını yazır

Nikol Paşinyan hökuməti ilə Rusiya arasında problemlərə daha biri də əlavə olunub. "1in.am” erməni saytı yazır ki, Rusiyanın Ermənistan parlamentinin keçmiş deputatı, Məhkəmə Qərarlarının İcrası İdarəsinin keçmiş rəisi Miqran Poqosyanı ekstradisiya etməkdən imtina etməsi iki ölkə arasında çox ciddi siyasi böhrandan xəbər verir: "Ermənistanın bir nömrəli strateji müttəfiqi hesab edilən dövlətin belə bir münasibəti onu deməyə əsas verir ki, xarici siyasət, Ermənistan diplomatiyası tam iflas olub. Özü də bütün istiqamətlərdə. İnqilabın xarici siyasətdə nəticələri kapitallaşmayıb və bunu hakimiyyət nümayəndələri də etiraf edirlər. Hazırkı məsələ ilə bağlı söhbət tək xırda uğursuzluqlardan və yaxud ayrı-ayrı epizodlardan deyil, konseptual problemlərdən gedir”. Müəllif yazır ki, hakimiyyət iddia edirdi ki, inqilab xarici siyasətdə hər hansı bir dəyişikliyi nəzərdə tutmur. "Nikol Paşinyanın bu tezisi məzmunca səhv idi, çünki müasir dünyada xarici və daxili siyasətdə mexaniki sərhəd mövcud deyil. Hətta vahid məntiqdə nəzərdən keçirilir. Ötən il yarım göstərdi ki, xarici siyasətin fəlsəfəsində belə hər hansı bir dəyişiklik baş vermədi. Nəticə də budur ki, Ermənistanın Rusiyadan birtərəfli qaydada asılılığı nəinki azaldı, həm də Ermənistan-Rusiya münasibətlərində dərin institusional böhran yaşandı. Miqran Poqosyanla bağlı epizod yalnız bunun lokal təzahürüdür”, - deyə müəllif gəldiyi qənaəti bölüşür.

 Əlavə edir ki, "Birinci Erməni” portalında bugünkü Xarici İşlər Nazirliyinin, diplomatik korpusun inqilabın gündəminə xidmət edə bilmədiyi, Nikol Paşinyanın ambioz planları barədə xəbərlər dolaşan kimi, dərhal bu xəbərlərin əsassız, hətta zəhərli olduğu barədə cavablar daxil olur: "Biz diplomatik korpusumuzun son 20 ildə kriminal oliqarxiyanın hakimiyyəti dövründə nə ilə məşğul olduğu barədə yaxşı məlumatlıyıq. Xaricdə onların bir çoxu qanlı 1 mart hadisələrinin legitimləşdirilməsinə çalışdılar. Ona qədər isə "sinələri” ilə "A+1” teleşirkətinin qapadılmasını, seçkilərin saxtalaşdırılmasını, siyasi təqibləri, qətlləri müdafiə edirdilər. Diplomatlar bunu peşəkar olmaları səbəbindən etməyiblər, ona görə ediblər ki, konformizm (insanın mövqeyinin və hərəkətinin real və yaxud təsəvvür edilən şəxsin, eləcə də qrup insanların təsiri ilə dəyişməsi) onlara əlverişli idi. Və onlar hər vasitə ilə kriminal oliqarxiyaya xoş gəlməyə çalışır, hətta bu sistemə inteqrasiya etməyə cəhd göstərirdilər. Bu gün Xarici İşlər Nazirliyində Robert Koçaryan və Serj Sarkisyan dövründən qalan və konkret mövqeləri olmayan diplomatlarımız yeni Ermənistanın ambioz gündəminə xidmət edə bilməzlər. Bu, aksiomadır.

