• şənbə, 20 Aprel, 16:09
  • Baku Bakı 23°C

Erməniləşən fransız

21.05.21 18:15 2301
Erməniləşən fransız
Fransa Azərbaycan Ordusunun bölgədə yaratdığı yeni reallıqla barışa bilmir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında isə həmsədrlik institutu təsis olunub. Minsk konfransına iki həmsədrin təyin olunmasına və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçirilməsi barədə qərar verilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başlayıb. 1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul olunmayıb. Nəticə etibarilə 2020-ci ilin sentyabr ayına qədər ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.

Ədalətsiz və beynəlxalq hüququn prinsiplərinə zidd
Ötən bu illər ərzində böyük təəssüf doğuran məqam Minsk qrupunun həmsədr dövləti olan Fransanın bitərəflik, neytrallıq nümayiş etdirmək əvəzinə, münaqişə tərəflərindən birini dəstəkləyən mövqe nümayiş etdirməsidir. Düzdür, sadəcə Fransa deyil, eləcə də ABŞ və Rusiya da indiyə qədər işğalçı Ermənistanı öz adı ilə çağırmayıb, ona BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməsi üçün hər hansı formada təsir, yaxud təzyiq etməyib. Bu davranışın özü də ədalətsiz və beynəlxalq hüququn prinsiplərinə ziddir. Lakin istər 44 günlük Vətən Müharibəsindən öncə və şiddətli döyüşlərin getdiyi günlərdə, istərsə də münaqişə hərbi yolla həllini tapıb Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra Paris rəsmilərinin, deputat mandatı daşıyan, ictimai-siyasi fəaliyyətinə görə az-çox tanınan fransızların atdığı addımlar, xüsusən də prezident Emmanuel Makronun qeyri-obyektiv fikirləri, məsuliyyətsiz bəyanatları daha çox diqqət çəkməkdədir. Fransa kimi Avropanın mühüm ölkəsindən birinin prezidenti Vətən Müharibəsi dövründə əl-ayağa düşərək ermənilərin dünyada məzlum, əzilən, haqqı tapdanan, torpağı işğal olunan millət obrazını yaratmaq üçün bütün vasitələrə əl atdı.

"Kiçik bacı” təəssübü çəkənlər
Fransanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, prezident Makron Dağlıq Qarabağın, Şuşanın azərbaycanlılar tərəfindən işğal olunduğunu, az qala bu yerlərin Ermənistan ərazisi olduğunu iddia edirdi. Halbuki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmuşdu, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla ümumilikdə 20 faiz ərazini işğal etmişdi, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirmişdi. Bütün bunları görməzdən gələn Qoca Qitənin mərkəz dövlətinin başçısı Şuşada keçirilən "Xarıbülbül” Musiqi Festivalı sonrası "Facebook” səhifəsində Azərbaycana qarşı növbəti qərəzli addım atıb. Azərbaycan-Ermənistan sərhədində dəqiqləşdirmə işi aparıldığı halda, bir qrup təxribatçının məqsədli hay-küyünün, ermənipərəst dairələrin əsassız iddialarının təsiri altında Emmanuel Makron "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub. Onları dərhal ərazidən çıxarmaq lazımdır” - deyə erməni dilində status paylaşıb. Makron Ermənistana dostluq mesajı göndərməyi də unutmayıb: "Mən bir daha erməni xalqına deyirəm ki, Fransa onlarla həmrəydir və belə də qalacaq”.

