AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Ermənistan AŞPA-nı sabotaj edir»

«Ermənistan AŞPA-nı sabotaj edir»

Siyasət
26 Dekabr 2012, 09:09 1821
Dekabrın 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech “Azərbaycanın öhdəliklərinə əməl etməsi” adlı hesabatı açıqlayıb. Yanvarın 23-də AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq hesabatda bildirilib ki, Avropa Şurasına üzv olandan bəri Azərbaycan demokratik institutların işi üçün bəzi həlledici sahələrdə qanunvericilik bazasının yaradılması yönündə irəliləyib. Həmməruzəçilər yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması yönündə aydın tərəqqini də qeyd ediblər. Diffamasiya haqqında yeni qanunun hazırlanması məqsədilə hakimiyyətin yardım istəməsi bu sahədə əməkdaşlığa yaxşı nümunə kimi qiymətləndirilib. Həmçinin hesabatda, AŞPA-nın Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xarici siyasət gündəminə geniş təsirindən xəbərdar olması da yer alıb. Təəssüflə bildirilib ki, danışıqlar real nəticələrə gətirməyib, AŞPA-nın, Avropa Parlamentinin, ATƏT-in, BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də yerinə yetirilməyib.

Hesabatda hüququn aliliyi və insan haqlarına hörmət baxımından bəzi qanunların praktikada məhdudlaşdırılmasının, pozulmasının getdikcə daha çox narahatlıq yaratdığı da ifadə olunub. Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə hədəflənən qanunvericilik bazasının qurulmasında irəliləyişə baxmayaraq, qanunvericiliyin səmərəli tətbiqinin bu məsələdə prioritet təşkil etdiyi vurğulanıb. Həmməruzəçilər parlamentdənkənar müxalifətlə siyasi dialoqun olmamasından da təəssüfləndiyini bildiriblər. Sadalanan çatışmazlıqların aradan qaldırılması üçün hesabatın sonunda bəzi tövsiyələr də diqqətə çatdırılıb. AŞPA demokratik institutların düzgün işləməsi üçün hakimiyyəti qanunvericiliyin həlledici sahələrdə tətbiqinə cəhdlərini artırmağa çağırıb. Bütün bunlar nəzərə alınaraq, Assambleya qərara alıb ki, Azərbaycanın öhdəliklərinin monitorinqini davam etdirsin.

Hesabatla bağlı fikirlərini “Kaspi”yə bölüşən Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadə AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grechin hazırladığı hesabatı kifayət qədər obyektiv sayıb. O, bu hesabatda ən önəmli məqamın Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı söylənilənlər olduğunu diqqətə çatdırıb:

“Bizim üçün ən önəmli məqam ondan ibarətdir ki, yenə də bu hesabatda Azərbaycanın ərazilərinin işğalı, ölkəmizin təcavüzə məruz qaldığı, yüz minlərlə qaçqının olması öz əksini tapıb. Biz çox istərdik ki, Avropa Şurası öz qətnaməsinin icrası ilə bağlı da mövqe nümayiş etdirsin. Yəni Parlament Assambleyasınınn qətnaməsinin icrasında xüsusi işçi qrupunun yaradılması qərarı var idi. Bu işçi qrupu Ermənistan tərəfindən sabotaj edilir və onun işinə imkan yaradılmır. Biz arzulayırıq ki, Avropa Şurası Azərbaycana tezliklə sülh əldə etmək istiqamətində müvafiq dəstəyi göstərsin, müvafiq fəaliyyət həyata keçirsin. Avropa Şurası Parlament Assambleyasının sədri dəyişdikdən sonrakı bir neçə il ərzində biz, adıçəkilən qurumun bu istiqamətə olan diqqətinin azalmasını müşahidə etdik. Bununla yanaşı, prinsip olaraq Avropa Şurası öz dəyərlərini Azərbaycanda möhkəmlətmək istədiyindən hesabatda onları narahat edən məqamlar da öz əksini tapıb. Bu səbəbdən düşünürəm ki, obyektiv bir hesabatdır və bu müzakirə edilərək, Assambleya tərəfindən də qəbul ediləcək”.

Millət vəkili A.Mollazadə Azərbaycanda məhkəmələrin müstəqil olmaması, insan hüquq və azadlıqlarının təmin edilməməsi, ölkədə keçirilən seçkilərdə müxalifətin qələbə qazanmaması, parlamentdənkənar müxalifətlə siyasi dialoqun aparılmaması və sairlə bağlı hesabatda yer alan bəzi məqamlara da aydınlıq gətirib. O, Azərbaycan məhkəmələri ilə əlaqəli bir sıra çatışmazlıqlar barədə Avropa Məhkəməsinə müraciətlər edildiyini vurğulayıb: “Bu istiqamətlərdə müvafiq problemlər var və bilirsiniz ki, dəfələrlə məhkəmələrin səhvləri ilə bağlı Avropa Məhkəməsinə müraciətlər olub. Onun üçün düşünürəm ki, bizim məhkəmə sistemimizi təkmilləşməyi və Avropa sistemi istiqamətində inkişafı üçün bir çox işlər görülməlidir.

Müxalifətin fəaliyyətinə gəlincə, müxalifət təmsilçiləri ölkədə keçirilən bütün seçkilərdə iştirak edib. Ola bilsin ki, bir-iki partiya hansısa seçkiyə qatılmayıb. Ümumi götürdükdə isə ölkədəki seçkilərdə partiyaların iştirakı kifayət qədər yüksək olub. Lakin seçki prosesinin təkmilləşməyi ilə bağlı bəzi istiqamətlər üzrə iş aparmaq zəruridir. Həm Venesiya Komissiyası ilə, həm Avropa Parlamenti ilə birgə. Bu istiqamətdə müvafiq seçki sisteminin təkmilləşdirilməsi işləri olmalıdır. Dialoq məsələsinə gəlincə, biz istərdik ki, siyasi dialoq yox, ölkənin əsas inkişaf istiqamətləri ilə bağlı hamının fikir mübadiləsi olsun. Düşünürəm ki, bu, düzgün bir iş olardı. Həm parlamentdə olan, həm də parlamentdə olmayan siyasi partiyaların, eləcə də ölkədə siyasi fəaliyyətlə məşğul olan qurumların çox ciddi müzakirələrinə ehtiyac var. Bu istiqamətdə də müvafiq işlər görməliyik”.

Rufik İSMAYILOV