Bu diplomatların peşəkar keyfiyyətləri olsa belə, onlar illər uzunu kriminal oliqarxiyanın və onun birinci şəxslərinin anti-dövlət tapşırıqlarını yerinə yetirməklə məşğul olublar. Halbuki, özünə hörmət edən peşəkar belə addımlar atmamalı idi. Yeni Ermənistanın yeni və köhnə dissonansı (diskomfort) məhz XİN-də cəmləşib”. Daha sonra isə vurğulanır ki, xarici işlər naziri Zohram Mnaçakyants yeni Ermənistanın gündəminə xidmət edə bilməz. "Daxili motivasiya və diplomat düşüncəsi olmayanlar bizim ölkənin vizit kartı və yeni imicini yarada, yeni Ermənistanın səfiri ola bilməzlər. Nikol Paşinyan tez bir zamanda çıxış yolu axtarıb tapmalıdır - kadr və konseptual planda. Sabah gec olacaq”.

Erməni mediasında Nikolun tək xarici siyasətdə deyil, daxili və təhlükəsizlik məsələlərində də naşı olduğu və uğursuzluğu qabardılır. Məsələn, siyasi xadim, milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan "YerevanToday”a açıqlamasında indiki rəhbərliyi nəyin bahasına olursa-olsun separatçı qurumun rəhbəri Bako Saakyanın istefasına nail olmağa və inqilabın Qarabağa ixracına nail olmaqda ittiham edib. Onun sözlərinə görə, BBC-də qalmaqallı məqalə Ermənistan hakimiyyət orqanları tərəfindən təşkil olunub: "Birincisi, 2008-ci il mart hadisələrinin araşdırılmasında hakimiyyət sözün əsl mənasında absurd ittihamları ilə nəinki Ermənistanda, eləcə də, beynəlxalq ictimaiyyət, Avropanın bir neçə institutları, Venesiya Komissiyası, Avropa İnsan Haqları Məhkəməsi qarşısında biabır oldular. İkincisi, Paşinyan baş nazirliyinin ilk günündən Qarabağ və orduya qarşı təbliğat, siyasət yürütməyə başladı”. Şahnazaryan əmindir ki, Paşinyan ictimai rəyi Qarabağdakı konkret mərkəzlərə qarşı yönəltməyə çalışır. Lakin onun qənaətincə, bu, ona qismət olmayıb. Belə ki, BBC-də dərc olunan material ictimaiyyətdə, hətta onun tabeliyində olan media tərəfindən sərt reaksiya ilə üzləşdi: "Təkrar edirəm: Qarabağa zərbə, orduya zərbədir. Baxın, Paşinyan "millət-ordu” proqramını rədd etməklə, "millət orduya qarşı” proqramını həyata keçirir. Bu isə iflasa məhkumdur”. Onun sözlərinə görə, Paşinyanın avqustun 5-də olan çıxışı biabırçılıqdır. "Baş nazirin bütün çıxışları absurddur – hər hansı bir irəliləyiş yoxdur. Dərc olunan iqtisadi göstəricilər həqiqətdən uzaqdır, iqtisadiyyat pis vəziyyətdədir və durum günbəgün pisləşir. Xarici siyasətdən heç danışmağa dəyməz. Qarabağa qarşı yürüdülən siyasət Azərbaycana sərf edir, danışıqlar prosesi tam şəkildə iflasa uğrayıb. Bu, lift diplomatiyasının məntiqinə uyğundur.  Bütün bunları Qarabağa, orduya qarşı istifadə etmək üçün bu siyasəti yürüdür. Qarabağın işlərinə qarışmağın nəticələri çox ağır olacaq. İlk növbədə onun üçün”.

Sabiq nazir Paşinyanı yalan danışmaqda da ittiham edib. "Bir il əvvəl bildirdi ki, mart hadisələrinin üstü açılıb. Lakin bəlli olur ki, bu, yalandır. Qalmaqalla insanları həbs edir, sonra da sakitcə azad edirlər. Təkrar edirəm: ötən ilin aprelində baş verənlər özündə böyük geosiyasi nəticələri nəzərdə tutan anti-Qarabağ hərəkatı idi. Nikol Paşinyan yaxşı manipulyasiya edir və BBC-də dərc olunan material da buna istiqamətlənib. Onun Ermənistanın necə bir dövlət olması barədə təsəvvürü yoxdur. Seksual azlıqların hüquqlarının digərlərindən yüksək olan, sektaların erməni kilsəsindən daha çox üstünlükləri olacaq bir Ermənistan yaratmaq istəyirlər”.
 
Azər NURİYEV


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973