• cümə axşamı, 25 aprel, 11:01
  • Baku Bakı 14°C

Ermənilərin sonrakı ağılı

25.06.21 18:00 2241
Ermənilərin sonrakı ağılı
Ermənistanda gələcəyi sülh və əmin-amanlıqda görürlər?
Üç il bundan əvvəl "məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan yenə hər kəsi təəccübləndirməyə müvəffəq oldu. Bütün proqnozları alt-üst edərək rəqiblərini üstələməklə yanaşı, təkbaşına hökumət qurmağa belə müvəffəq oldu. Əksər ekspert və müşahidəçilər seçki kampaniyasının son gününə kimi sabiq prezident Robert Koçaryanın uğur qazanacağını proqnoz edirdi. Əksər rəy sorğuları da onun böyük fərqlə Paşinyanı üstələdiyini ortaya qoyurdu. Və seçkinin nəticələri bəlli olduqdan sonra aydın oldu ki, bunlar, sadəcə müəyyən maraqlı qüvvələrin hazırladığı saxta nəticələrdən başqa bir şey olmayıb. Maraqlıdır ki, Rusiya mediası, Qərbin müəyyən sorğu mərkəzləri Koçaryanın qalib gəlməsi üçün bütün qüvvəsini sərf etsə də, qutudan Paşinyan çıxdı. Və nəticələr də bəlli olduqdan sonra ən müxtəlif formada özlərini təmizə çıxarmağa çalışdılar. Xalqın əvvəlki rejimə nifrət etdiyini, sülh istədiyi barədə müxtəlif fərziyyələr irəli sürməyə başladılar. Anlamadılar ki, erməni seçici artıq revanşist xətti, millətçi qanadın tərəfdarı olan qüvvələri istəmir, 44 günlük müharibədə məğlub olan namizədə üstünlük verir. Bu da onu göstərir ki, erməni cəmiyyətində 20 il ölkəni idarə etmiş qüvvələrə nifrət o həddədir ki, hətta acı məğlubiyyət onları sındıra bilmədi. İnsanlar, artıq onlara illər uzunu təbliğ edilən "böyük xalq” "dahi millət”, "məğlubedilməz ordu” nağıllarından, millətçilik ideyalarından bezib. 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət, sərhəd münaqişəsi zamanı yaşanan hallar belə ermənilərin mövqeyini dəyişə bilmədi. Bütün proqnozların üstündən xətt çəkən erməni xalqı Nikol Paşinyana səs verməklə bir daha köhnə sistemə dönmək istəmədiyini dedi. Erməni xalqı bu seçimi ilə göstərdi ki, qonşulara qarşı ərazi iddiaları irəli sürən, revanşist əhval-ruhiyyəli köhnə rejimi istəmir. Yeni kommunikasiya xətlərinə qoşulmaq, layihələrdən faydalanmaq istəyir. Başqa bir faktor da odur ki, əhali artıq boyunduruq altında yaşamaq, forpost statusundan qurtulmaqda maraqlıdır.

Postseçki dövrü

Yeri gəlmişkən, seçkilərin nəticələri artıq özünü göstərir. Seçkisonrası gərginlik start götürməyə başlayıb və proses davam edəcək. Yerevanda müxalifət nümayəndələrindən birinin avtomobilinə qoyulan partlayıcının ardınca, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində - Xankəndində ermənilər aksiya keçirib. Erməni xəbər saytlarının yaydıqları məlumata görə, tələb, separatçı Araik Arutyunyanın istefasıdır. Mitinqdə bildiriblər ki, Nikol Paşinyan və Araik Arutyunyanın sayəsində ermənilər müharibəni uduzub, onlar kapitulyasiyaya imza atıblar. Etirazçılar aksiya zamanı Arutyunyanın ünvanına "Xain", "Get!"şüarları səsləndiriblər.Buna səbəb olaraq Araikin Ermənistanda seçki günündə Nikol Paşinyanın qərargahında olaraq onu dəstəkləməsi göstərilib. "İnsanlar çox qəzəblidir, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür, sabah Xankəndidə daha böyük nümayişlər baş tutacaq", - deyə aksiya iştirakçılarından biri bildirib. Mitinqçilər hətta Arutyunyanı və Paşinyanı müharibə vaxtı yalan məlumat yaymaqda, məğlubiyyətlərə baxmayaraq, hər şeyin yaxşı olduğunu deməkdə ittiham ediblər. Maraqlıdır ki, bu aksiyalar Nikol Paşinyan seçkilərdə qalib olduqdan dərhal sonra start götürüb. Böyük ehtimalla, bunun arxasında hansısa bir plan var. Belə olmasaydı, nədən Qarabağdakı məğlubiyyətdən səkkiz ay sonra belə bir aksiya keçirilir? Gün kimi aydındır ki, aksiyanın arxasında Robert Koçaryan və ona bağlı qüvvələr durur. Erməni teleqram kanalları da aksiyaların arxasında Koçaryanın adamlarının durduğunu iddia edir. Səbəb kimi də erməni əhalisinə iki növ pasport veriləcəyi göstərilir. Birincisi, pasportlar Rusiyanın cənubuna köçmək istəyənlərə veriləcək. İkincisi, Azərbaycan pasportudur. Beləliklə, Xankəndindəki aksiyalar planlaşdırılan aksiyalara oxşayır. Onların İrəvanda keçirilən aksiyalara paralel olduğu bildirilir. Görünür, "Qarabağ klanı" Xankəndində ciddi məğlubiyyətini xarici sponsorları ilə gərginliyi saxlamaq üçün istifadə etməyə çalışır. Xatırladaq ki, müharibədən sonra Araik özünün xilası üçün Vitali Balasanyanı qondarma quruma "təhlükəsizlik şurası"nın sədri seçib. Koçaryanın sabiq mühafizəçisinin oğlunu yeni yaradılan "din"ə rəis təyin edib. İndi isə görünən odur ki, Paşinyanın qələbəsindən sonra bu qondarma koalisiya da çat verməkdədir.

Erməni elektoratı sülh istəyir?

Beləliklə, erməni cəmiyyəti bu seçimi ilə Azərbaycanla sülh yolunu seçdiyini nümayiş etdirdi. Seçkilər həm də, erməni xalqının Qarabağdakı məğlubiyyətə görə kimi məsul hesab etdiklərini göstərmiş oldu. Həqiqətən də ordunun belə bir rəzil durumda olmasının səbəbkarı Nikol Paşinyan yox, əvvəlki hakimiyyət olub. Robert Koçaryan və Serj Sarkisyan Qarabağda Azərbaycana qarşı mübarizə aparmaq istəyən "Qarabağ klanı"nı təmsil edir. N.Paşinyan isə 10 noyabrda imzalanan razılaşmasının yekunu olacaq sülh sazişinə doğru gedir. İnsanlar məhz bu yolu seçir. Əsas cəhətlərdən də biri odur ki, erməni cəmiyyəti artıq millətçilik ideyalarından əl çəkməyə çalışır. Normal düşüncəsi olan hər bir insan da gördü ki, faşist ideologiyası insanların həyatına müsbət heç nə gətirmədi. Ancaq və ancaq bədbəxtlik və ətraf aləmdən təcrid, miqrasiya, beynəlxalq regional layihələrdən məhrumolma gətirdi. Bəli, Paşinyanın qələbəsi baş verəcək ən yaxşı haldır. Lakin Ermənistan üçün yeni səhifənin açıldığını demək də hələ tezdir. Bununla belə, Ermənistanın qonşuları ilə sülh şəraitində yaşayacağına ümidlər var.

Ermənilər Paşinyana hansı mesajı verdi?

Xarici mediada yer alan məqalələrdə baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsində məğlub olsa da, qələbə qazanması heyrət doğuran bir hal kimi göstərilir. ABŞ ekspertləri hesab edir ki, bu, postsovet Ermənistan tarixində misilsiz bir seçki nəticəsi oldu. Paşinyanın yenidən seçilməsi göstərdi ki, erməni xalqı rusiyapərəst millətçi Koçaryana deyil, dialoq vəd edən Paşinyana üstünlük verdi. Onların qənaətincə, seçki nəticələri yalnız Koçaryanın deyil, Rusiyanın da ağır məğlubiyyət əldə etdiyini göstərdi. Düzdür, bu, Rusiyanın bölgədəki təsirini tamamilə azalda bilməz, lakin Qərb dövlətlərini bu bölgəyə daha çox maraq göstərməyə təşviq edə bilər.
"Erməni xalqı hansı mesaj verdi” sualına cavab verməzdən əvvəl siyasətçilərin cəmiyyətə nə vəd etdiyinə qısaca toxunmaq xeyirli olar. Koçaryan bildirirdi ki, Qarabağı geri almaq və Ermənistanı Rusiyaya inteqrasiya etmək üçün mübarizə aparacaq. Bəllidir ki, müharibə ölüm, Rusiya ilə inteqrasiya zülm və yoxsulluq demək idi. Paşinyan isə iqtisadiyyatı region ölkələri ilə əməkdaşlıq edərək inkişaf etdirəcəyini və islahatlar apararaq Ermənistanı Qərbə inteqrasiya edəcəyini vəd etdi. Seçki kampaniyası bu vədlərə uyğun aparıldı. Nəhayət, 20 iyun tarixində xalq sandıq başına getdi və Paşinyan böyük əksəriyyətin səsini qazanaraq yenidən seçildi. İndi əsas sual budur: erməni xalqı mövcud seçki nəticələri ilə hansı mesajları verdi? Fikrimizcə, erməni xalqı aşağıdakı dörd mesajı verdi: Birincisi, erməni xalqının əksəriyyəti qonşusu Azərbaycanla müharibə istəmədikləri mesajını verdi. İkincisi, bölgəni bir-birinə vuran, qarışıqlıq yaradan erməni millətçiliyi yox, qonşuları ilə normallaşma mesajını verdi. Üçüncüsü, bundan sonra qonşularının torpaqlarına bir daha nəzər salmamaq mesajını verdi. Dördüncüsü, seçki prosesi dövründə Koçaryanı açıq şəkildə dəstəkləyən Rusiyadan uzaq durma mesajını verdi. Paşinyan erməni xalqının verdiyi mesaja uyğun hərəkət edərsə, bu, xalqının etibarına və rifahına xidmət edəcək. Erməni xalqı müharibə vəd edən Koçaryandan daha çox qonşusu, Qafqazın lideri Azərbaycanla dialoq və əməkdaşlıq vəd edən Paşinyanı üstün tutdu. O ki qaldı Paşinyana – ekspertlərdən birinin ifadə etdiyi kimi, "məxməri inqilabımızı poladla əvəzləyəcəyik" kimi sözlərdən imtina etsə, yaxşı olar.

Cəmiyyət blokada vəziyyətindən bezib

Seçkilər həm də onu göstərdi ki, erməni cəmiyyəti artıq Ermənistanın daim blokadada olmasından bezib. Seçkilərin nəticələri bir daha ölkə vətəndaşlarının əksəriyyətinin keçmişə deyil, Ermənistanın gələcəyinə səs verdiklərini göstərib. Bu, bir daha sübut etdi ki, Ermənistan Qafqazda sülhün, iqtisadiyyatın inkişafına, eləcə də Türkiyə, Azərbaycan və Gürcüstan ilə dostluq əlaqələrinin qurulmasına istiqamətlənməlidir. Ermənistanda vəziyyət gərginləşəcək, sabitliyin pozulması və digər qarşıdurmalar mümkündür, xüsusən də Azərbaycanla müharibədəki itki, iqtisadi böhran və pandemiya, vəziyyəti daha da dərinləşdirir. Levon Ter-Petrosyanın, Paşinyanın tərəfdarı kimi "Böyük Ermənistan - dənizdən dənizə" şüarının köhnəldiyini və Ermənistan dövlətinin sabitliyi üçün danışmağın vaxtı gəldiyini söyləməsi yaxşı hal idi. Sabitlik, ilk növbədə özgə torpaq və ərazilərinə iddiadan imtina etməkdir. Yekun olaraq qeyd etmək olar ki, Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallıq Ermənistan cəmiyyətini bir qədər də olsa ayıltmış oldu. Belə götürəndə, bu qələbə Paşinyanın siyasi çəkisinin ağırlığının deyil, köhnə korrupsioner bir rejimin yüngüllüyünün, erməni cəmiyyətinin bu qaniçən rejimdən bezməsinin bəhrəsidir. Ona görə, bunu, Paşinyanın məğlubiyyətə bərabər qələbəsi də adlandırmaq olar. Bu seçkilərlə həm də Qarabağsız "Qarabağ klanı” tarixin zibilliyinə atıldı. Düzdür, Ermənistan cəmiyyəti və seçiciləri hələ də mövcud reallığı dərk etməkdə çətinlik çəkirlər, lakin başqa çıxış yolları olmadığını da başa düşürlər. Çünki qutudan Paşinyanın deyil, Koçaryanın çıxması Ermənistan üçün vətəndaş müharibəsi, eləcə də yeni müharibə vəd edirdi. Fakt faktlığında qalır ki, Ermənistanda siyasi gərginlik qüvvədə olacaq. Hər şey onun regionda özünü necə aparacağından asılıdır. Bir sözlə, Ermənistanın böhrandan çıxış yolları barədə düşünməli olan yeni hakimiyyəti sülhə gəlməli və Azərbaycanın vəd etdiyi əməkdaşlıq platformasından yararlanmalıdır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər