• cümə, 29 Mart, 00:00
  • Baku Bakı 7°C

Ermənipərəst kiprli deputat Albaniyada da “qara siyahıya” düşdü

14.11.18 19:23 646
Ermənipərəst kiprli deputat Albaniyada da “qara siyahıya” düşdü
Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus erməni diasporunun sifarişi əsasında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edib. Buna görə onun adı Azərbaycan xarici işlər nazirliyi tərəfindən "ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilib. Eyni zamanda, E.Teoxarus haqqında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Daim qalmaqallı addımları ilə gündəmə gələn E.Teoxarusun beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə qəsd və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilib. Məhz buna görə də, Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən E.Teoxarus Albaniyanın Avropa və Xarici İşlər, Daxili İşlər Nazirliklərinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub. Əgər belə davam edərsə, kiprli deputat daha bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü "statusu”nu qazana biləcək.
Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması, onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Çünki, Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı odur. Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində, Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler şübhə obyektinə çevrilib və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə, arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Anjela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib. Kiprli deputat E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik islahatlar Partiyasının sədri Asim Mollazadə mövzu ilə bağlı bildirib ki, Avropa siyasi mühitində siyasi korrupsiya araşdırılmalıdır. Millət vəkilinin sözlərinə görə, E.Teoxarus və onun kimilərin fəaliyyəti bilavasitə müvafiq korrupsiya əməlləri ilə bağlıdır: "Biz Avropa Parlamentində, Avropa Şurasında belə şəxslərin fəaliyyətini birmənalı qiymətləndirməliyik və ciddi araşdırmalar olmalıdır. Təəssüf doğuran amil odur ki, Avropa siyasətçiləri hansısa şirkətlərdən, lobbi qruplardan vəsait alırlar və nəticədə bu istiqamətdə erməni qrupları Avropa mühitində çox ciddi fəaliyyət göstərirlər. Ona görə də biz bu araşdırmaları tələb etməliyik. Qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus kimilər öz ölkələrinin, xalqlarının maraqlarından çıxış etmir, erməni lobbisinin, diasporunun siyasətini həyata keçirirlər. Əslində Avropa Parlamentində erməni diasporunun yaratdığı korrupsiyanın ciddi araşdırılmasının vaxtı çatıb. Buna, həqiqətən böyük bir ehtiyac var. Çünki belə fəaliyyət əslində Avropa İttifaqının siyasətinə ziddir. Tam aydındır ki, bu cür fəaliyyətlərin arxasında məhz siyasi korrupsiya və erməni lobbisi durur. Eleni Teoxarusun hərəkətləri Avropa Parlamentinin, bütövlükdə Avropa İttifaqının siyasətinə ziddir. Bilavasitə, onun, erməni diasporu ilə əməkdaşlığı nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri baş tutur. Bu baxımdan ehtiyac var ki, erməni lobbi qruplarının Avropada apardığı korrupsiya fəaliyyəti ciddi araşdırılsın və ona hüquqi qiymət verilsin”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən əməllər şüurla, beyinlə bağlı məsələlərdir. Onun fikrincə, əksər normal adamlar, yəni dünyanın elitasının siyasəti ərazi bütövlüyü prinsipini dəstəkləməyə yönəlib. Siyasi şərhçinin fikrincə, bu, sabitliyin bir əsasıdır: "Amma adam var ki, ruhi xəstədir və onun müəyyən problemləri var. Bunlar əvvəldən axıra qədər də separatçılığı dəstəkləyirlər. Eleni Teoxarusla bağlı vəziyyət isə fərqlidir. Onun əsas məqsədi Qarabağ ermənilərinə müstəqillik əldə etməkdir. Çünki bilirsiniz ki, Kipr özünü tarixən Osmanlı İmperiyasından əziyyət çəkmiş xalqlar sırasında görür və ermənilərlə təxminən özlərini müttəfiq bilirlər. O baxımdan, onlar özlərinə borc bilirlər ki, ən azı erməniləri də özləri kimi müdafiə etsinlər. Yunanıstanda, Kiprdə belə adamlar var. Bu mənada Eleninin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinə, separatçılarına dəstək verməkdir”.
Alpər TURAN


banner

Oxşar Xəbərlər