Ermənistan dəyişəcək?

Politoloqların fikrincə, Paşinyan Ermənistanda mövqeyini
möhkəmləndirəcək və yekun sülh müqaviləsinə doğru addımlar atılacaq
Ermənistanda
siyasi gərginlik fonunda növbədənkənar parlament seçkiləri keçirildi.
Seçkilərin nəticələrinə görə, Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş
Razılaşması” Partiyası qalib gəlib. Seçkilərdə 4 siyasi partiya və 21 siyasi
blok iştirak edib. Elan edilən səs faizlərinə görə, Nikol Paşinyanın partiyası
səslərin 53,92 faizini toplayıb. Belə halda, yeni parlamentdə Nikol Paşinyanın
partiyası, təxminən 72 yer, Koçaryanın bloku isə 27 yer alacaq. Robert Koçaryan
və digərləri seçkidə saxtakarlığın olduğunu desələr də, aparıcı Qərb
dövlətləri, beynəlxalq təşkilatlar, hətta Rusiya seçkinin nəticələrini tanıyıb.
Görünən isə odur ki, ermənilər bu seçkidə revanşistlərə səs verməyib və
Paşinyan və onun blokuna etimad göstərilib. Artıq Ermənistanda seçki bitib. Bəs
görəsən bundan sonra proseslər hansı
istiqamətdə cərəyan edəcək, nəyi müşahidə edəcəyik?
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Elxan Şahinoğlubildirdi ki, Nikol Paşinyan parlament seçkilərində səs çoxluğu ilə qələbə
çalmasaydı, Ermənistanda xaos ola bilərdi: "Yəni hər iki tərəf az səs
toplasaydı və hökuməti formalaşdırmaq mümkün olmasaydı, elə seçkidən dərhal
sonra yaranacaq vəziyyətlə, hətta vətəndaş müharibəsinə gedib çıxa bilərdilər.
Amma Paşinyanın qələbəsi və təkbaşına hökuməti formalaşdıracağı perspektivi
artıq xaos ehtimalını azaldıb. Paşinyanın əsas rəqibi olan Robert Koçaryan
seçkinin nəticəsini tanımamaq və məhkəmə ilə hədələyir. Lakin artıq gecikib,
qatar gedib. Çünki Qərb ölkələri, beynəlxalq təşkilatlar, o cümlədən Koçaryanın
arxasında dayanan Rusiya belə Paşinyanın qələbəsini tanıyıb. Bundan sonra
Koçaryanın ölkəni qarışdırması mümkün olmayacaq”.

E.Şahinoğlu qeyd
etdi ki, Paşinyan yaxın müddətdə hökuməti formalaşdıracaq, nazirləri təyin
edəcək və dayandığı yerdən davam edəcək: "Koçaryan və ətrafına yığılmış daşnak
tör-töküntülərinə gəldikdə isə onlar iki variant üzərində düşünürlər: parlamentə
qatılsınlar, ya qatılmasınlar. Koçaryanın iddiası böyük olduğu üçün özünü
deputat kimi təsəvvür edə bilmir. Yənihəmişə hazırın naziri olub. Vaxtı ilə
Dağlıq Qarabağda separatçılara rəhbər təyin etdilər, sonra keçmiş prezident
tərəfindən Ermənistanın baş naziri təyin olundu, daha sonra isə leqal prezident
Levon Ter-Petrosyanı devirərək onun yerinə keçdi. Bir sözlə, bu adam heç vaxt
deputat olmayıb və özünü icra strukturunun başında görüb. Özü də bunu etiraf
edib. Ona görə də, istəyir ki, parlamentin işinə qatılmasın. Amma onun blokunda
daşnak tör-töküntüləri var ki, onlar parlamentdə təmsil olunmaq istəyəcəklər.
Çünki çoxdandır, parlamentdə təmsil oluna bilmirlər və indi onlar üçün yaxşı
bir fürsət yaranıb. Ona görə də, düşünürəm ki, Robert Koçaryan şəxsən
parlamentin işinə qatılmasa da, onun bloku qatılacaq və ana müxalifəti
formalaşdıracaq. Belə də davam edəcəklər. Amma hökuməti formalaşdırmaq,
parlamentin işini davam etdirməsi o demək deyil ki, Ermənistan cəmiyyətini rahat
həyat gözləyir. Ermənistan Rusiyanın nökərinə çevrilib. Bir dövlət ki, öz
sərhədlərini qoruya bilmir, kənar dövlətdən qüvvə gətirir, onda o dövlətin
müstəqilliyindən, dayanaqlığından danışmaq mümkün deyil. Yəni elə sürünə-sürünə
də gedəcəklər”.
Politoloq Samir Hümbətov bildirdi ki, Ermənistandakı seçkilərə qədər, yəni
Paşinyanın hakimiyyəti dövründə atılan addımlar Azərbaycana xeyir gətirdi:
"Azərbaycan mövcud vəziyyətdən istifadə edərək öz torpaqlarının işğaldan azad
etdi. Amma qalıcı sülhün olması üçün bəzi addımlar atılmalıdır. Açıq desək,
Rusiya üçün Ermənistanla Azərbaycan arasında tam sülhün əldə olunması uyğun
deyil. Çünki tam sülh olarsa, Rusiyanın Qafqazdan ayağı kəsiləcək. Amma yekun
sülh müqaviləsi Azərbaycan və Türkiyə üçün lazımdır. Eyni zamanda bu, bizim üçün
nə qədər vacibdirsə, elə Ermənistanın özü üçün də əhəmiyyətlidir. Apardığımız
təhlillərin və analizlərin nəticələrinə əsasən deyə bilərik ki, Paşinyan
seçkidən sonrakı dövrdə hakimiyyətini daha da möhkəmləndirəcək. Ona bağlı
olmayan qüvvələri yavaş-yavaş tabe etməyə çalışacaq. Təbii ki, bu, asan
olmayacaq. Çünki Paşinyan üçün bunu etmək, ələlxüsus da ki, Rusiyanın təsir
gücünün daha böyük olduğu Ermənistanda etmək, vaxt alan bir məsələdir. Ona görə
ki, təhlükəsizlik qüvvələrinin, eyni zamanda güc strukturlarının əksəriyyətində
Rusiyanın adamları daha çoxdur. Lakin Paşinyan öz kadrlarını, sadiq insanları
yavaş-yavaş hakimiyyətə yerləşdirəcək”.

Politoloq
vurğuladı ki, növbəti mərhələdə Paşinyan Azərbaycanla münasibəti
normallaşdırmaq prosesinə keçəcək: "İlk olaraq bu çərçivədə sərhədlərin
demarkasiyası və delmitasiyası işləri aparılacaq. Əsas məsələ isə Ermənistanın
Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsidir. Təbii ki, Dağlıq Qarabağın
və ətraf rayonların Azərbaycanın suveren ərazisi olması şərti ilə bu da olacaq.
Bununla da yekun sülh müqaviləsinə doğru addımlar atılacaq. Desək ki, bir ildən
sonra sülh müqaviləsi imzalanacaq, inandırıcı olmaz. Çünki bunun üçün bir neçə
sənəd imzalanacaq. Birincisi, sərhədlərin delmitasiyası və demarkasiyası. Daha
sonra Rusiya sülhməramlılarının olduğu ərazidə azərbaycanlı məcburi köçkünlərin
geri qaytarılması baş tuta bilər. Təbii ki, eyni yerdə olmasa da, ayrı-ayrı
yerlərdə məskunlaşma ola bilər. Bundan sonrakı mərhələdə Azərbaycanın erməni
əhalisinə verdiyi təminatlar əsasında Ermənistanla Azərbaycan arasında yekun
sülh müqaviləsinin imzalanması prosesi başlaya bilər. Əgər bu sülh müqaviləsi
reallaşarsa, Cənubi Qafqazda yeni dövr başlayacaq”.
S.Hümbətovun
sözlərinə görə, Zəngəzur dəhlizinin açılması məsələsi uzaqda deyil: "Yəni bir
ilin və ya il yarımın içərisində Zəngəzur dəhlizinin açılması prosesi gedə
bilər. Böyük ehtimal ki, bu, baş tutacaq, çünki ortada kommunikasiyaların
məsələsi var. Əgər Paşinyan hakimiyyətini möhkəmləndirərsə, Azərbaycanla
Naxçıvanı birləşdirən bu dəhliz açıla bilər. Bu addımlar atılacağı təqdirdə,
Rusiyanın Cənubi Qafqazda mövqeyi zəifləməyə başlayacaq. İndiki halda Paşinyan
da Rusiyanı Ermənistanda istəmir. O, hakimiyyətdə möhkəmlənərsə, hətta növbəti
dövrlərdə Rusiya qoşunlarının belə Ermənistandan çıxarılması məsələsini gündəmə
gətirə bilər. Çünki Paşinyan qərbyönümlü siyasətçi hesab olunur və onun üçün
KTMT yox, NATO daha üstün hərbi-siyasi blok sayılır. Hesab edirəm ki, növbəti
beş il ərzində Paşinyanın möhkəmlənməsi ilə bərabər, Rusiyanın zəifləmə prosesi
gedəcək. Bu da regionda yeni siyasi proseslərin başlanğıcı olacaq ki, nəticədə
güc balansı dəyişəcək, Qərbin diqqəti bu regiona artacaq”.