Fransa İslam və türk dünyasına qarşı
Maraqlıdır, ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransanın hazırkı prezidenti Emmanuel Makronu Azərbaycana qarşı bu cür qərəzli olmağa, ermənipərəst mövqe nümayiş etdirməyə nə vadar edir? Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova bildirib ki,Fransa prezidentinin ermənipərəst mövqeyi ölkəsinin çoxəsrlik siyasət ənənələrindən qaynaqlanır. Onun sözlərinə görə, Makronun sərgilədiyi münasibət, sadəcə Fransada yaşayan 250 mindən artıq erməni icmasının dəstəyini qazanmaqdan irəli gəlmir: "Parisin siyasətini Napoleon və ondan bu yana Fransaya rəhbərlik edənlər formalaşdırmayıb. Bu siyasət çoxmilyonluq Fransanın orta əsrlərdəki ənənəsindən qaynaqlanır. Söhbət Azərbaycana və Türkiyəyə olan mənfi münasibətdən gedir. Parisin Azərbaycana münasibəti Fransanın İslam və türk dünyasına olan münasibətinin bir hissəsidir. Təbii ki, Qafqazdakı geosiyasi maraqlarını qorumaq da bu siyasətin tərkibində ayrıca yer alır. XV-XVI əsrdə Osmanlı İmperiyasının Avropaya doğru genişlənməsindən start götürən Fransa-Osmanlı rəqabəti, Fransa krallarının zəifliyi fonunda Osmanlıya qarşı missioner təşkilatların formalaşdırılması, fransız missionerlərin Osmanlı daxilindəki erməniləri təşkilatlandırması, təxribatçı fəaliyyətlərlə məşğul olması, erməni din xadimlərinin Fransaya aparılaraq təlimatlandırılması kimi çoxsaylı faktlar var. Osmanlı İmperiyasının ərazisində yaşayan və xristian icması olan ermənilərlə cinayətkar əlaqəyə girən fransızlar ölkəni içəridən zəiflətmək üçün bütün vasitələrə əl atıblar. Hətta səlib yürüşləri zamanı ermənilər yaxın Şərqdə səlibçilərə bələdçilik ediblər. Fransa ilə ermənilərin əməkdaşlığının kökündə məhz bu kimi amillər dayanır. Öz dövləti olmayan ermənilər dünyaya səpələndikləri üçün bir çox dövlətlər, o cümlədən fransızlar bu etnik azlıqdan öz məqsədləri naminə, alət olaraq yararlanıblar. 500 ildən artıqdır, bu əməkdaşlıq davam edir. Bütün bunları nəzərə alsaq, görərik ki, Emmanuel Makron Fransa dərin dövlətinin, xarici siyasətinin, sadəcə bir elementidir. Türk və İslam dünyasının bir hissəsi olan Azərbaycan qarşı Fransanın mənfi münasibətinin kökündə də sadalanan amillər dayanır”.

Erməniləri girova çevirən "böyük Ermənistan” xülyası
Politoloq deyib ki, ermənilərin fransızlara xidmətləri müqabilində bu etnik azlıq üçün Qafqazda dənizdən-dənizə "böyük Ermənistan” yaradılması ideyası ortaya atılıb. N.Məmmədovanın fikrincə, bu planın əsas ideoloqlarından, müəlliflərindən biri məhz Fransadır: "Təsadüfi deyil ki, uydurma "böyük Ermənistan” ideyası ilk dəfə Fransadakı erməni diasporu tərəfindən gündəmə gətirilib. Bu "plana” görə indiki Türkiyənin, Azərbaycanın, İranın, Gürcüstanın bir çox əraziləri hesabına ermənilərə "böyük dövlət” yaradılacaqdı. Fransanın Ermənistan ərazisini genişləndirmək, Qafqazda özünün forpost dövlətini yaratmaq kimi "ideyasına” mane olan, onun qarşısını alan qüvvə Türkiyə və Azərbaycandır. Belə olan halda Fransa Azərbaycanı da özünə rəqib sayır. Onlara görə Azərbaycan yad sivilizasiyadır. Amma Ermənistan Fransa, həmçinin Kanada üçün olduqca yaxın dövlətdir. Bir neçə il bundan öncə Ermənistanda Frankofoniya sammitinin keçirilməsi, Makronun paytaxt İrəvana gələrək tədbirdə çıxış etməsi, erməniləri öz həmyerliləri adlandırması, Kanadanın baş nazirinin də ifadə etdiyi dəstək buna əyani misaldır. Onu da nəzərə almaq lazımdır ki, hazırda Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Qərbin, daha dəqiq desək, Fransadakı erməni diasporunun bir layihəsidir. Paşinyanın hakimiyyətə gəlməsində, onun mövqelərinin güclənməsində Fransa dövlətinin xüsusi rolu olub. Fransızlar öz "kiçik bacısını” idarə etmək, ona dəstək olmaq üçün hər cür imkandan yararlanıblar. Fransızlar bu gün də Paşinyanı bütün təzyiqlərdən qorumaq üçün lazımi addımlar atırlar. Çünki Paşinyanın hakimiyyətdə qalması Rusiyanın Ermənistan üzərində təsirlərini azaltmağa hesablanıb”.

Azərbaycan Ordusunun bölgədə yaratdığı yeni reallıq
N.Məmmədova deyib ki, Fransanın 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycana qarşı daha çox mənfi münasibət sərgiləməsinin əsas səbəblərdən biri də rəsmi Bakının yararsız, səmərəsiz, fırıldaqçı Minsk qrupundan imtina etməsidir: "Azərbaycan Minsk qrupunun tərkibində yer alan Fransanın bölgədəki manipulyasiya, fırıldaqçı əməllərinə son qoyub. 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın kapitulyasiyası, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli saziş Fransanı oyundankənar vəziyyətə salıb. Zəngəzur dəhlizinin açılması da Fransanı narahat edir. Çünki bu dəhlizin istifadəyə verilməsi ilə türk dünyası ilə əlaqə bərpa olunur, bölgədə əsas söz sahibi Türkiyə, Rusiya və Azərbaycan olur. Fransa Azərbaycan Ordusunun bölgədə yaratdığı yeni reallıqla barışa bilmir və hansısa vasitələrlə yenidən bölgədə iştirakçılığını saxlamağa çalışır. Minsk qrupunun fəaliyyətinin davam etdirilməsi kimi təkliflərin meydana atılması bundan qaynaqlanır”.

Erməniləri bədbəxt günə salanlar
Politoloq Əlimusa İbrahimovda qəzetimizə açıqlamasında bildirib ki, Emmanuel Makronun Azərbaycanla Ermənistan arasındakı sərhəd məsələsinə qərəzli münasibət bildirməsi, hətta Azərbaycanı öz sərhədçilərini Ermənistanın "ərazisindən” çıxarmağa çağırması Fransa prezidentinin ermənilərin yanında olduğunu sübuta yetirən birinci demarşı deyil. Həmsöhbətimin fikrincə, 44 günlük müharibə zamanı və ondan sonrakı proseslərdə Fransa prezidenti dəfələrlə erməniləri müdafiə edən sərsəm çıxışları ilə yadda qalıb: "Sərhəd hadisəsi zamanı o, bir az da irəli gedərək Azərbaycana olan müraciətini erməni dilində edib. Təbii ki, biz Makronun qısa prezidentliyi dövründə erməni dilini öyrənməsi fikrindən çox uzağıq. Amma erməni dilində "facebook”da post atması, onun ermənilərin xidmətindən bundan sonra da faydalanacağı anlamına gəlir. Makron məsələnin mahiyyətinə varmadan, qarşıdurmada rəsmi Bakının mövqeyini öyrənmədən, Azərbaycan dövlət rəhbərləri ilə danışmadan Ermənistan baş nazirinin sözlərini eşidərək ölkəmizə çağırış edir ki, "ermənistan torpaqlarından” çıxsın. Görəsən Azərbaycan torpaqlarını 30 il işğalda saxlayanda, nədən Makron statusunda olan Fransadakı erməni aşiqləri onları zorla tutduqları torpaqlardan çıxmağa çağırmadılar? Hətta Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək missiyasını üzərinə götürən 3 qlobal dövlətdən biri olan Fransa öz missiyasını yerinə yetirmirdi? İndi ermənilərin yanında yer tutmağa çalışan Fransa və digər həmsədr dövlətlərin məsuliyyətsizliyi üzündən bu münaqişə 30 ilə yaxın bir müddət çəkdi. Onlar erməniləri işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmağa məcbur edə bilsəydilər, indi bu cür çıxılmaz vəziyyətə düşməz və erməniləri bədbəxt günə salmazdılar”.

Paşinyanın çaldığı havaya oynayan Makron
Politoloq deyib ki, Makrona qədər də Amerika prezidentinin müşaviri Sillivan, Rusiya xarici işlər naziri Lavrov Azərbaycan Prezidenti ilə bu mövzu ətrafında müzakirələr aparıb, prosesin danışıqlar çərçivəsində aradan qaldırılmasının vacibliyini vurğulanıb: "Azərbaycan Prezidenti İlham Əliyevin ciddi sübutları qarşısında, onlar həqiqətin kimin tərəfində olması haqqında ilkin mənbədən məlumat alıblar və bununla da məsələni daha irəli aparmağı məsləhət bilməyiblər. Hətta Sillivan İlham Əliyev simasında regionda mükalimə aparmağa layiq yüksək səviyyəli dövlət rəhbəri gördüyünü sevinclə ətrafındakılarla, o cümlədən Co Baydenlə bölüşüb. Makron isə Azərbaycan Prezidenti İlham Əliyevə sərhəddə baş verən hadisə ilə bağlı, sadəcə zəng etməyə cürət etməyib. Çünki o, İlham Əliyevin tutarlı arqumentləri qarşısında özünü itirəcək və erməniləri müdafiə edən demarşları həyata keçirə bilməyəcəkdi. Bəs Makron dəfələrlə Azərbaycan Prezidenti simasında ciddi maneə ilə üzləşdiyinə baxmayaraq, nədən israrla erməniləri müdafiə etməkdən çəkinmir? Təbii ki, bunu Fransada kök salmış erməni lobbisi ilə əlaqələndirmək mümkündür. Oradakı ermənilər və onların malik olduğu səs, seçkilər zamanı hakimiyyətə gəlmək üçün çox əhəmiyyətlidir. Əgər Makron bu qüvvədən istifadə edə bilməsə, ona müxalif olan digər siyasi qüvvələr bu boşluğu dolduracaq və Makron tərəfdarları ilə birlikdə yenidən hakimiyyətdə təmsil olunmaq şansını itirəcək. Yaxşı olardı ki, Fransa prezidenti öz ölkəsinin daxili problemlərini həll etmək istiqamətində addım atardı və vətəndaşlarının rəğbətini qazanardı. Lakin Makron öz adekvat olmayan, qeyri-ciddi qərarları sayəsində çoxdan gülüş hədəfinə çevrilib”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər