• cümə, 29 Mart, 04:36
  • Baku Bakı 7°C

Ermənistan Avropa İttifaqı ilə mübarizə aparmalı olacaq

07.02.18 20:03 854
Ermənistan Avropa İttifaqı ilə mübarizə aparmalı olacaq
Ötən ilin sonlarında Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş imzalayan Ermənistan getdikcə çətin bir duruma düşdüyünü anlamağa başlayır. Tələm-tələsik sazişi imzalayan ermənilər hesab edirdilər ki, heç bir öhdəlikləri olmayacaq. Amma Aİ ilə imzalanan sənəddə Metsamor AES-in dərhal bağlanması, tez bir zamanda "yol xəritəsi”nin hazırlanması və stansiyanın alternativ enerji mənbələri ilə əvəzlənməsi məsələsi əks olunub. Rusiyanın "Rosbalt” nəşri yazır ki, ola bilsin Yerevanda hesab edirdilər ki, Aİ bu məsələyə elə də ciddi önəm verməyəcək. Lakin ermənilərin ümidləri özünü doğrultmayıb. Nəşr yazır ki, əgər Brüssel nəyisə çox istəyirsə, buna nail olur. Ötən həftənin sonu da Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorentsdə bəyan edib ki, əvvəlki tək Metsamor AES-in bağlanmasında israr edirlər. O bildirib ki, stansiyanın beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməsi üçün onu gücləndirmək mümkün deyil. 2017-ci il noyabrın 24-də Yerevanla Aİ arasında əldə olunan razılaşmada da qeyd olunub ki, ermənilər stansiyanı beynəlxalq standartlara uyğun vəziyyətə gətirməlidirlər. Bu, nüvə təhlükəsizliyi məsələsinə də aiddir. Metsamor AES- istismardan çıxarmaq Avropa İttifaqı ilə Ermənistan arasında əldə olunan razılaşmanın əsas hissəsini təşkil edir. Onlar bildiriblər ki, Yerevandan bununla bağlı "yol xəritəsi”ni gözləyirlər. Eləcə də müvafiq təkliflər hazırlanmasını istəyirlər. Metsamor AES Ermənistanın enerjiyə olan tələbatını 40 faizini ödəyir. Hazırda stansiyanın yalnız bir enerji bloku (407,5 Mbt) fəaliyyət göstərir. Hökumət nümayəndələri daim bəyan edirlər ki, yaxın vaxtlarda 600 Mbt gücündə yeni blokun inşasına başlamaq istəyirlər. Layihənin dəyəri 5 mlrd. dollar civarında qiymətləndirilib. Maliyyənin bir hissəsini Rusiya öz üzərinə götürüb. Bu ölkə AES-i yanacaq, avadanlıq və texnologiyalarla təmin edir. Bundan əlavə, prezident Serj Sarkisyan dəfələrlə bəyan edib ki, nüvə energetikası strateji istiqamət kimi nəzərdən keçirilir və uzunmüddətli perspektiv kimi 2036-cı ilə kimi reallaşdırılması nəzərə tutulur. Bu layihə enerji sisteminin inkişafı, eləcə də Metsamor AES-in işinin 2027-ci ilə kimi uzanmasından və mərhələ ilə yeni blokların istismara buraxılmasından ibarətdir. Özü də Sarkisyan xüsusi vurğulayıb ki, Metsamor MAQATE-nin standartlarına uyğun fəaliyyət göstərib. Bununla da o, Avropanı aldatmağa çalışıb. Axı əksər qurumlar bu stansiyanın tək Ermənistan üçün deyil, ətraf ölkələr üçün də təhlükəli olduğu barədə hesabatlar yayıblar.
Yeri gəlmişkən, "Metsamor”la bağlı Ermənistanın bütün planları "Rosatom” və onun törəmə strukturu olan "Rusatom servis” ilə əməkdaşlıq üzərində qurulub. Buradan belə çıxır ki, ya ermənilər özlərini nüvə "strateji kursu” barədə yalan danışmaqla vətəndaşlarının və rusiyalı tərəfdaşlarının gözünə kül üfürüblər, ya da ki, Avropa İttifaqı ilə müvafiq saziş naminə bütün şərtlərə razılıq veriblər. "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq isə faktiki olaraq Rusiya üçün rəqabətli layihədir. İstisna deyil ki, bundan sonra Ermənistanın enerji təhlükəsizliyi ilə bağlı "havanı” "Rosatom” deyil, "Avroatom” sifariş edəcək. Lakin Ermənistan AES-i bağlamasa, bunu reallaşdıra bilməyəcək. "Rosbalt” yazır ki, Yerevan xarici siyasətdə çoxvektorlu siyasətə üstünlük verir. "Lakin hər şey geosiyasi reallıqlardan ibarətdir. Mövcud siyasi vəziyyət isə Ermənistana sərf etmir. Bu ölkə Avrasiya İqtisadi İttifaqının, KTMT və MDB-nin üzvüdür. Digər tərəfdən də Avropa İttifaqı ilə məlum sənədə imza atıb. Moskva və Brüssel arasında münasibətlər də getdikcə gərgindir. Bu səbəbdən də Qərb Ermənistanı Rusiya orbitindən çıxarmağa çalışır. "Metsamor” məsələsi də elə belə ortaya atılmayıb. Avropalılar bununla Moskvanı Yerevana əsas təsir rıçaqından məhrum etməyə çalışırlar. Lakin məsələ ondadır ki, bu ölkə tam şəkildə Rusiyadan asılıdır. Rusiya faktiki olaraq ermənilərin hər şeyini əlindən alıb. Əslində Rusiya Ermənistanın əlindən nəyi varsa alıb demək bir qədər yaxşı səslənmir – Yerevan özü nəyi var Moskvaya verib”, - deyə nəşr yazır.
Xatırladaq ki, "Metsamor” AES-in tikintisinə 1960-cı ildə başlanılıb, 1976-cı ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib. 2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı kredit və qrantın hesabına AES-in işini8n əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib. Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyyətini hələ də davam etdirir.

Azər
banner

Oxşar Xəbərlər